Azərbaycan Davos İqtisadi Forumunda: yeni əməkdaşlıq və yeni investisiyaların axını

Azərbaycan Davos İqtisadi Forumunda: yeni əməkdaşlıq və yeni investisiyaların axını

Davos şəhərində hər il bu vaxt keçirilən Dünya İqtisadi Forumu dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərinin bir araya gəldiyi bir məkandır. Bu məkanda müxtəlif beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin, iri və məşhur şirkət və bank nümayəndələrinin, siyasi elita təmsilçilərinin bir araya gəlmələri baxımından çox əhəmiyyətlidir. Məhz bu baxımdan, Davos toplantısının analoqu yoxdur. Azərbaycanın hər il bu forumda iştirak etməsi, bir daha onu sübut edir ki, ölkəmiz böyük siyasi və iqtisadi nüfuza malikdir. Bunun əsas səbəbi isə, ölkə Prezidenti İlham Əliyevin apardığı alternativsiz uğurlu siyasətinin nəticəsidir. Bu gün Azərbaycan bütün aparacı iqtisadi ölkələrə və dövlətlərə kifayət qədər güclü olduğunu sübut edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycan artıq Davos İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib: "Prezident İlham Əliyevin, həmişə olduğu kimi, bu il də iri şirkət rəhbərləri ilə görüşləri həm onların Azərbaycana investisiya qoymasına, həm də Azərbaycanın əhəmiyyətli layihələrə investisiya qoyuluşu, yeni texnologiyaların əldə edilməsi və digər mühüm məsələlər barədə müzakirələr aparmağa imkan verir. Həmçinin, forum çərçivəsində Azərbaycana dost olan ölkələrin rəhbərləri ilə görüşü ikitərəfli münasibətləri möhkəmləndirməyə imkan verir".
A.Mirzəzadənin sözlərinə görə, Davos İqtisadi Forumunda iştirak həm Azərbaycanın, həm də dünya həyatında çox önəmli bir hadisədir: "Hesab edirəm ki, bundan sonra da Azərbaycan Davos Forumu kimi bir çox tədbirlərdə iştirak etməklə yaxşı münasibətlər qurmağa, dünya və Azərbaycan qarşısında duran problemlərin həllinə öz töhfəsini verməyə imkan yaradacaq".

Sərmayə yatırmağın münbit məkanı - Azərbaycan

Dünya İqtisadi Forumunda onlarla nüfuzlu şirkət rəhbərlərinin Prezident İlham Əliyevlə keçirilən görüşlərdə bir daha vurğulanıb ki, hər il bu vaxt keçirilən Dünya İqtisadi Forumu dünya iqtisadiyyatının aparıcı ölkələrinin liderlərinin bir araya gəlməsi, o cümlədən, müxtəlif beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin, iri və məşhur şirkət və bank nümayəndələrinin, siyasi elita təmsilçilərinin bir məkana toplaşmağı baxımından çox əhəmiyyətlidir. Bu real faktordur ki, bu gün Azərbaycan bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibi olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə paytaxtdır. Həmçinin, zəngin neft ölkəsi olmaqla, eyni zamanda, qeyri-enerji sektorunu inkişaf etdirir. Məhz bu amillərə əsaslanaraq, demək lazımdır ki, bu gün ölkəmizə böyük investisiya marağı vardır. Dövlət başçımızın bu forumda iştirakı və güclü şirkət rəhbərləri ilə görüşü bu maraqların düzgün istiqamətləndirilməsinə imkan verir.
Bir sözlə, bütün bunlar onu təsdiqləyir ki, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan uğurlu layihələrlə bir çox dövlətlərin və regionların qarşılıqlı səmərəli əməkdaşlığını təmin etməklə yanaşı, eyni zamanda, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə öz töhfəsini verəcək. Perspektivdə həm enerji, həm də digər sektorlarda Azərbaycana investisiya yatırmaq istəyən şirkətlərin sayı çox olacaq və bu rəqəm dəfələrlə artacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə