"Paşinyan formatı dəyişməyə cəhd etdi və ciddi təpki aldı" ÖZƏL-ŞƏRH

"Paşinyan formatı dəyişməyə cəhd etdi və ciddi təpki aldı" ÖZƏL-ŞƏRH

“Vyanada baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə Ermənistanın yeni hakimiyyətinin necə yanaşması haqqında təsəvvürlərə aydınlıq gələ bilər. Təbii ki, Nikol Paşinyan hökumətinin münaqişə vəziyyətində necə davranacağını bilmədiyi göz önündədir. Ən təhlükəli məqam həm də ondan ibarətdir ki, N. Paşinyan münaqişə vəziyyətindən özünün hakimiyyət maraqları üçün istifadə etməyə çalışır. O, elektoral dairəsinin sürətlə daralacağından narahatdır. Çünki, ölkədə sosial-iqtisadi vəziyyətin düzəldilməsi istiqamətində ən azından atacağı addımlarla bağlı konket plana malik deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, hökumətin 5 illik fəaliyyət proqramında yer alan məqamlar da Ermənistanın gələcəyinin yaxşılaşağı haqqında düşünməyə əsas vermir: “Bu baxımdan, onun əlində yeganə “silah” münaqişə vəziyyətidir. Bütün hallarda status-kvo vəziyyətinin saxlanılmasına çalışır. Çünki, münaqişə vəziyyəti ətrafında yeni yaranan reallıqlar heç Ermənistanın xeyrinə deyil. Belə ki, N. Paşinyan danışıqlar formatını dəyişməyə cəhd etsə də buna qarşı ciddi təpki aldı. Bu təpki beynəlxalq xarakterli oldu. Yəni, öncə Avropa İttifaqının rəsmiləri, sonra isə ATƏT-in MQ danışıqların formatının dəyişdirilməsinin müzakirə mövzusu olmadığını qəti şəkildə bildirdilər. Bu, N. Paşinyan hakimiyyəti üçün “soyuq duş” effekti verdi. N. Paşinyan qondarma “DQR” rejiminin danışıqlara ayrıca tərəf kimi qatılmasına nail olmaqla özünə olduqca ciddi siyasi divident qazanmağa ümid edirdi. Lakin bu baş vermədi və N. Paşinyan ilk böyük fiaskoya uğradı. Daha bir vacib faktı da unutmaq olmaz.

15 mart ABŞ Dövlət Departamentinin “Dünya ölkələrində insan hüquqları haqqında” illik hesabatında açıq mətnlə qeyd olundu ki, separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonu nəzarətdə saxlamağa davam edirlər. Hesab edirəm ki, ATƏT MQ-nin həmsədr ölkəsi kimi ABŞ bu mövqeyi olduqca əhəmiyyətlidir. Çünki, sənəddə Ermənistanın işğalçılıq siyasəti və separatizmi dəstəkləməsi etiraf olunur. Təbii ki, bütün həm də ona dəlalət edir ki, münaqişə vəziyyətində Azərbaycanın haqlı mövqeləri artıq davamlı olaraq beynəlxalq dəstək alır. N. Paşinyan üçün belə bir reallıq sözün əsl mənasında “ölüm-qalım” sınağıdır. Çünki, münaqişə vəziyyəti ilə bağlı o, ən azından sələfləri kimi davranmasa qaçılmaz şəkildə hakimiyyətdən devriləcəkdir. Yeni reallıq isə, onun sələfləri kimi davranaraq, “status-kvo” vəziyyətini saxlamaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu baxımdan, həm N. Paşinyan, həm Ermənistanın XİN rəhbəri Z. Mnatsakanyan ziddiyyətli bəyanatlar verməkdə davam edirlər. Bir faktı da unutmaq olmaz ki, N. Paşinyan olduqca qeyri-peşəkar “siyasətçidir”. Onun özü etiraf etmişdir ki, münaqişə vəziyyəti ilə bağlı çox zəif təsəvvürlərə malikdir və onun hakimiyyətinə gəlişinə qədər aparılmış danışıqların detallarından xəbəri yoxdur. Əslində, Ermənistanın ictimai-siyasi həyatında “fəallıq” göstərmiş bir şəxsin münaqişənin tənzimlənməsi prosesi haqqında əhatəli təsəvvürlərə malik olması gərəkdir. Görünür N. Paşinyan əsasən şəxsi və onu dəstəkləyən kənar güclərin maraqlarına xidmət etməklə məşğul olmuşdur. Bu baxımdan, hesab edirəm ki, Vyana görüşündə N. Paşinyan ziddiyyətli mövqelərini ortaya qoymağa çalışmaqla, konstruktiv irəliləyişə mane olmağa çalışacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə