"Ermənistanın Təhlükəsizlik Şurasının Xankəndində toplanması açıq-aşkar təxribatdan xəbər verir. Ümumiyyətlə ilk dəfə deyil ki, bu kimi təxribatlar həyata keçirilir. Əslində bu, bir daha Paşinyanın əsil simasını göstərir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.
Onun sözlərinə görə, Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra özünü “demokrat”, beynəlxalq sazişlərə, qaydalara sadiq olan bir adam kimi nümayiş etdirmək istəsə də, onun hələ ilk günlərdə verdiyi bəyanatlar və atdığı addımlar göstərdi ki, Paşinyan kifayət qədər sərsəm olmaqla yanaşı, eyni zamanda da provokasiyon addımlar atmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əngəllər törətməkdə davam edir: "O, "status-kvo"nun saxlanılması üçün əlindən gələni edir. Paşinyanın bütün addımları onu göstərir ki, Azərbaycan rəhbərliyinin, diplomatlarının bunun etdiyi hərəkətlərə qarşı elə bir sərt hərəkət etsinlər ki, bundan sonra həmişəki kimi erməni demaqoqiyasını, dünyadakı erməni lobbisini, tərəfdarlarını, havadarlarını işə salmaqla göstərsinlər ki, guya, rəsmi Bakı Ermənistanla Azərbaycan arasında olan dialoqu pozur və bu istiqamətdə işləmək istəmir. Yəni reallıqda bu provokasiyadır. Onlar istəsəydilər həmin tədbiri Ermənistanda da həyata keçirə bilərdilər və s. Bu sadəcə olaraq görüntüdür, provokasiyadır və Azərbaycanı qeyri-adekvat addımlar atmağa sövq etməkdir.
Artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatı da təbii olaraq erməniləri silkələyib. Onlar başa düşürlər ki, artıq bütün dünya birliyində erməni maraqları və ermənilərin pozucu fəaliyyəti üzə çıxıb. Hətta bunu onların himayədarları belə gizlədə bilmirlər. Ona görə də yeni düşünülmüş provokasiyalara əl atılır və təbii ki, Paşinyan da bunun önündədir. Hesab edirəm ki, bu provokasiya kluminasiya nöqtəsinə çatır. Yəqin ki Azərbaycan diplomatiyası yaxın günlərdə, bəlkə də yaxın saatlarda bununla bağlı müvafiq qurumlara, beynəlxalq təşkilatlara, o cümlədən Minsk Qrupunun həmsədrlərinə öz mövqeyini çatdıracaq və təkliflərini də verəcək. Belə davam edərsə, düşünürəm ki, yaxın aylarda, həftələrdə Ermənistan rəhbərliyi, Paşinyan hökuməti real olaraq substantiv danışıqlara qoşulmasa və bu danışıqlardan irəli gələn müddəaları yerinə yetirməyə başlamasa, yəqin ki Azərbaycan öz gücü ilə Ermənistanı sülhə məcbur edə bilər. Bildiyiniz kimi, həmsədrlər bir neçə gün bundan əvvəl xalqları müəyyən bir sərt çağırışlardan kənar olmağa çağırmışdı. Düşünürəm ki, ermənilər bu addımla məhz Azərbaycanı bu istiqamətdə provokasiyaya çəkir. Yəni təbii olaraq buna mövqe bildirmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB