“Azərbaycan həkimləri sınaq imtahanlarda öz yüksək bilik səviyyələrini bir daha təsdiq etdilər”

“Azərbaycan həkimləri sınaq imtahanlarda öz yüksək bilik səviyyələrini bir daha təsdiq etdilər”
Səhiyyə Nazirliyinin həkimlər və orta tibb işçilərinin sertifikasiyasına dair təşkil etdiyi ilkin sınaq test imtahanları başa çatıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli SİA-ya açıqlamasında bildirib ki, sertifikasiyanın sınaq imtahanlarında 200-dən çox həkim iştirak edib. O söyləyib ki, sertifikasiya prosesinin ilkin sınaq test imtahanı əsas ixtisaslar-anesteziologiya-reanimatologiya, dermatovenerologiya, kardiologiya, mamalıq-ginekologiya, oftalmologiya, pediatriya, terapiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilib.

A.Qədirlinin sözlərinə görə, birinci günün nəticələri göstərdi ki, Azərbaycan həkimləri bu imtahanlarda öz yüksək bilik səviyyələrini bir daha təsdiq etdilər: "Çünki birinci-ikinci günün nəticəsinə görə, əsas ixtisasların bəziləri üzrə həkimlər 100%, bir qisim ixtisaslardan isə 50%-dan yüksək nəticə göstəriblər. Bu sınaq imtahanlarında keçid balını toplamayan həkimlər barəsində deyə bilərəm ki, onlar 1-3 bal çatmadığına görə keçməyiblər. Həkimlərin özləri ilə söhbətlər də göstərdi ki, suallar çox asandır. Ona görə ki, praktik səhiyyə ilə məşğul olan həkimlər öz işlərində bu suallara gündə cavab verirlər. Ona görə də sınaq imtahanları onlar üçün çətinlik törətmədi. Test imtahanlarında keçid balı 60 idi, yəni 100 sualdan 60-na cavab verən imtahanlardan keçmiş sayılır. Bir sözlə, həkimlərin sertifikasiya prosesinə böyük ümidlə yanaşıram".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu sınaq imtahanlarını təşkil etməkdə məqsəd həm həkim mütəxəssislərin öz biliklərini yoxlamasına şərait yaratmaq, həm də nazirliyin yeni sistemi yoxlaması, texniki nüansları nəzarətdən keçirməkdən ibarətdir. Onun sözlərinə görə, nazirlik əsas imtahanlardan öncə özlərini sınamaq üçün həkimləri sınaq imtahanlarından keçirdik.

Bütün xəbərlər Facebook səhifəmizdə