Azay Quliyev Çin səfiri ilə görüşüb

Azay Quliyev Çin səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zan Yannianla görüşüb.

Şuradan SİA-ya verilən xəbərə görə, səfir Zan Yannian Çin Xalq Respublikasında ictimai sektorun inkişaf tarixi və perspektivləri haqqında məlumat verərək bildirdi ki, onun ölkəsində rəsmi qeydiyyatdan keçmiş 260000 QHT fəaliyyət göstərir. Azərbaycanda QHT qanunvericiliyi, QHT-hökumət münasibətlərinin tənzimlənməsi və QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsilə bağlı bir sıra məsələlər haqqında məlumatların onun üçün əhəmiyyətli olduğunu bildirən səfir Z.Yannian bu yöndə Şura sədrilə fikir mübadiləsi aparılmasının vacibliyini vurğuladı.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı dövlət siyasətinin prioritetləri barədə danışan Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını bir neçə mərhələdən ibarət böyük bir prosesin nəticəsi kimi qiymətləndirdi. A.Quliyev ölkədə QHT qanunvericiliyi paketinin formalaşdırıldığını, son illər QHT-lərin büdcədən maliyyələşdirilməsi nəticəsində ictimai fəaliyyətdə mühüm irəliləyişlərin olduğunu qonağın diqqətinə çatdırdı. A.Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik korpusun təmsilçilərilə əməkdaşlıq əlaqələrini də yüksək qiymətləndirdi.

Səfir Z.Yannian QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq üçün dialoqun davam etdirilməsini faydalı saydığını bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə