Ermənipərəst Eleni Teoxarus "qara siyahı"ya salındı TƏHLİL

Ermənipərəst Eleni Teoxarus "qara siyahı"ya salındı TƏHLİL

Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışları ilə seçilən Eleni Teoxarusun Azərbaycan və Ukraynadan sonra Albaniyanın da Avropa və Xarici İşlər Nazirliyi, eləcə də Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxsi elan olunması təəccüb doğura bilməz. Çünki, Azərbaycanın işğal olunmuş ərazilərinə də qanunsuz səfərlər etdiyinə görə, XİN-in "qara siyahısı"na salınan, Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə, ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışları ilə gündəmi zəbt edən qalmaqala imza atıb.

Ekstremist çıxışları ilə suveren bir dövlətin təhlükəsizliyinə, asayişinə təhlükə törədən bir şəxs barədə Albaniyanın qərarı heç də təəccüblü deyil və gözləniləndir. Erməni diasporunun sifarişi əsasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər edən E.Teoxarusun ekstremist çağırışları indi də Albaniyaya qarşıdır və hələ daha hansı ölkələrə qarşı belə çağırışlar etməyəcəyini də kimsə deyə bilməz. Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan bu ermənipərəst üzvü beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa artıq adət edib və əgər onun bu əməllərinə son qoyulmazsa, bundan sonra da belə ekstremist çağırışlarına davam edəcəyi heç şübhə doğuran deyil.

Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan bu üzvü erməni mafiyasının sifarişi ilə işləyir

Ermənipərəst deputatın elə erməni xislətində olduğu da göz qabağındadır və Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar təsdiq edir ki, Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan bu üzvü sifarişlə işləyir. Daha doğrusu, ermənipərəstliyi də, ektremizm meyilləri də sübut edir ki, sifarişlə işləmək bu insan xislətidir. Belə olan halda, bu deputatın bundan sonra sifarişlə işləməyə davam etməyəcəyinə, digər dövlətlərə qarşı ekstremist çağırışlar etməyəcəyinə kimsə zəmanət verə bilməz.

Maraqlıdır, Teoxarus təkcə Azərbaycanla kifayətlənmədi və novbəti hədəf Ukrayna, sonra da Albaniya seçildisə də barəsində heç bir ölçü götürülmədi. Bir çox faktlar, ələlxüsus erməni mafiyası tərəfində maliyyələşdirilmə faktları üzə çıxarıldısa da yenə də bu deputat barəsində hərhansı tədbir görülməsinin şahidi deyilik. İstər Avropa ölkələrində, istərsə də Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələri niyə araşdırılmır? Elena Teoxarusun təmsil olunduğu Avropa Parlamenti hələ də müşahidəçi mövqedə dayanmaq niyyətindədirmi?

Ekstremist çağırışlarla gündəmdə olan deputata reaksiya verməyən, tədbir görməyən qurumun, təşkilatın nüfuzundan danışmağa dəyməz

Beynəlxalq qurumlar bəzən hərhansı bir dövlət daxilində hansısa dələduzun, ələlxüsus konkret cinayət tərkibli ittihamlarla həbs olunmuş, lakin siyasi məhbus donu geyindirilmiş vətəndaşın guya ki, hüquqlarının müdafiəsinə qalxmaqla beynəlxalq hüquq normalarını müdafiə etdrdiklərini nümayiş etdirməyə çalışırlar. Bəs qanunsuz səfərlər, özü də işğal olunmuş ərazilərə işğalçıların sifarişi, dəvəti ilə səfər edən deputatın qanunun tələblərini pozduğu ən azından təmsil etdiyi qurumu narahat etmirmi? Yaxud beynəlxalq hüquq normalarını artıq bir neçə dəfə pozan, bu dəfə də Albaniyaya qarşı ekstremist çağırışlar edən deputatın qanunsuz hərəkətlərinə reaksiya vermək istəmirmi?

Əvvəla, beynəlxalq qurumlar bütün dövlətlərin dövlət maraqlarına hörmətlə yanaşmalı, mövqelərini müdafiə etməlidirlər. Əks halda həmin dövlətlər müzakirələr apardığı zaman nəyə görə beynəlxalq qurumlar buna müdaxilə edirlər? Vasitəçilik missiyası kimi vəzifəni üzərinə götürən təşkilatlar, ali prinspləri rəhbər tutduqlarını iddia edənlərin buna münasibət göstərmək borcunu kimsə inkar edə bilməz.

Tutaq ki, Azərbaycan, Ukrayna, Yaxud Albaniyanın mənafeyi belə beynəlxalq təşkilatları, qurumları maraqlandırmır. Bəs qanun? Bəs lazım olduqda pafosla səsləndirdikləri beynəlxalq hüquq normaları? Məgər pozulan hüquqlar, beynəlxalq normaların hesaba alınmaması heç bir təşkilatı narahat etmir? Eleni Teoxarusun təmsil etdiyi Avropa Parlamenti öz üzvünün belə qanunsuz hərəkətlərinə münasibət bildirmədiyi, cəza tədbirləri görmədiyi təqdirdə həmin qanunsuz əməllərə göz yumur. Bir sözlə, qanunsuz əməllərə göz yummaqla da qanunsuzluğa rəvac verir.

Maraqlıdır, Teoxarus kimi üzvü olan təşkilat, ələlxüsus onun qanunsuz əməllərinə cavab verməyən qurum ən azından öz nüfuzu barədə düşünmürmü? Axı, dünya ictimaiyyəti bütün prosesləri izləyir və öz hədsizliyi ilə seçilən, daim ekstremist çağırışlarla gündəmdə olan deputata qarşı təmsil etdiyi qurum belə reaksiya verməzsə bu qurumun, bu təşkilatın nüfuzundan danışmağa dəyməz. Qanun, ələlxüsus beynəlxalq hüquq bütün hallarda özünü doğrultmalıdır və əgər bu hüquqlar hərhansı bir deputat, hərhansı bir təşkilatın üzvü tərəfindən dəfələrlə pozulursa və beynəlxalq hüquq normalarına məhəl qoymayan, hörmətsizlik edən qanun pozucusuna qarşı tədbirlər görülmürsə ən azından həmin deputatın təmsil olunduğu təşkilat ilk növbədə öz nüfuzunu zərbə altında qoyur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə