Azərbaycan kinematoqrafiya tarixində yeri və çəkisi olan rejissor
Aydın Kazımzadə: "Dövlət başçısının Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamı dövlətimizin sənətə və sənətkarlara olan diqqətinin daha bir təzahürüdür"
Azərbaycan milli-mənəvi dəyərləri ilə bütün Avropa, Şərq ölkələrini təəccübləndirdiyi və riqqətə gətirdiyi zamanda dövlət tərəfindən bu dəyərlərə diqqət daha da artırılmaqdadır. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, mədəniyyətini, qəhrəmanlığını əks etdirən faktorlar dayanır. Belə bir dəyərlərin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşir, dünyaya töhfələr verən bir abidəsi olduğunu sübut edir. Təbii ki, bu abidələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. Belə bir xəzinə dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə təsdiqini bir daha tapır. Dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək, nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuş Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı sənətkarlarımıza dövlət tərəfindən verilən yüksək qiymətin daha bir nümunəsidir.
Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, kinoşünas Aydın Kazımzadə hər zaman milli mədəniyyətimizin inkişafında rolu olan insanlara dövlətimiz tərəfindən qayğı ilə yanaşıldığını bildirdi:"Həyatını Azərbaycanın inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə, istər Sovet dövründə, istərsə də müstəqiilik dövründə xalqımızın böyüklüyünü, əzəmətini, qəhrəmanlıq nümunəsini tanıtmağa və göstərməyə çalışmışdı. "Hər bir xalq öz mədəniyyətinə görə tanınır", - deyən Ulu Öndər bu sahəyə xüsusi diqqət yetirirdi. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və bu mənəvi xəzinəni yaradan sənətkarlar daim Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısından bəhrələnirdilər. Ümummilli Lider yeni-yeni istedadların üzə çıxarılmasına, onların qabiliyyətinin inkişaf etdirilməsinə kömək və qayğısını əsirgəmirdi. Azərbaycanın korifey sənətkarlarının dünya miqyasında yubileylərini keçirməklə mədəniyyətimizin zənginliyini, bəşəriliyini sübut edirdi. "Kitabi-Dədə Qorqud" abidəsinin 1300 illik yubileyini beynəlxalq miqyasda keçirməklə ona ömürlük Azərbaycan vətəndaşlığı vəsiqəsini vermişdi. Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin məlum sərəncamları, mədəniyyət sahəsində aparılan siyasi xətti milli mədəniyyətimizin keşiyində duran insanlar hiss edir və yüksək dəyərləndirirlər. Cənab Prezidentin Azərbaycanın görkəmli kino rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı məlum Sərəncamı görülən işlərin davamıdır".
Bir çox filmlərin rejissoru olan T.Tağızadənin yaradıcılığı Azərbaycan kinematoqrafiyası tarixində mühüm səhifələrdən birini təşkil edir. Sərəncama əsasən, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri Azərbaycan kinosunun Qızıl Fonduna daxil olmuş parlaq sənət nümunələridir. Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın və Çeçenistanın əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq Artisti kimi sənət tariximizə adı düşən T.Tağızadənin böyük istedadının kinematoqrafiya tariximizdə öz yeri, çəkisi var. Aydın Kazımzadənin sözlərinə görə, o, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə başlamışdır. İlk çəkdiyi filmi isə "Görüş" olub. Çəkdiyi filmlərdə peşəkar kimi özünü təsdiq etdiyini bildirən kinoşünas hər filmində yaradıcı düşüncələrini reallaşdırdığını diqqətə çatdırdı: "Bu film komik janrda olsa da, sonralar müxtəlif janrda olan mövzulara ekran həyatı bəxş etdi. Onun üçün amplua yox idi. Rejissoru olduğu kinofilmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti ustalıqla verilib və bunlar rejissor yozumunda həllini tapıb. Təbii ki, "Görüş", "Uzaq sahillərdə", "Yeddi oğul istərəm", "Mən ki gözəl deyildim" filmlərinə hər bir azərbaycanlı baxıb. Bu filmlərin hər birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinomuza yeni üslub və nəfəs gətirib".
Onun qəhrəmanlıq portreti yaratdığı "Uzaq sahillərdə" filmi kino tariximizdə seçilən filmlər sırasındadır. O, elə rejissorlarımızdandır ki, səhnə həyatı bəxş etdiyi filmlər tarixin sınağından çıxaraq yaşayır və hər zaman diqqətlə izlənilir. Çünki bu filmlərdə xalqımızın taleyi öz əksini tapıb. Elə "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissor millət və bəşəri dəyərlər haqqında real mənzərəni canlandırmağa müvəffəq olub. "Arşın mal alan", "Yeddi oğul istərəm", "Əsl dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Qızıl qaz", "Babamın babasının babası", "Bağ mövsümü" və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bildiyimiz kimi, "Mən ki gözəl deyildim" filmi müharibə dövrünü əks etdirən əsərdir. Tofiq Tağızadə özü də Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 3-cü kurs tələbəsi ikən onu döyüşə aparırlar və o, cəbhədə yaralanır. Filmdə rejissor zamanın obrazını yaradıb. "Bağ mövsümü" kino-dramı, "O dünyadan salam" filmi və s. mövzu baxımında fərqlidirlər və hər bir filmdə yaratdığı obrazları dolğun kinosevərə təqdim edib. Onun ən böyük arzusu Mirzə Cəlilin "Ölülər" tragikomediyası əsasında film çəkmək idi. Bu, o dövr idi ki, ölkəmizdə vəziyyət ürəkaçan deyildi. Hər zaman yaratmaq, çalışmaq istəyində olan T.Tağızadə o illərdə TMT (Tofiq, Mehdi Tağızadə) studiyasını yaradır və "Ölülər" filminin çəkilişinə başlayır. O illərdə çox insanlar filmin çəkilməsi ilə bağlı etirazlarını, mənfi fikirlərini ifadə edir, "Ölülər" zamanı deyil, deyirdilər. Lakin o, seçimində haqlı olduğunu bilirdi. Deyirdi ki, Cəlil Məmmədquluzadə klassik dramaturqdur. Onun əsərləri hər dövr üçün müasirdir və filmə "O dünyadan salam" adı vermişdir. Təbii ki, rejissor yozumu filmə ekran həyatı yaşamaq üçün yollar açmış oldu.
Bir epizodu da vurğulamaq istərdim. Bir dəfə çıxışlarının birində "mən bu dünyadan köçəndən sonra Tofiq Tağızadədən bir də olmayacaq" ifadəsini işlətdi. Biz etiraz etdik ki, niyə belə passimist düşüncə ilə yaşayırsan. Bu gün görürük ki, onun sözündə böyük bir həqiqət varmış. Tofiq Tağızadələr, Həsən Seyidbəylilər bir də Azərbaycan kinemotoqrafiyasında olmaycaqlar. Onlara bu gün kinomuzun böyük ehtiyacı var. Onlar xalqın, kinosevərlərin qəlbində yaşayır və əbədi olaraq yaşayacaqlar. Əlbəttə ki, belə sənətkarların yubileyləri ilə bağlı Cənab Prezidentin verdiyi sərəncamlar təqdirəlayiqdir. Cənab Prezident Azərbaycan mədəniyyətinin inkişafına, klassik və müasir yaradıcı şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, onların yaradıcılıq irsinin bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Dövlət başçımızın ədəbiyyata, teatra, kinoya, bütövlükdə, söz sənətinə yüksək qayğı və məhəbbəti milli-mənəvi dəyərlərimizə olan diqqətin nümunəsidir".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB