Bakı şəhər prokurorluğu: “2010-cu ildə Bakıda 1 qəsdən adamöldurmə, 34 quldurluq cinayəti və 11 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü açılmayıb”

Bakı şəhər prokurorluğu: “2010-cu ildə Bakıda 1 qəsdən adamöldurmə, 34 quldurluq cinayəti və 11 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü açılmayıb”

Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2010-cu ildə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Baş prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlətçilik siyasətinin ictimai-siyasi sabitliyin dayanıqlı olmasında, kriminogen durumun sabitləşməsində rolunu diqqətə çatdırıb. O qeyd edib ki, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra səmərəli tədbirlər həyata keçirməklə müəyyən nəticələr əldə edilib.

 

Bildirilib ki, hesabat dövründə 10 min 612 cinayət hadisəsi qeydə alınıb, onların 79 faizinin üstü açılmışdır. Uzun müddət bağlı qalan 5 qəsdən adamöldürmə, çoxsaylı quldurluq hadisələri törətmiş şəxslərin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və psixotrop maddələrin dövriyyədən çıxarılması hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib. Şəhərin prokurorluq orqanları tərəfindən ibtidai araşdırmaya tələbkar prosessual rəhbərlik bu sahədə qanunvericiliyə ciddi əməl olunması, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarətin gücləndirilməsi sayəsində il ərzində prokurorluqda 523, daxili işlər orqanlarında isə 4099 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.

 

Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri araşdırılıb, həmin cinayətləri törətmiş şəxslər ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar. Belə ki, hesabat ilində 2007-ci ildən bağlı qalmış Xanoğlan Cəfərovun, 2008-ci ildən bağlı qalmış Oruc Nəcəfovun, 2009-cu ildən bağlı qalmış Yaşar Alışanovun, Rauf Həsənovun qətlə yetirmələri faktlarına görə cinayət işləri başlanılıb. Aparılmış məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması təmin edilib, təkzibedilməz sübutlarla təqsirkar şəxslər ifşa olunaraq məhkəmə məsuliyyətinə cəlb olunublar. Müşavirədə qeyd edilib ki, hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı nöqsanlar da mövcuddur.

 

2010-cu ildə baş vermiş bir qəsdən adamöldurmə, 34 quldurluq cinayətlərinin və 11 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir. Əziz Seyidov qəsdən adamöldürmə və digər ağır cinayət işlərindən danışarkən onların açılması, sübutların aşkar edilərək götürülməsi, təxirəsalınmaz istintaq hərəkətlərinin, eləcə də istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin düzgün qurulması, kriminalistikanın müasir texniki üsul və vasitələrindən səmərəli istifadə olunması baxımından Baş Prokurorluq tərəfindən verilmiş "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kriminalistika xidmətinin daha da təkmilləşdirilməsi və bu sahədə bəzi struktur dəyişiklikləri aparılması haqqında" 2010-cu il 18 noyabr tarixli əmrin əhəmiyyətini xüsusi vurğulayıb.

 

Əməliyyat müşavirəsində istintaq və təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar və qanun pozuntuları konkret misallarla təhlil edilərək onların aradan qaldırılması tələb edilib. Ötən il vətəndaşların qəbuluna, onların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilib və bu sahədə işin daha da səmərəli təşkil edilməsi prokurorluq orqanları əməkdaşlarından tələb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə