"Xocalını işğaldan azad etməyənə qədər bu yürüş davam edəcək" ÖZƏL-ŞƏRH

"Xocalını işğaldan azad etməyənə qədər bu yürüş davam edəcək" ÖZƏL-ŞƏRH

“Xocalı soyqırımının anım günü Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib. Xocalı soyqırımı ilə bağlı təşkil olunan yürüş əslində bütün dünyaya bir mesaj verir ki, Azərbaycan xalqı bu faciəni unutmadı, unutmayacaq və unutdurmayacaqdır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandanmız başda olmaqla on minlərlə Azərbaycan vətəndaşının Xocalı soyqırımı abidəsini ziyarət etməsi bir də ondan xəbər verir ki, biz Xocalıya qayıtmayana qədər, Xocalıya ədaləti bərpa etməyənə qədər, məhz Xocalı şəhərini işğaldan azad etməyənə qədər bu yürüş davam edəcəkdir: “Bilirsiniz ki, bu istiqamətdə çoxşaxəli fəaliyyət göstərilir. Diplomatik kanallarla, qeyri-hökumət təşkilatları və Heydər Əliyev Fondu vasitəsilə çox böyük işlər görülür ki, bu Xocalı soyqırımı dünya tərəfindən tanınsın. Nəticə olaraq bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bir neçə beynəlxalq təşkilat, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalını soyqırım kimi tanıyıb. Bütün bunlar istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmasında, istərsə də Xocalı soyqırımının dünyaya çatdırılmasında atılan böyük işlər və addımlardır.

Bu gün Azərbaycan vətəndaşlarının hər biri 27 il bundan əvvəl olmuş bu hadisəni həmin emosiya ilə yaşayır. Bu yara soyumayıb, bu yara qaysaq bağlamayıb. Ona görə ki, bu bizim ümummilli yaramızdır. Eyni zamanda buna paralel olaraq Xocalıya ədalətin bərpa olunması üçün bu cinayəti törədənlərlə və hüquqi prosedurun başladılması ilə bağlı Azərbaycan çox böyük işlər görüb. Bilirsiniz ki, cinayətdə əli olan, soyqırımı törədən 39 nəfərin adı müəyyənləşdirilərək ilkin istintaq materialları yekunlaşdırılaraq interpola təqdim edilib. Doğrudur, bu gün müxtəlif səbəblərdən, dünyada olan ikili standartlar siyasəti ucbatından biz hələ buna nail ola bilməmişik. Amma Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək iradə, əzm və bu hadisəni unutmaması bizə ümid yaradır ki, nəhayət dünyanın qulağı bu hadisəni eşidəcəkdir, dünya bunu görəcək və qiymət verəcəkdir. Azərbaycan xalqının, Azərbaycan Ali Baş Komandanının məqsədi ondan ibarətdir ki, biz məhz torpaqlarımızı azad edək və Xocalını bir şəhər kimi yenidən bərpa edək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə