"Büstü qoyulan erməni təkcə Azərbaycanın deyil, Gürcüstanın da düşmənidir" AÇIQLAMA-ÖZƏL-SƏS TV
“Gürcüstanın ermənilərin məskunlaşdığı Axalkalaki bölgəsində Dağlıq Qarabağ müharibəsinin iştirakçısı, erməni hərbi canilərindən olan Mixail Avaqyanın büstünün açılışını pisləyir və baş verənlərə görə təəssüfümü bildirirəm”. Bunu SİA-ya açıqlamasında Gürcüstanın Gənc Diplomatlar Assosiasiyasının sədri Zurab Qventsacdze deyib.
O bildirib ki, büstün qoyulmasında məsuliyyətini Axalkalakinin meri daşıyır: “O ki qaldı Gürcüstanın Xarici İşlər Nazirliyinin, baş nazirin və digər rəsmilərin bu barədə rəsmi mövqeyinə, düşünmürəm ki, onların kiçik bir kənddə hər hansı büstün açılışından xəbərləri olsun. Əminəm ki, məsələyə Gürcüstanın XİN-i və diplomatlar aydınlıq gətirəcəklər”.
Büstün ermənilərin yaşadığı ərazidə qoyulduğunu deyən Assosiasiya sədri söyləyib ki, baş verənlər Azərbaycan və Gürcüstan münasibətlərinə ziyan vura bilməz: “Çünki bu münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub. Azərbaycan Gürcüstanın ən yaxın tərəfdaşı, qardaş ölkələrindən biridir. Azərbaycan Gürcüstana 4 milyarddan çox investisiya qoyub. İki ölkə tərəfindən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi mühüm beynəlxalq layihələr həyata keçirilib. 2008-ci ildə Gürcüstanda müharibə zamanı Azərbaycan ölkəmizi neftlə təmin edib. Hava limanları bağlı olan zaman Avropa liderləri ölkəmizə gəlmək üçün Azərbaycanın hava limanından istifadə ediblər. Bütün bunlar iki ölkə arasında sıx münasibətlərin olduğunu göstərir və bunu heç kim poza bilməz”.
Z.Qventsacdze qeyd edib ki, Axalkalakidə məskunlaşan ermənilərin büst qoymaq niyyətinin arxasında iki ölkə arasında münasibətlərə xələl gətirmək dayanır: “Amma onlar məqsədlərinə nail ola bilməyəcəklər. Büstü qoyulan şəxs təkcə Qarabağda azərbaycanlılara qarşı deyil, eyni zamanda Abxaziyada gürcülərə qarşı döyüşüb. O təkcə Azərbaycanın deyil, Gürcüstanın da düşmənidir. Bir neçə şəxsin təşəbbüsü millət arasında münaqişə yarada bilməz. Orada iştirak edənlər Gürcüstan vətəndaşları olsalar da, erməni əsillidirlər. Gürcüstan xalqı bu əməli dəstəkləmir, Azərbaycanı sevir, ən çətin zamanda ölkəmizə edilən yaxşılıqları unutmur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB