Qabil Hüseynli: “Rusiya ərazisində yaşayan millət və xalqlarla normal və humanist münasibətlər qurmağa sadəcə olaraq borcludur”

Qabil Hüseynli: “Rusiya ərazisində yaşayan millət və xalqlarla normal və humanist münasibətlər qurmağa sadəcə olaraq borcludur”
"Rus millətçiləri bu dəfə təşkilatlanıblar". Bunu SİA-ya açıqlamasında Müsavat başqanının müavini Qabil Hüseynli deyib. Onun sözlərinə görə, olanlar bunu deməyə əsas verir ki, bu ölkə gəlmələrə qarşıdır: "Bu dalğanı yarada biləcək qüvvə yalnız məxsusi xidmət orqanları ola bilər və yaxud da bəlli hökümət strukturları ola bilər. Çünki polis neçə gündür, bunlara qarşı əməliyyat keçirir, müqavimət göstərir. Müqavimət nə dərəcədə məqsədyönlü və profilaktik xarakter daşıdığını deyə bilmərəm, amma hər halda hərəkatın mətbu çərçivədən çıxaraq Sankt-Peterburq kimi böyük şəhərə, bəzi vilayət mərkəzlərinə sıçraması onu göstərir ki, ölkədə kimlərsə ölkənin idarə edilməzliyi haqqında xüsusən də gəlmələrin ölkədə yerli əhalinin toplanması haqda əfsanəlik yaratmaq istəyir. Bu əfsanələrdən də ölkənin indiki rəhbərlik, ilk növbədə prezidentin bacarıqsızlığı haqqında müxtəlif şayiələr düzəltməyə çalışırlar. Ölkənin daha sərt və möhkəm metodlarla idarə edən şəxsə ehtiyac olduğu haqqında təsəvvürlər formalaşdırmağa çalışırlar. Rusiyanın tarixində çox vaxt belə olub. Rus xalqı azacıq demokratiyaya, universal dəyərlərə meyillənən kimi dərhal imperiya təsəvvürləri, imperiya metodlarını işə salıb və bu nəhəng ölkənin yalnız dəmir qanunlarla idarə edilə biləcəyi haqqında fikirlər yayıblar. Hətta ziyalı dairələrin beyninə yerləşdirməyə çalışıblar. Rusiyada da buna bənzər hadisələr baş verir bunu təkcə yerlilərin gəlmələrə qarşı şovinist hərəkatı kimi yox, həm də hakimiyyət uğrunda mübarizənin bir elementi kimi də dəyərləndirmək olar. Çünki artıq Medvedev özünün keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb. 2012-ci ildə keçirilən seçkilərə Putin də iddialıdır. Belə olan təqdirdə görünür ki, ya vaxtilə Putin Medvedyevi hakimiyyətə gətirəndə onunla əldə edilmiş razılaşma pozulub və ya sadəcə olaraq Putin heç nəyə baxmadan prezident kürsüsünə yiyələnmək üçün əksər uşaqların əlində olduğu hakimiyyət maşınını istədiyi səmtə yönəltməyə çalışır. Bu ölkədə həmin vəziyyətin yaranmasının mən daha çox hakimiyyət uğrunda mübarizədən doğan həyəcanların nəticəsi kimi qiymətləndirirəm.
Politoloq vurğulayıb ki, ümumiyyətlə, orada 2 milyondan artıq həmvətənlimiz yaşayır və onların göndərdikləri vəsait Azərbaycan iqtisadiyyatında, eləcə də bir çox ailələrin dolanışığında əhəmiyyətli rol oynayır: "Təsəvvür edin ki, onların 10%-nin çıxarılması Azərbaycanda bir xeyli problemlər yarada bilər. Azərbaycan xalqının maddi durumuna, ölkədəki ticarət dövriyyəsinə mənfi təsir göstərər. Bu səbəbdən hadisələrin dayandırılması , qafqazlarla rus millətçilər arasındakı münasibətlər üçün əhəmiyyətlidir. Hadisələrin davam etməsi daha çox Rusiyaya ziyan vuracaq. Rusiya millət və xalqlarla istər öz ərazisində yaşamış olsun, istərsə də kənardan gəlmə olsun onlarla normal və humanist münasibətlər qurmağa sadəcə olaraq borcludur".

Bütün xəbərlər Facebook səhifəmizdə