2019-cu ildən Azərbaycan üçün gözləntilər ŞƏRH-ÖZƏL

2019-cu ildən Azərbaycan üçün gözləntilər ŞƏRH-ÖZƏL

“Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində ciddi bünövrə qoyulub. Burada beynəlxalq təşkilatların, dünya ölkələrinin ölkəmizin ərazi bütövlüyünü tanıması məsələsi çox mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Azərbaycan danışıqlar masasına daha da güclənmiş şəkildə əyləşəcək”

2019-cu ildə münaqişənin həlli istiqamətində danışıqların baş tutmasının real göründüyünü deyən politoloq söyləyib ki, ölkəmiz danışıqlar masasında daha da güclənmiş şəkildə əyləşəcək: “Azərbaycan sözün həqiqi mənasında beynəlxalq normalardan çıxış edərək, diktəedici mövqedə dayanacaq”.

Onun sözlərinə görə, əgər məsələnin başqa müstəviyə yönəlməsi zərurəti yaransa, o zaman da möhtəşəm ordu quruculuğa malik olan Azərbaycan öz sözünü deyəcək.

Ölkəmizin mühüm iqtisadi uğurlara imza atdığını deyən Q. Hüseynli vurğulayıb ki, Azərbaycan TANAP kimi mühüm layihənin reallaşmasına imza atıb: “Artıq 2019-cu ildə bu qaz layihəsinin TAP deyilən yəni Cənubi Avropa istiqamətində uzadılacaq qolları işə düşəcək. Beləliklə Azərbaycan qazı Yunanıstana, Türkiyəyə, daha sonra İtaliya, Albaniya, hətta ola bilsin Serbiya və digər ölkələrə ixrac ediləcək. Əgər Türkmənistan siyasi iradə nümayiş etdirərək Xəzər qaz kəmərini işə salmağa cəhd edərsə, bu istiqamətdə də Azərbaycanı yeni uğurlar gözləyir”.

“Ölkəmiz ünyanın ən mühüm dəmiryolu qovşaqlarını özündə birləşdirəcək"

Bakı-Tbilisi-Qars dəmiryolunun işə salındığını xatırladan politoloq deyib ki, 2019-cu ildə həm yük dövriyyəsinin ciddi sürətdə artması, həm də bu yolla sərnişindaşımalarına başlanılması qarşıya qoyulan məqsədlərdən biridir: “Bu Azərbaycan xəzinəsinin ciddi maliyyə qaynaqlarından birinə çevriləcək. Cari ilin ortalarına qədər Şimal-Cənub dəmiryolu dəhlizi də işə düşə bilər. Artıq biz İran Astarasından Azərbaycana aid olan 40 kilometrlik hissəni tikib istifadəyə vermişik. Azərbaycan Astarasını İran Astarasını birləşdirən dəmiryolu körpüsü də inşa edilib. Bundan başqa Azərbaycan İran Astarasından gedən dəmiryolunu Rəşt istiqamətində İran dəmiryoluna qoşulması üçün bu ölkəyə 400 milyon həcmində kredit verib. Bu dəmiryolu layihəsi İranın müəyyən problemləri üzündən bir qədər uzansa da, 2019-cu ilin ortalarına doğru iş düşəcək. Bununla da Azərbaycan dünyanın ən mühüm dəmiryolu qovşaqlarını özündə birləşdirən ölkələrdən birinə çevriləcək ki, bu da xəzinəmizə xeyli vəsait gətirəcək”.

“Zavodlar 2019-cu ildə istehsalat gücünü artıracaq”

Q. Hüseynli qeyd edib ki, Azərbaycan bəzi sənaye sahələrini artıq işə salıb və bu il müddətində həm Neftçala, həm Gəncədə Neft Emalı, Naxçıvanda isə Avtomobil zavodu öz istehsalat güclərini artıracaq: “Sumqayıt Sənaye Parkının siyahısına yeni sənaye obyektləri daxil ediləcək ki, bu da ölkəmizin real sektorda payını xeyli artıracaq”.

“Bu il qeyri-neft sektoruna qoyulan vəsaitlərdən ilkin gəlirlər götürüləcək”

“Ölkəmiz həmçinin 2019-cu ildə qeyri-neft sektoruna qoyduğu vəsaitlərdən ilkin gəlirlərini götürməyə başlayacaq. Ölkəmiz bu il özünü tam taxılla təmin etmək imkanına malikdir. Yəqin ki, bu hədəflər cari ildə reallaşacaq. Pambıq istehsalı ildə 200 min tonu keçib ki, bu da ölkə xəzinəsinə əlavə gəlirlərin gəlməsi deməkdir. Digər kənd təsərrüfatı məhsulları var ki, bura tütünçülük, üzümçülük, əhalinin özünün pay torpaqlarında istifadə etdiyi çeşidli məhsullar, eləcə də heyvandarlıq var ki, onlar Rusiya, Türkmənistan, Qazaxıstan bazarlarında özünə yer tutmaqdadır”. - deyə politoloq dilə gətirib.

“Tezliklə Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olacaq”

Q. Hüseynli əlavə edib ki, bir sözlə ölkəmizdə uğurlu quruculuq siyasəti həyata keçirilir, Bu siyasət Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməyi hədəfləyir: “Yəqin ki, çox tezliklə Azərbaycan bu hədəfə nail olacaq və öz inkişaf etmiş iqtisadiyyatı, əhalinin yüksək sosial rifahı ilə dünya öncülləri sırasına daxil olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə