Müsavat başqanı İsa Qəmbər nəinki tərəfdarlarını, eyni zamanda cəmiyyətin ən aktiv hissəsi olan jurnalistləri də təəccübləndirməkdə davam edir. İndiyədək hakimiyyətin gördüyü işlərə, apardığı islahatlara qarşı yeri gəldi-gəlmədi əks mövqe nümayiş etdirməsi artıq hamıda bu şəxsə qarşı antipatiya yaradıb. Belə olmasaydı keçirilən bütün seçkilərdə seçicilərin qismən də olsa səsini qazanardı. Amma neçə illərdir ki, bu möcüzə baş vermir.
Dünən isə Müsavat başqanı deyəsən "gül vurub". 10 il bundan əvvəl ona verilmiş "Jurnalistlərin dostu" mükafatından imtina edib.
SİA-nın apardığı sorğu zamanı məsələyə münasibət bildirən jurnalistlərin əksəriyyəti bu addımı atan şəxsin psixoloji durumunda ciddi problemlərin olduğunu bildiriblər.
Müsavat Partiyası dərin böhran içindədir. Ona görə də bu partiyanın rəhbəri hərəkətlərinə nəzarət edə bilmir. Bu sözləri açıqlamasında "Palitra" qəzetinin Baş redaktoru Namiq Əliyev deyib: "Son günlər Müsavat Partiyasının daxilində baş verən hadisələri izləyənlər onların nə qədər gərgin vəziyyətdə olduqlarını və acınacaqlı bir mərhələyə qədəm qoyduqlarını görürlər. Əvvəla, bütün seçkilərdə məğlub olublar və hər seçkidən sonra partiyada istefalar başlayır. Son parlament seçkilərində də belə oldu. Partiyadan istefa edənlər əsas fiqurlardır. Məsələn, məclis sədri Sülhəddin Əkbər, İbrahim İbrahimli kimi üzdə olan fiqurlar istefa verəndən sonra Müsavat artıq getdikcə daha da çətin vəziyyətə düşüb, bunu özləri də bilir. Dünən isə Məclisin son iclasında Adil Qeybulla kimi Müsavatın üzdə olan şəxslərindən birinin açıqlaması hamımızın diqqətini çəkdi. O bildirdi ki, İsa Qəmbər psixoloji problemlər yaşayır və bu problemlərlə çox irəli gedə bilməz. Bu isə partiya sədri üçün çox böyük ittihamdır. Görünür, partiya daxilində baş verən parçalanmalar, ixtişaşlar İsa Qəmbərin psixoloji vəziyyətini elə bir həddə gətirib çatdırıb ki, o hər yerdə istənilən səviyyədə açıqlama verə bilər. Seçkilər vaxtı düşdüyü böhranı pərdələmək üçün bu cür açıqlamalar verir ki, məsələ ört-basdır edilsin və yenidən gündəmə gəlsin. Amma bilməlidir ki, bu xülyaları nəticəsiz qalacaq".