İşğalçılar təşviş içindədirlər TƏHLİL

İşğalçılar təşviş içindədirlər TƏHLİL

Separatçılar Azərbaycanın uğurlarını, müvəffəqiyyətlərini, üstün mövqeyini həzm edə bilmirlər

Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan və bir saat yarım davam edən qeyri-rəsmi görüş erməni politoloqlarının qıcıqlanması ilə nəticələnib. Ümumiyyətlə bu görüş Ermənistan ictimaiyyətinin narahatlığına səbəb olub və əslində narahatlığa əsas səbəb isə məhz görüş üçün Paşinyanın təşəbbüs etməsidir.
Erməni politoloqlar son zamanlar Paşinyanın İlham Əliyevlə planlaşdırılmamış görüşlərinin intensivləşməsindən, özü də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərindən bərk qıcıqlanırlar. Məsələ burasındadır ki, onları qıcıqlandıran Paşinyanın İlham Əliyevlə planlaşdırılmamış görüşlərinin, müzakirələrinin əsas detallarının məxfi saxlanılmasıdır. Ermənistanın baş nazirinin məxfi saxladığı müzakirələr işğalçı ölkədə şübhə ilə qarşılanıb və ictimaiyyət bununla Paşinyana etibar etmədiyini də gizlədə bilmir.

Paşinyanın məxfi saxladığı görüş erməni cəmiyyətində əməlli başlı rezonans doğurub

Ermənistana məxsus Kütləvi İnformasiya Vasitələrində bir sıra politoloqların fikirləri yeni baş nazirə etibar edilmədiyini təsdiq edir. Məsələn, politoloq Ayk Martirosyan Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşünün heç də qeyri-rəsmi bir görüşə xas olmayan qədər davam etməsinə diqqət çəkməyə çalışır. Danışıqların tam məzmununun ictimaiyyətə açıqlanmamasına isə politoloq çox sərt reaksiya verir. Hətta işğalçı dövlətin baş nazirinə olan şübhələrini, inamsızlığını belə gizlətmir və ittiham etməkdən belə çəkinmir. Martirosyan məxfiliyin saxlanmasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın Ermənistanın ziyanına olan hansısa qərar verməyə hazırlaşması ilə əlaqələndirir. O fikrini əsaslandırdığı zaman qeyd edir ki, əvvəlki illərdən fərqli olaraq, yəni indi Ermənistanda vəziyyətin dəyişməsi fonunda Paşinyanın bu məxfiliyi anlaşılan deyil.
“Əliyevlə görüşün niyə baş tutduğu anlaşılan deyil. Axı bütün bunların Ermənistan üçün faydası nədədir” deyən politoloq, əslində bütün erməni cəmiyyətinin, ələlxüsus münaqişənin uzadılmasına maraqlı qüvvələrin narahatlığını ifadə etmiş olur. Onun fikrindən açıq-aşkar şəkildə bəlli olur ki, bu görüşü işğalçı tərəf özü üçün faydalı hesab etmir. Daha dəqiq desək, münaqişənin həllinin sürətləndirilməsinə yönələn danışıqların, özü də məxfi danışıqların işğalçıların maraqlarına zidd olduğu gizlədilmir belə. Yəni, Paşinyanın Prezident İlham Əliyevlə belə bir görüşə təşəbbüs etməsinə tam açıq şəkildə narazılıq ifadə etmək, münaqişənin həllinə marağın olmadığını təsdiq edir və politoloq bu görüşə öz münasibətini bilirməklə bunu ifşa edir.
“Niyə bu görüş barədə məlumat əvvəlcədən elan edilməmişdi”, kimi erməni politoloqlar suallar qoyurlar. Yaxud da, qeyd etdiyimiz kimi müzakirələrin məzmununun açıqlanmasını tələb edirlər. Petrosyanın, Koçaryanın, Sarkisyanın dövründə deyil, indi, məhz demokratiya, şəffaflıq kimi sırımaq istədikləri şəraitdə Paşinyanın məxfi saxladığı görüş erməni cəmiyyətində əməlli başlı rezonans doğurub.

Əvvəlcə demokrat kimi qələmə verərək hakimiyyət kürsüsünü həvalə etdiklərinə etibarsızlıq edənlər özlərini, öz simalarını ifşa edirlər

Ermənilərin guya ki, maraqlandıqları “niyə şəffaflıq şəraitində bu şəffaflığın özünü görmürük” sualı isə əslində əldəqayırma demokratiyalarını, dırnaqarası şəffaflığı ifşa edən məqamdır. Məgər, hansısa xalq, hansısa qonşu dövlət təhrik etmişdi Ermənistanı belə bir dırnaqarası demokratiyaya? Yoxsa, Paşinyanı ermənilərə demokrat kimi kimsə təqdim etmişdi? Onu demokratiya gətirən, şəffaflıq yaradan, aydan arı, sudan duru kimi kim təqdim edirdi bütün dünya ictimaiyyətinə? Indi nə oldu və nə dəyişdi ki, “Paşinyanın gətirdiyi şəffaflıq” dırnaqarası demokrayiya şübhə altına alınası oldu? Əslində dəyişən heç nə yoxdur və işğalçılar əvvəlcə demokrat kimi qələmə verib, hakimiyyət kürsüsünü həvalə etdiklərinə etibarsızlıq etməklə özlərini ifşa edirlər.
Digər tərəfdən, erməni cəmiyyəti əgər Paşinyana etibar etməyəcəkdisə, niyə onu meydanlardan, küçə nümayişlərindən düz hakimiyyət kürsüsünə qədər daşıyırdı? Yaxud əksinə, etibar edib baş nazir postuna layiq bildikləri bu dırnaqarası xalq qəhrəmanına indi göstərilən etibarsızlıqlar nədir? Bütün bunlar bir-biri ilə təzad təşkil etmirmi və bu yalançı, əldəqayırma demokratiyanın, əslində isə erməni cəmiyyətinin, işğalçılıq siyasəti yürüdənlərin əsl siması deyilmi?

Davosda Paşinyanın ölkə başçımızla görüşünə görə erməni narahatlığı baş nazirin danışıqlarda məğlub olması qorxusudur

Göründüyü kimi, Paşinyanla Prezident İlham Əliyevin görüşləri, ələlxüsus bu görüşlərin intensivliyi politoloq Ayk Martirosyanın simasında bütün işğalçı cəmiyyəti narahat edir. Tərəflərin müzakirələri münaqişənin həllini istəməyən separatçı qüvvələrin yuxusunu ərşə çəkir. İndi münqişənin uzanmasında maraqlı olan qüvvələrin bütün bu proseslərə görə tikan üstündə oturduğu heç də gizli deyil və göz qabağındadır. Daha dəqiq desək, bu durum bəzi politoloqların dilində, özü də erməni KİV-lərində təzahür edir, özünü biruzə verir. Biruzə verir ki, Davosda Paşinyanın ölkə başçımızla görüşünə görə erməni narahatlığı baş nazirin danışıqlarda məğlub olması qorxusudur.
Məsələ burasındadır ki, bir zamanlar Paşinyanı hakimiyyət kürsüsünə daşıyan, çevriliş etdikləri halda bunu demokratiya kimi sırıyan qüvvələrin indi ondan umduqları maraqlarının, özü də separatçılıq maraqlarının müdafiəsidir. Erməni mətbuatı heç də sirr olaraq saxlamır və Paşinyanın Dağlıq Qarabağla bağlı danışıqlarda güzəştə gedəcəyindən, məğlub olacağından qorxduğu da etiraf olunur. Dəfələrlə bu mövzuya toxunduqları heç kim üçün sirr deyil və dünya ictimaiyyəti bunun da şahididir ki, Paşinyanın münaqişə ilə əlaqədar danışıqlarda məğlubiyyətlə üzləşəcəyi qorxusu işğalçı cəmiyyəti öz təsiri altına alıb. İndi Davosda Ermənistanın baş nazirinin Azərbaycan Prezidenti ilə görüşündən sonra işğalçı qüvvələrin daxilində yaranan narahatçılıq həmin qorxu atmosferinin təsiridir.

Nəinki Paşinyan, hətta dünya çapında nüfuzlu siyasi liderlərin ölkə başçımızla hesablaşmaq məcburiyyətində olduqları günün reallığıdır

Əslində, işğalçı ermənilər əbəs yerə qorxuya düşməyiblər. Yəni, nəinki Paşinyanın güzəştə gedəcəyini, hətta işğal altında saxladıqları və zəbt etdikləri Dağlıq Qarabağın da əllərindən gedəcəyini artıq yəqin etdikləri üçün belə bir qorxu, narahatlıq hissi keçirirlər. Bu narahatlıq və qorxu hissi isə təsadüfi deyil. İşğalçılar Azərbaycanın uğurlarını, ölkə başçımızın apardığı məqsədyonlü və düzgün siyasəti çox yaxşı görürlər. Görürlər ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmiz hər bir sahədə dinamik inkişaf edir, beynəlxalq miqyasda çox böyük uğurlara imza atır və nüfuzu da günbəgün sürətlə artır.
Artıq belə bir şəraitdə Azərbaycanın söz sahibinə çevrilməsi və nəinki Paşinyan, hətta dünya çapında nüfuzlu siyasi liderlərin ölkə başçımızla hesablaşmaq məcburiyyətində qaldıqları da günün reallığıdır. Bu reallıq təsdiq edir ki, Paşinyanın müzakirələrə qatılmaqdan boyun qaçıra bilməməsi, erməni işğalçılarının ümid etdiklərinin, arzuladıqlarının əleyhinə olaraq güzəştlərə məcbur qalması, erməni baş nazirinin, erməni cəmiyyətinin məğlubiyyəti, başda Cənab Prezident İlham Əliyev olmaqla, bütövlükdə Azərbaycanın qələbəsidir. İndi işğalçı çəmiyyəti narahat edən ölkə başçımızın timsalında ölkəmizin bir-birini əvəz edən uğurları, qələbələri və qələbə əzmində olmasıdır. Paşinyanı dəstəkləyən, indi isə hədəfə alanların aqressiyası, bu aqressiyanı gizlətməməsi təsdiq edir ki, işğalçılar təşviş içindədirlər və separatçılar Azərbaycanın uğurlarını, müvəffəqiyyətlərini, üstün mövqeyini həzm edə bilmirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə