YAP Qadınlar Şurasının üzvləri partiyadan olan qadın millət vəkilləri ilə görüş keçirib

YAP Qadınlar Şurasının üzvləri partiyadan olan qadın millət vəkilləri ilə görüş keçirib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvləri ilə parlamentə seçilən YAP qadın millət vəkillərinin görüşü keçirilib. SİA-nın məlumatına görə, YAP Qadınlar Şurasının təşkilatçılığı ilə baş tutan görüşdə ilk olaraq Şurasını sədri Nurlana Əliyeva çıxış edib. Hər bir Azərbaycan qadınının fəaliyyətinin ölkənin tərəqqisinə yönəldiyini deyən N.Əliyeva bildirib ki, Azərbaycan qadınının ən böyük vəzifəsi övladını tərbiyə etməkdir: "Azərbaycan qadını bu gün istənilən sahədə çalışa, özünü doğrulda bilər. Ancaq bizim birinci işimiz övladlarımızı tərbiyələndirməkdir. Tərbiyə olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz".

 

Bu il parlament seçkilərində 20 qadının millət vəkili adı qazandığını deyən YAP Qadınlar Şurasının sədri onların əksəriyyətinin YAP tərəfindən irəli sürüldüyünü bildirib. Qadın millət vəkillərindən seçicilərin çox şey gözlədiyini söyləyən N.Əliyeva ümidvar olduğunu bildirib ki, onlar etimadı doğruldacaqlar.

 

Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, millət vəkillərin əsas işi ictimaiyyətin diqqətində olan məsələləri Milli Məclisin gündəliyinə gətirmək, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etməkdir. O, qanun yaratmağın da çox çətin iş olduğunu dilə gətirib. Qadın millət vəkillərinin çox yüksək səviyyəyə gəldiyini dilə gətirən B.Muradova vurğulayıb ki, bütün səviyyələrdə bu işə layiq olduqlarını sübut etməlidirlər.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınının siyasətçi imicinin artıq cəmiyyət tərəfindən qəbul edildiyini bildirib. O, bunun Azərbaycan qadınını daha aktiv olmaq üçün ruhlandırdığını deyib. H.Hüseynova qadın millət vəkillərinə komitənin bütün tədbirlərində iştirak etdiyinə görə təşəkkürünü çatdırıb. Komitə sədri belə bir görüşün rəhbərlik etdiyi qurumda da keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, dünyanın müxtəlif yerlərindən təhdidlər var və hər bir Azərbaycan vətəndaşı bu təhdidlərə cavab vermək üçün hazırlıqlı olmalıdır. Azərbaycan qadınının cəmiyyətin mənəvi cəhətdən sağlamlığı üçün məsuliyyət daşıdığını deyən millət vəkili Azərbaycan gəncliyinin təhlükə qarşısında olduğunu vurğulayıb. O, qeyd edib ki, ətrafımızdakı mənəvi aşınmalara bəzən laqeyd yanaşırıq: "Bu gün cəmiyyət öz ictimai qınağını ortaya qoymalıdır".

 

Daha sonra çıxış edən YAP-dan olan digər qadın millət vəkilləri də onlara göstərilən etimadı doğruldacaqlarını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə