Bugünlərdə özünü “hüquq müdafiəçisi” kimi təqdim edən Aslan İsmayılov sosial şəbəkə vasitəsi ilə parlamentdə müstəqil deputat kimi fəaliyyət göstərən Vahid Əhmədovun adından ilginc sitat gətirib və bu sitatın altındakı şüuraltı ifadələr diqqətimi cəlb etdi. Demə ki, son illər ərzində Azərbaycanın azad və müstəqil mediasına qara yara kimi düşmüş Arif Əliyev, Elçin Şıxlı və Qulu Məhərrəmli dövlətçiliyə və dövlət rəhbərliyinə qarşı xoş münasibətləri olan kəsləriymişlər və s. Əslində, belə bir ifadə ilə çıxış edən Vahid Əhmədovdan bənzər “təcəssümü” nümayiş etdirməsi və ya tərifi səsləndirilməsi, onun ifadələrinin məhz (!) Aslan İsmayılov tərəfindən sitat olaraq ictimailəşdirilməsi açığını desək, təəccüb doğurmadı...
Vahid Əhmədov yaddaşını təzələməlidir
Əlbəttə ki, əgər bu deputatın keçmişinə qısa nəzər salarsaq, ümumiyyətlə, təəccüb hissləri yox olar. Kim olub Vahid Əhmədov? Vaxtilə radikal müxalifət düşərgəsində təmsil olunan və hakimiyyətə qarşı ümummüxalifət koalisiyasında yer alan, düşərgədaxili qruplarda var-gəl edən bir şəxs. Sonradan “siyasi baxışlarının” anidən dəyişməsi yəqin ki, onun parlamentdə təmsil olunması ilə əlaqəlidir.
O cümlədən, yaxşı olardı ki, Vahid Əhmədov məlum Quba hadisələrini və bu hadisələrdə baş vermiş iğtişaşlardakı “rolunu” da xatırlayardı. Əgər xatırlaya bilmirsə, həmin vaxt mediada gedən yazı və məqalələri incələyərək, yaddaşını təzələyə bilər hər halda...
Bir sözlə, keçmişi bəlli və daxilində hakimiyyətə antipatiyası olan bir deputatın uzun illər xarici fondlarla işləyib və ölkəmizin maraqları əleyhinə yönəlmiş layihələr müqabilində qrantlar yeyən və silən insanları tərif edib, “dövlət başçısını sevən şəxslər” qismində təqdim etməsi fikrinin arxasındakı məqamlar da bəlli olmağa başlayır. Söz yox ki, biz bu məsələdə elə Vahid Əhmədovun dilindən təriflənən şəxslərin də yaxın-uzaq həyatlarına qısa ekskurs edə bilərik.
Elçin Şıxlı Leyla Yunusla eyni baxışdan çıxış edərək, Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilməsini dövlətin “təzyiqi” adlandırmışdı...
Elçin Şıxlı uzun illərdir ki, “Azərbaycan Jurnalistlər Birliyinin” sədri olaraq, ümumilikdə jurnalistikanın fəaliyyətinə sıfır həddində öz “töhflərini” verir. O cümlədən, “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru adı altında xarici təsir dairələrinin əlaltısına çevrilib. Əbəs deyil ki, bu qəzetin vaxtilə Türkiyəyə akkreditə olunmuş müxbiri Rauf Mirqədirov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub və onun barəsində həbs qət-imkan tədbiri seçilmişdi.
Hərgah, Vahid Əhmədovun iddia etdiyi kimi, Elçin Şıxlı “dövlət maraqlarına bağlı” biri kimi təqdim olunursa, onun əlinin altında işləyən əməkdaşı nəyə görə dövlətə xəyanət ittihamına “layiq” görülmüşdü? Məsələ çox bəsitdir. Aslan İsmayılovun Vahid Əhmədovun sitatını gətirməsi sadəcə, onlara verilən və icra edilən sifarişin tərkib hissəsidir.
Daha bir faktı diqqətə çatdırmaq istərdim. Baxın, Elçin Şıxlının jurnalisti Rauf Mirqədirov həbs edilər-edilməz, bilavasitə erməni lobbisi və bu lobbi ilə iş birliyi quran xarici təşkilatlardan qrantlar qazanan Leyla Yunusun “Sülh və Demokratiya İnstitutu” dərhal bəyanat yaydı və guya Azərbaycanda medianın sıxışdırılması ətrafında süni ajiotajrlar, səs-küylər salmağa başladı. Üstəlik, Elçin Şıxlı da iddia etdi ki, Rauf Mirqədirova qarşı “təzyiqlər” olub və s...
Yaxşı, əgər bu insan həqiqətən də dövlətə və Prezidentə bağlı şəxslərdəndirsə, nəyə görə həmin vaxtlar ortalığı qarşıdırmağa cəhd göstərən Leyla Yunusa qarşı əks-ifadələrlə çıxış etmədi? Yəqin ki, bu məsələ müəyyən mənada aydın oldu.
Rüstəm İbrahimbəyov “Milli Şura”da Qulu Məhərrəmliyə hansı vəzifəni vəd vermişdi?
Yaxud, götürək Qulu Məhərrəmlini. Bu həmin Qulu Məhərrəmli deyilmidir ki, uzun illər Azərbaycan dövlətinin ona verdiyi imtiyazlardan maksimum istifadə edərək, sonradan bu dövlətin maraqlarına qarşı dayanan əks-cəbhədə yer aldı?
Məsələn, uzağa getməyərək, 2013-cü ilin prezident seçkilərini xatırlayaq. Müxalifətin mədhiyyəçisi kimi tanınan Qulu Məhərrəmli həmin vaxt "Milli Şura"nın aparıcı "simalarından" birinə çevrilərək, qurumun o zamankı sədri Rüstəm İbrahiməyovun sözcüsünə çevrilmişdi. Yeri gəlmişkən, ona adıçəkilən qurumdakı həmin vəzifəni məhz AXCP sədri Əli Kərimli təqdim etmişdi. Nədir ki, həmin vaxtlar Rüstəm İbrahimbəyov Qulu Məhərrəmliyə hakimiyyətə yiyələnən kimi Az TV-nin sədri postunu verəcəkmiş. Məgər bu barədə faktlar az deyilmi? Məgər Qulu Məhərrəmli elə-belə, öz xoşu ilə “Milli Şura”ya gedərək, fəaliyyətini oradakı “liderlərinə” peşkəş etmişdi? Əlbəttə ki, xeyr. Qulu Məhərrəmlinin də həmin vaxtlardakı tamahkarlığı onun dövlət və xalq maraqlarına qarşı çıxan maraqlara qurban verilmişdi.
Onun barəsində əlimizdə olan adi bir faktı xatırlayaq. Qulu Məhərrəmli guya jurnalist təəssübkeşliyi göstərərək, Türkiyədə Azərbaycanın maraqlarını xarici kəşfiyyata satmaqla məşğul olan Rauf Mirqədirovun alovlu müdafiəçisinə çevrildi. Gah "Meydan TV"-də, ga "Azadlıq" qəzetində, gah da "Azərbaycan saatı" adlı erməni lobbisinin maliyyələşdirdiyi verlişlərə çıxan bu "vətənsevər təəssübkeş", nəticədə müəyyən istəyinə nail olmağı bacardı. Ona bu işlərinə görə maliyyə, qrant axınları gəlməyə başladı. Çünki bu sifarişlər bilavasitə ona verilmişdi. Sosial şəbəkədə də fəal olan Qulu Məhərrəmli görün dövlətə xəyanət üstündə həbs edilən Mirqədirov barədə nə yazır. "Politoloji təhlilləri və tənqidi yazıları ilə uzun illər jurnalistikamızın üzünü ağ eləmiş, geniş oxucu məhəbbəti qazanmış istedadlı həmkarım Rauf Mirqədirovu 6 il azadlıqdan məhrum etmək barədə məhkəmənin çıxardığı hökm çox üzücüdür...".
Düşünürəm ki, təkcə həmin ifadələr artıq hər şeyi özü-özlüyündə yerbəyer edir...
Arif Əliyevin rəhbərlik etdiyi “Yeni Nəsil” “jurnalistlər birliyinin” bu ad altında qazanc mənbəyi kimi istifadə olunması Sorosun ona göndərdiyi maliyyə qaimələrində öz əksini tapmaqdadır
Arif Əliyevə gəldikdə isə, artıq onun barəsində son bir neçə günlərdir ki, aparıcı media qurum rəhbərlərinin, sadə jurnalistlərin və sağlam düşüncəli ictimai rəyin fikirlərini yenidən nəzərlərdən keçirmək kifayət edər. Media aləmində “qrantoyed”, yəni qrantyeyən imicini qazanmış Arif Əliyev həm də kifayət qədər uğursuz bir şəxs kimi təqdim olundu. Hətta dövlət maraqları əleyhinə əldə etdiyi qrantlarını belə, verilən sifarişlər əsasında qurmağı bacarmadı. Aldığı qrantları müqabilində belə, adi bir qəzeti çıxarmağı bacarmayandan zatən, başqa müsbət nə isə gözləmək olmaz. Həmçinin, bu gün onun rəhbərlik etdiyi “Yeni Nəsil” “jurnalistlər birliyinin” bu ad altında qazanc mənbəyi kimi istifadə olunması Sorosun ona göndərdiyi maliyyə qaimələrində öz əksini tapmaqdadır. Xatırlıatmaq mümkündür ki, məhz bu fondun maliyyələşdirdiyi “Gün Səhər” qəzeti də 2005-ci ildə inqilabçı, xəyanətkar və dövlətimizə qarşı hazırlanmış layihəni Arif Əliyevin icrasına vermişdi. Bu, həmin dövrlər idi ki, post-sovet ölkələrində “narıncı inqilablar” tüğyan edirdi və bu layihədə Azərbaycan da yer alırdı. Lakin hər zaman olduğu kimi, sarsılmaz xalq-iqtidar sarsılmaz birliyi o vaxtlarda da bu kimi xain missiyanın icrasına yol vermədi.
İndi də istər ona, istərsə də yuxarıda adları çəkilən “Media Klubu” üzvlərinə uzun illərdir əməkdaşlıq etdikləri Soros fondu, eləcə də digər xarici media fondları tərəfindən qərəz yayma kampaniyası aparmaları üçün sifarişlər verilib. Əbəs deyil ki, bu sifarişlərin realizə edilməsi üçün kifayət qədər külli vəsait ayrılıb. Belə olmasa idi, Aslan İsmayılov ortaya çıxmazdı və parlamentin müstəqil deputatı Vahid Əhmədovdan (!) sitat gətirib saxta, qondarma vətənsevərlik, dövlətsevərlik mədhiyyələrini ictimailəşdirməzdi.
Günahsız azərbaycanlılara ölüm hökmünün icrası tələbini edən Aslan İsmayılov bu gün “Media Klubu”nun müdafiəçisinə çevrilib
Yeri gəlmişkən, Aslan İsmayılovun bu məsələdə canfəşanlığı da ümumilikdə heç bir reallığa söykənmir, əlbəttə ki, bir reallıqdan başqa. 1988-ci ildə baş vermiş və erməni təxribatı nəticəsində törədilmiş Sumqayıt hadisələri zamanı SSRİ prokurorluğunu məsul vəzifəlisi kimi o, bu təxribatlar zamanı günahsız azərbaycanlılar barədə ölüm qərarının verilməsini tələb etmişdi. Beləliklə, günahsız azərbaycanlılara ölüm hökmünün icrası tələbini edən Aslan İsmayılov bu gün “Media Klubu”nun müdafiəçisinə çevrilib. Məgər bu fakt da normal düşüncəli insanlara heç nəyi demirmi?!
İndi necə ola bilər ki, bu adamlar dövlətinə, millətinə, xalqına sədaqətli olsunlar və üstəlik, həmin o Vahid Əhmədov da durub desin ki, “Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli dövlətçiliyi və Prezidenti istəyən adamlardır”, o cümlədən, onların öz “istəklərini” izhar etmələrinə guya ki, rəhbərlik səviyyəsində kimlərsə mane olurmuş və s.?!
Ümumiyyətlə, adları çəkilən şəxslərin dövlət başçısına səslərini çatdırmaq istəyi heç də medianın vəziyyəti ilə bağlı deyil. Onlar sadəcə, bu sahənin idarəçiliyi və istədikləri istiqamətdə istifadə etmələri arzusu ilə alışıb-yanırlar. Daha dəqiq desəm, istər Arif Əliyev olsun, istərsə də, onun timsalındakı digər adları çəkilənlər -vaxtilə onların hərəsinin bir təşkilatı var idi və onlar həmin saxta media təşkilatları vasitəsi ilə xarici maliyyə mənbələrindən maddi vəsaitlər əldə edirdilər. Bu baxımdan, adları çəkilənlərin mikroskopik portretlərini cızarkən, görünməyən maraqlarını ifşa edərkən, ortaya çıxan fakt budur – onlar Azərbaycan dövlətinin maraqları üçün deyil, məhz özlərinin və arxalarında dayananların məlum mənafelərinin qorunması üçün dəridən-qabıqdan çıxırlar.Fəqət, fakt budur ki, nə qədər çox hay-haray salacaqlarsa, daha çox ifşa olunaxaqlar. Çünki sadalanan faktlar hələ ki, səthi yanaşma idi. Sadəcə, səthi faktlar bu missionerlərin pərdə arxasındakı “simalarını” tam şəkildə ortaya qoyursa, görün digər sübutlar hansı reallıqları İctimai rəyə təqdim edə bilər....
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB