Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edib

Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edib

Dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi keçirilib.

SİA-nın məlumatına görə,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Oğuz-Qəbələ-Bakı Su Kəməri İdarəsinə gələn dövlətimizin başçısını mərasim iştirakçıları hərarətlə qarşıladılar.

Qeyd edək ki, ümumi uzunluğu 252,4 km olan Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta saniyədə 5 kubmetr su daxil olacaq ki, bu da Bakıda suyun verilişində yaranan uzun fasilələrin və su qıtlığı probleminin aradan qalxmasına imkan verəcək. Kəmər Bakının 5 rayonunu su ilə təmin edəcək. Bunlar Yasamal, Nəsimi, Nərimanov, Səbail rayonunun əsas hissəsi və Binəqədi rayonunun bir hissəsidir. Kəmərlə gələn suyun paytaxtda istifadə olunmayan hissəsi isə Ceyranbatan Su Anbarına ötürüləcək.

Kəmərin işini təmin etmək üçün 7 su anbarı tikilib, paytaxtın 11 məntəqəsində məhəllədaxili su nasos stansiyaları quraşdırılıb və istifadəyə tam hazırdır. Bundan əlavə, kəmərə hər zaman nəzarət etmək üçün avtomatik nəzarət və idarəetmə sistemi də hazırlanıb. Bu, həm də baş verən qəzaları vaxtında aradan qaldırmağa imkan yaradacaq. Sonuncu, yəni Bakı yaxınlığında yerləşən mərkəzdə isə bölüşdürücü kameralar yerləşdirilib ki, bununla da paytaxta daxil olan suyu idarə etmək asanlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə