"Ölkəmizdə həm islahatlar aparılır, həm də işçilərin sosial rifahı qorunur" AÇIQLAMA-ÖZƏL
“Azərbaycanda islahatlar prosesində ləğv olunmuş və ya hüquqi statusu dəyişdirilmiş qurumların işlə təmin olunması bir neçə istiqamətdə cari və strateji əhəmiyyəti olan sosial hadisə kimi dəyərləndirilə bilər. Prezidentin kənd təsərrüfatı sektoruna aid mühüm institutun açılışında ləğv edilmiş qurumun işçilərinin işsiz qalmayacağı barədə bəyanatı və Birinci vitse-prezident Mehriban Əliyevanın “Azərenerji” ASC-yə göstəriş verməsi islahatlar prosesi üçün çox təsirli rol oynayan faktlardır”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, bir sıra başqa ölkələrdə islahatlar iş yerlərinin ixtisarı, işsizliyin artımı, sosial gərginlik kimi xoşagəlməz təzahürlərlə müşayiət olunduğu halda, Azərbaycanda tam fərqli mənzərə görürük: “Belə ki, həm islahat gedir, həm də “islahatın günahsız qurbanları” deyilən və bir çox başqa ölkələrdə rast gəlinən neqativ sosial hadisələrdən tam yan keçə bilirik. Bu gün islahatlara cəmiyyətimizin hamılıqla dəstək verməsi əsas hədəflərimizdən biridir”.
A.Quliyev söyləyib ki, əgər islahatlar insanların bir hissəsinin işsiz qalmasına səbəb olsa islahatın böyük effekti olmayacaq: “Bu gün insanlarımızın islahat prosesinə dərin etimad göstərməsi onun uğurunu təmin edən həlledici faktordur. Prezidentin islahatları aparmaqla yanaşı ixtisarlara əks mövqe tutması o deməkdir ki, ölkə rəhbəri islahatlar konsepsiyasına tam bələddir, onun bütün detallarını bilir və islahatların bütöv şəkildə həyata keçirilməsində maraqlı və qərarlıdır”.
Ekspert vurğulayıb ki, islahatların iş yerlərinin qorunub saxlanması prinsipi ilə aparılması onun təkcə siyasi-iqtisadi proses yox, həm də humanitar və sosial hadisə olduğunu sübut edir: “Yəni həm islahat aparılır, həm də işçilərin sosial rifahı və ədalət prinsipi yüksək səviyyədə qorunur. Bu Azərbaycan dövlətinin konstitusion və praktik mahiyyətinə tam uyğundur. Təhlillər göstərir ki, cənab Prezident və Birinci vitse-prezident islahatların strateji mənada uğurunu təmin etmək üçün özlərindən asılı olan hər şeyi edirlər. Yəqin ki, islahatlarda məmur məsuliyyətinin artırılması üçün də lazımı addımlar mütləq atılacaq və cənab Prezidentin bu istiqamətdə gərəkli göstərişlər verəcəyini gözləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB