"AP-nin qətnaməsi Azərbaycanın iradəsinə təsir edə bilməz" MÖVQE-ÖZƏL

"AP-nin qətnaməsi Azərbaycanın iradəsinə təsir edə bilməz" MÖVQE-ÖZƏL

“Azərbaycanın uğurlu siyasət həyata keçirdiyi, dünyada söz sahibi olduğu bir dövrdə ölkəmizə edilən təzyiqin məqsədi öz iradələrinə tabe etmək, müəyyən şərtlər qəbul etdirməyə çalışmaqdır. Lakin Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan xalqının iradəsidir və buna qarşı hər hansı bir kampaniya yalnız məğlubiyyətə məhkumdur”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Bəxtiyar Əliyev Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinə münasibətini bildirərkən deyib.

Qətnamənin Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli və böhtan xarakterli olduğunu deyən deputat söyləyib ki, bu addımların arxasında Azərbaycanın Avropa qurumları ilə inkişaf edən əlaqələrinə ziyan vurmaq, gələcək əməkdaşlıqlarını əngəlləməkdir.

B. Əliyev bildirib ki, kənar qüvvələrin Azərbaycana qarşı qərəzli münasibəti ölkəmizin iradəsinə təsir edə bilməz: “Çünki, Azərbaycan güclü dövlətdir, öz sözünü deməyi bacarır, öz xalqının, vətəndaşlarının hüquqlarını tam qoruyur”.

Azərbaycanla bağlı Avropa Parlamentində aparılan müzakirələrin arxasında erməni diasporunun, ermənipərəst qüvvələrin dayandığını dilə gətirən deputat vurğulayıb ki, qəbul edilən “qətnamə” qəsdən məsələni şişirdərək ölkəmizə qarşı planlaşdırılan məkrli uğursuz siyasətin nəticəsidir: “Avropa Parlamentində istər müzakirələr, istərsə də əsassız şəkildə qəbul edilən qətnamə ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə