2010-cu il Azərbaycanda "Ekologiya ili" kimi yadda qalacaq. Ekologiya sahəsində ən çox iş məhz bu il görülüb. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni daim diqqətdə saxlayıb və hökumətin bütün müşavirələrindəki çıxışlarında ekoloji məsələlərə geniş yer ayırıb. Cənab Prezidentin xüsusi tapğırığı ilə 2010-cu ildə Abşeron yarımadasında 3 milyon ağac əkilməli idi. Təkcə payız əkin kampaniyasında 5 milyondan çox ağac və kol əkilib ki, bu da ölkənin ekologiyasına, xalqın sağlamlığına göstərilən ən böyük qayğıdır.
"Hərəyə bir ağac əkək!" kampaniyasının töhfələri
Sovetlər dövründə təbii resurslardan səmərəsiz istifadə və sənayenin inkişafı Azərbaycanda da ekoloji durumun pisləşməsinə səbəb olmuşdu. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ekoloji problemləri həll etmək üçün yetərincə imkanları yox idi.
Üstəlik iqtisadi və sosial problemlər ətraf mühitin daha çox çirklənməsi, meşə fondunun yanacaq və istehsal məqsədilə qırılması, su mənbələrinin Ermənistan və Gürcüstan tərəfindən çirkləndirilməsi Azərbaycanda ekoloji problemləri kəskinləşdirmişdi. Lakin son illərdə Azərbaycanın sürətli iqtisadi inkişafı nəticəsində maliyyə imkanlarının artması dövlətin bu sahədə daha geniş miqyasda fəaliyyət göstərməsinə imkan yaradıb.
Ölkəmizin gözəl təbiətə malik olması turizmin inkişafı üçün də real zəmin yaradır. Ən gəlirli sahələrdən turizmin inkişafı üçün də ekoloji problemlər həll edilməli, təbiət abidələri qorunmalı, yaşıllıq sahələri artırılmalıdır.
Ətraf mühitin sağlamlaşdırılmasında ən əsas məqsədlərdən biri də ölkə əhalisinin sağlam mühitdə yaşamalarını təmin etməkdən ibarətdir. Bu səbəbdən də son illərdə Azərbaycanda çoxsaylı və davamlı ağac əkmə kampaniyaları aparılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Hərəyə bir ağac əkək!" devizi ilə keçirilən belə aksiyalarda milyonlarla yeni ağac əkilib.
Lakin problemin bir tərəfi də yeni ağacların əkilməsi ilə yanaşı mövcud ağacların kəsilməsinin qarşısının alınmasıdır. Bununla bağlı ölkə prezidenti dövlət orqanları qarşısında sərt tələblər qoyub. Ağac kəsilməsinə görə cəzalar sıərtləşdirilib, cərimələrin məbləği xeyli artırılıb. Bu tədbirlər ağacların qırılmasının qarşısını demək olar ki, tamamilə alıb.
Ölkə ərazisində 5,3 milyondan çox ağac və kol əkilib
Ətraf mühitin mühafizəsi, xüsusilə də havanın çirklənməsinin qarşısını almaqla bağlı həyata keçirilən tədbirlərdən biri də respublikada yaşıllaşdırma işlərinin sürətləndirilməsidir. Belə ki, ölkə başçısının Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar 2009-cu ildən başlayan genişmiqyaslı tədbirlər bu ilə də davam etdirilib.
ETSN-dən SİA-ya verilən məlumata görə, nazirlik tərəfindən Bakı və onun ətraf ərazilərində 2009-cu ilin payız-2010-cu ilin yaz mövsümlərində 1 005 000 ədəd ağac və kol bitkisi əkilib. Bu ilin payız mövsümündə isə Bakı və ətrafında 900 mindən artıq müxtəlif ağac və kol bitkisi əkilib. Ümumilikdə, 2009-cu ilin payız mövsümü başlayandan bu günədək Bakı və onun ətraf ərazilərində 1,8 milyondandan çox ağac və kol bitkisi əkilib.
Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, qurumun daxili imkanları hesabına 114 hektar sahədə 290 560 ədəd müxtəlif ağac əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib.
Ümumilikdə, 2010-cu ilin payız əkin mövsümü başlayandan bu günədək nazirliyin Meşə Mühafizəsi və Bərpası müəssisələri tərəfindən 4 843 710 ədəd müxtəlif növ ağac əkilib. Respublika ərazisində isə ötən həftə ərzində 152,22 hektar sahədə 357 850 ədəd ağac və kol bitkisi əkilib. Ümumiyyətlə isə 2010-cu ilin payız əkin mövsümündən bu günədək respublika ərazisində 5 371 544 ədəd ağac və kol bitkisi əkilib. Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.
Ətraf mühitin qorunması işi güclənib
Qeyd edək ki, BMT Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün baş şəhərlər elan edilib. "Dünya Ətraf Mühit günü-2010"-a Avropa regionu üzrə öndərlik edəcək 3 şəhərdən biri kimi Bakının seçilməsi təsadüfi deyildi. Bu, ilk növbədə ölkə başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir.
Ötən əsrin əvvəllərindən bəri qurudakı neft yataqlarının gərgin istismarı nəticəsində Abşeron yarımadasının torpaqlarının müəyyən hissəsi çirklənib. Neft tullantıları ilə çirklənmiş gölməçələr, məişət tullantılarının utilizasiyası məsələləri ilə demək olar ki, diqqətdən kənarda qalmışdı. Artıq bu istiqamətdə konkret işlərə başlanıb.
Prezident İlham Əliyevin hökumətin müşavirəsində dediyi sözlər dövlət başçısının ekoloji məsələlərə nə qədər böyük önəm veridiyinin əyani sübutudur. "Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji durumun yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu istiqamətdə vacib addımlar atılıb, konkret proqram qəbul edilib".
Dövlət başçısı ölkədə biomüxtəlifliyin qorunması və təbitə qoruqlarının mühafizəsi işini də diqqətdə saxlayır. Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyiblər. Dövlətimizin başçısı ölkə ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritəyə baxıb, ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış olub.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Cəngiçay-Qobustan yasaqlığının ərazisinə buraxıblar.
Su mənbələrinin ekoloji təmizliyi diqqətdədir
Ekoloji təhlükəsizliklə bağlı digər məsələ də su mənbələrinin çirklənməsi və əhaliyə verilən suyun keyfiyyətinin aşağı olması idi. Lakin son illərdlə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə durum xeyli yaxşılaşıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin bir çox şəhər və kəndlərində yeni müasir su təmizləyici qurğular quraşdırılıb.
Qısa zamanda geniş əraziləri əhatə edən və səmərəli nəticələr verən "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı" üzrə fəaliyyət davam etdirilir.
Dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Qeyd edək ki, ümumi uzunluğu 252,4 km olan Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta saniyədə 5 kubmetr su daxil olacaq ki, bu da Bakıda suyun verilişində yaranan uzun fasilələrin və su qıtlığı probleminin aradan qalxmasına imkan verəcək.
ETSN tərəfindən Xəzərə axıdılan çirkab suların təmizlənməsi məqsədilə də yeni təmizləyici qurğularrın quraşdırılması dənizdə ekoloji durumun yaxşılaşmasına öz töhfəsini verir. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı buxtasının təmizlənməsi prosesi də aparılacaq ki, bu da ümumi duruma müsbət təsir edəcək.
Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı digər uğurlu proqram çərçivəsində Abşeron yarımadasında modul tipli çirkab su təmizləyici qurğulardan ibarət 16 stansiya qurularaq "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb. "Azərsu" SC-nin sərəncamında olan iri təmizləyici qurğularla bərabər, bu sistemin fəaliyyəti nəticəsində Pirallahıdan Novxanıyadək 86 kilometr məsafədə sahilboyu ərazilərdən gün ərzində təkcə bu stansiyaların gücü ilə 6 min kubmetrdən çox çirkab suyun təmizlənmədən dənizə axıdılmasının qarşısı alınıb, həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Havanın çirklənməsinin qarşısı alınır
Dövlət başçısı bildirib ki, havanın çirklənməsi məsələlərinə böyük diqqət göstərilməlidir. "Mən bir müddət bundan əvvəl müvafiq göstərişlər vermişəm ki, biz Azərbaycanda bu istiqamətdə bütün məsələləri Avropa standartlarına uyğunlaşdırmalıyıq. Mənə verilən məlumata görə, havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür. Hesab edirəm ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində biz bu sahədə də Avropa standartlarına çatacağıq.
Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir.
Əgər biz bu istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaqdır".
Göründüyü kimi, dövlət başçısı tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması ölkədə ətraf mühutin qorunması, ekoloji durumun yaxşılaşdırılması, təbiət qoruqlarının müfafizəsinin gücləndirilməsi, əhalinin sağlamlığının təmin edilməsi üçün bir sıra digər işlərin həyata keçirilməsinə böyük töhfələr verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB