Paşinyan həm hürür, həm də quyruq bulayır

Paşinyan həm hürür, həm də quyruq bulayır

Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir

Məlum olduğu kimi, Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Xankəndidə keçirməyi planlaşdırır. Bu isə bir daha Nikol Paşinyanın sərsəm düşüncə tərzinin məhsuludur desək, doğru olar. Politoloqların sözlərinə görə, Paşinyan sərsəm bəyanatlarla çıxış etməklə, elə zənn edir ki, bu yolla danışıqlar formatını dəyişdirə bilər, ancaq heç bir şeyə nail ola bilməyib və bilməsə də, ancaq quyruq bulayır.
Sözügedən məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bunu təxribat adlandırıb: "Bu açıq-aşkar təxribatdır. Birincisi, Azərbaycan XİN başqa dövlətin Təhlükəsizlik Şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməli, ikincisi isə, bu təxribata görə, birbaşa həmsədrlərdən izahat tələb etməlidir. Paşinyan Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Xankəndidə ona görə çağırır ki, müxalifətə - Qarabağ klanına, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan
etsin".

Erməni elitası təşvişdə: bəyanat İrəvanı qarışdırdı

"Tert.am"-ın məlumatına görə, bu qərar Ermənistan ictimaiyyəti arasında çaşqınlığa səbəb olub. Nəşr yazır ki, Ermənistanın Təhlükəsizlik Şurasının iclasının Qarabağda keçirilməsinin, rəsmi olaraq, səbəbi açıqlanmasa da, aydındır ki, bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı ilə bağlıdır.
Saytın məlumatına görə, sözügedən bəyanatla bağlı Ermənistan parlamentində təmsil olunan hər üç partiyanın nümayəndələri brifinq keçiriblər. "Mənim Addımım" blokundan olan deputat Vladimir Vardanyan bəyanatın Minsk Qrupunun mövqeyini əks etdirdiyini deyib: "Ermənistan baş nazirinin bu məsələ ilə bağlı mövqeyi bəllidir. Qarabağ konfliktinin həll edilməsinin əsasında İrəvan, Xankəndi və Bakı üçün qəbul oluna bilən qərar dayanmalıdır".
Deputat V.Vardanyan bu bəyanatın "Qarabağ xalqı"nın öz müqəddəratını müəyyənetmə prinsipini reallaşdırılmasına mane olmadığını deyib. Üstəlik, deputat İrəvan və Qarabağın müəyyən məsələlərdə fərqli yanaşmalara sahib olacağını bildirib.
"İşıqlı Ermənistan" Partiyasının rəhbəri Edmon Marukyan isə Minsk Qrupunun bəyanatından narahat olduğunu, amma belə bir bəyanatın ilk dəfə səsləndirilmədiyini deyib. O, hökumətin Dağlıq Qarabağın "danışıqlar masasına qaytarılması" ideyasını dəstəklədiyini bildirib. Marukyan Qarabağda keçirilən 1991-ci il "referendumu"nun nəticələrini görməzdən gəlməyin qəbuledilməz olduğunu deyib.
"Çiçəklənən Ermənistan" Partiyası da ATƏT-in Minsk Qrupunun bəyanatından narahat olduğunu bəyan edib. Partiyanın deputatı İveta Tonoyan Qarabağ konfliktinin yeganə həll yolunun qondarma rejimin müstəqilliyinin tanınmasından ibarət olduğunu bildirib. O, ATƏT-in Minsk Qrupunun bəyanatında yer alan məqamların "Çiçəklənən Ermənistan" üçün qəbuledilməz olduğunu söyləyib.

Prezident İlham Əliyev diplomatiyası Paşinyanın Qarabağ siyasətini məhv etdi

Bu, reallıqdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdikləri bəyanat Ermənistanın indiki hakimiyyətinin bir ilə yaxındır danışıqlar prosesinin formatına dair irəli sürdüyü tezisləri alt-üst edir. Belə ki, həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan, formata dəyişikliklər tələb etməkdən, o cümlədən, aktiv hərbi əməliyyatları bərpa etmək çağırışlarından çəkinməyə çağırır. Ermənistana açıq şəkildə bildirilir ki, erməni baş nazirin tez-tez gündəmə gətirdiyi format dəyişikliyi məsələsi heç müzakirə mövzusu belə ola bilməz. Bəyanatda aydın şəkildə vurğulanır ki, digər tərəfin razılığı olmadan, format məsələsi müzakirə belə edilə bilməz.
Sözsüz ki, ATƏT-in Minsk Qrupunun belə bir bəyanatla çıxışı Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı, bir daha vurğulayıb ki, Azərbaycanın razılığı olmadan, format məsələsi müzakirə edilə bilməz. Həmçinin, bəyanatda, konkret olaraq vurğulanır ki, gələcək danışıqların əsas mövzularından birini də işğal altındakı torpaqların azad edilməsini təşkil edəcək. Bu tələbi, haqlı olaraq, daima Azərbaycan irəli sürüb.
Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən, ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırıb və bildirib ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Politolorqların sözlərinə görə, hələ ki, Ermənistanın həmsədrlərin son bəyanatına rəsmi mövqeyi də açıqlanmayıb. Hazırkı situasiyada Ermənistan iki yoldan birini seçməlidir. Ya həmsədrlərin təklif etdikləri cədvəl üzrə danışıqlara qatılmalı, ya da ondan imtina etməlidir. Ermənistanın hansı qərarı verəcəyindən asılı olmayaraq, yaranmış real vəziyyəti Azərbaycan diplomatiyasının parlaq qələbəsi saymaq olar.

Aydın Quliyev: "Prezident İlham Əliyev Minsk Qrupu həmsədrlərinin son bəyanatına nail olmaqla, münaqişənin sülh yolu ilə həlli prosesində yeni mərhələ açdı"

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona son səfərdən sonra yaydıqları birgə bəyanat hərb meydanında Azərbaycanın 2016-cı ilin aprel qələbəsi qədər effekt verən diplomatik hadisə kimi qiymətləndirilməlidir". Bu fikri "Bakı-xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib. A.Quliyev, onu da vurğulayıb ki, həmsədrlərin Bakıda Prezident İlham Əliyevlə görüşdən sonra aldıqları birmənalı mesajlar hadisələrin belə cərəyan etməsində həlledici rol oynadı: "Avropa təşkilatlarında və regionumuzda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisənin ardıcıl müşahidə olunması Ermənistanın bütün manevr imkanlarını heçə endirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldən tamamilə əliboş qayıtması, maliyyə yardımı ala bilməməsi, danışıqlar formatını dəyişməyə Avropa rəsmilərindən heç bir dəstək ala bilməməsinin ardınca həmsədrlərin bəyanatı ortaya çıxdı və əvvəlki hadisələri tamamladı. Paşinyanın ötən ilin mayından apardığı Qarabağ formatını dəyişmək avantürası, gözlənildiyi kimi, tam fiaskoya uğradı. Hətta Ermənistan müxalifəti bu bəyanatın, məzmun etibarilə, Paşinyana şillə zərbəsi olduğunu bildirdi. Artıq realdır ki, Paşinyan hökuməti üçün bundan sonra format dəyişikliyi ətrafında yayındırıcı və pozucu ritorika qurmaq asan və rahat olmayacaq. Hətta mümkündür ki, Paşinyan bu avantüraya bir daha qayıtmasın. Qayıtsa belə, bu dəfə tək Azərbaycanla yox, həm də Avropanın ali komissarları və Minsk Qrupunun həmsədrləri ilə üz-üzə qalmalı olacaq".
Onun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı həm də o baxımdan çox əhəmiyyətlidir ki, bundan sonra danışıqlarda yarana biləcək hər hansı fasilə və ya digər neqativ təzahürlərə görə hansı tərəfin konkret məsuliyyət daşıdığını bəyan etməyə aydın şərait yarandı: "Bu mənada, həmsədrlərin son bəyanatı danışıqlar prosesini Ermənistanın təxribatçı və pozucu fəaliyyət elementlərindən tam təmizlədi. Bəyanatın arxasındakı əhəmiyyətli nüanslardan biri həmsədrlərin Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra aldıqları mesajları aydın və qəti nümayiş etdirmələri oldu. Çünki Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatlarının pozucu rol oynadığını son xəbərdarlıq effekti ilə söyləmişdi. Həmsədrlərin bu qəti xəbərdarlıqdan lazımi nəticəni çıxardıqları göz qabağındadır".
Ekspert onu da bildirib ki, ilk vaxtlarda status-kvonun dəyişməsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində nə qədər əhəmiyyətli olduğuna dünyada heç də bütün qüvvələr etimadla yanaşmırdı: "Ancaq Prezident İlham Əliyevin ardıcıl diplomatik səyləri nəticəsində, beynəlxalq müstəvidə status-kvonun prioritetliyi və müstəsna əhəmiyyəti, birmənalı olaraq təsdiqləndi. Bu gün Ermənistandan başqa, dünyanın bütün diplomatik siyasi dairələri status-kvonun dəyişilməli olduğunu deyir. Azərbaycan diplomatiyası danışıqlar formatının dəyişdirilməsinin mümkünsüz olduğunu da bu cür qəbul etdirə bildi. Minsk Qrupunun həmsədrlərinin son bəyanatına nail olmaqla, əslində, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində yeni mərhələ açdı".

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə