Naxçıvan Muxtar Respublikası: inkişafı ilə bədxahları narahat edən möcüzə
Heç kəsə sirr deyil ki, bu gün ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası, bütün sahələrdə, sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Həyata keçirilən, digər mühüm tədbirlər nəticəsində, muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artımı təmin edilib və dinamik inkişaf qorunub-saxlanıb. Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, özəl sektorun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin, elm, təhsil, mədəniyyət, turizm sektorlarının inkişafı istiqamətində çoxsaylı layihələr icra edilib. Bütün bunlarla yanaşı, əhalinin güzəranı daha da yaxşılaşıb və işsizlik əhəmiyyətli dərəcədə azaldılıb.

Naxçıvandakı inkişaf tendensiyası muxtar respublikanın demoqrafiq vəziyyətində də özünü büruzə verir. Hazırda Naxçıvanın əhalisinin sayı yarım milyon nəfərə çatıb, eyni zamanda, əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini də aşağı salıb. Eləcə də, muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq, hər il ixracın həcmi idxalı üstələyir, xarici ticarət əlaqələri genişlənir. Məsələn, bu gün Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır. Bütün bunlarla yanaşı, muxtar respublikada bütün infrastruk layihələri uğurlu bir şəkildə reallaşdırılıb. Yol, su, qaz, elektrik infrastrukturu, sosial xidmət obyektləri tamamilə müasir standartlar səviyyəsində qurulub. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında deyib ki, “Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində, muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir”.
Məhz bu kontekstdə o da bildirilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” 2017-ci ildə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq, liderliyə yüksəlib.
Bir sözlə, Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir və bütün bunların başlıca səbəbi Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Lakin çox təəssüflər olsun ki, son günlər ərzində, Naxçıvanın inkişafından narahat olan bəzi qüvvələr qarayaxma kampaniyasına başlayıblar.
Əlbəttə ki, bu gün baş verənlər mənə bu gün adları bəlli olan bədxahlar tərəfindən Naxçıvan Muxtar Respublikasının hüquqi statusuna, mövcudluğuna, hərtərəfli inkişafına, Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə edilən hücumlar 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevin Naxçıvanı bəlalardan qorumaq üçün Ona qarşı təşkil olunan təxribatları xatırladır. Məhz həmin dövrdə də Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvanı real təhdidlərdən və təhlükələrdən xilas etmək üçün tədbirlər gördüyü zamanlarda o zamankı AXC-Müsavat hakimiyyəti silahlı dəstələrlə hücumlar edirdilər. Məqsədləri isə Naxçıvanın dirçəlişinə mane olmaq idi. Bu gün isə kimlərinsə maraqlarına xidmət edən Qüdrət Həsənquliyev kimi bəzi missionerlər tərəfindən reallaşdırılan hücumlar silahsız olsa da, məqsəd və təhdid baxımdan daha təhlükəli xarakter daşıyır. Bugünkü bədxahlar Naxçıvana və Azərbaycana qarşı Ulu Öndər Heydər Əliyevin miras qoyduğu dəyərlərə kölgə salmaq məqsədilə müxtəlif yalanlar uydurmaqla məşğuldurlar.

Ölkəmizin geosiyasi vəziyyətini, qanunvericiliyini bilmədən, təhlil etmədən blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hərtərəfli və dayanıqlı inkişafına ləkə vurmağa çalışanlar bu mövqeləri və fikirləri ilə Azərbaycan hakimiyyətinə qarşı ölkə daxilində və xaricdə təhqir kampaniyası təşkil edənlərdən heç də fərqlənmirlər. Naxçıvanın statusuna və rəhbərliyinə qarşı əsassız iddialar irəli sürmək, ittiham etmək, “cəlbedici təkliflərlə” muxtar respublikanı düşmənlərimizin açıq hədəfinə çevirmək yalnız “sapı özümüzdən olan baltaların"” işi ola bilərdi.
Unitar quruluşlu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixi statusu hər zaman düşmənlərimizi, xüsusilə də, erməniləri ciddi narahat edib və fürsət düşdükcə də müxtəlif kanallar vasitəsilə hücumlarını həyata keçiriblər. Uzun müddət qanunvericilik orqanında təmsil olunan, partiya sədri kimi siyasətdə olan birinin məsuliyyətsiz fikirlər səsləndirib. Naxçıvanla bağlı ictimai rəyi çaşdırmaq cəhdləri, eləcə də, Naxçıvan Muxtar Respublikasının hüquqi statusuna, mövcudluğuna, hərtərəfli inkişafına, Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə edilən hücumlar ermənilərin təxribatları ilə sinxronluq təşkil etdiyindən, sual ortaya çıxır ki, daxili bədxahlarımız da düşmənlərimizin çörəyinə yağ sürtənlərdəndirlərmi? Əlbəttə, tənqid olmalıdır. Amma bu tənqid təhqirə və milli təhlükəsizliyə təhdidə çevrilməməlidir.
Naxçıvanın timsalında Azərbaycanın dövlət quruluşuna, milli təhlükəsizliyinə hücum edənlər anlamalıdırlar ki, Vətənimizin ayrılmaz bir parçası olan, intibah dövrünü yaşayan möcüzələr diyarı Naxçıvanın əhalisi gələcəyə böyük inamla baxır və Cənab Prezident İlham Əliyevi və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu perspektiv müvəffəqiyyətlərin zəmanəti kimi görür. Bədxahların məsuliyyətsiz fikirləri və təxribat cəhdləri, hər zaman olduğu kimi, bundan sonra da nəticəsiz qalacaq.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB