Bəhruz Quliyev: “İlham Əliyev praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs verdi” ŞƏRH

Bəhruz Quliyev: “İlham Əliyev praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs verdi” ŞƏRH

“15 oktyabr 2003-cü il tarixi müstəqil Azərbaycanın şanlı tarixinə yazılmış tarixi salnamədir. Məhz bu tarixdə keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçici səslərinin böyük hissəsinə sahib olaraq, dövlətimizin ən ali məqamına - Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi”. Bu fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Onun sözlərinə görə, həmin tarixdən başlayaraq, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi tarixi siyasi kurs Onun layiqli davamçısı tərəfindən davam etdirilməyə başladı: “Biz, bu günkü dinamik inkişaf və tərəqqimizdə 15 il öncə qazanılmış qələbənin uğurlu nəticələrinin şahidləri olmaqdayq. Lakin o da təsadüfi deyil ki, bəzi Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf və tərəqqi yolunu ölkəmiz çox qısa müddətdə başa qət etdi, siyasi mühitin liberallaşması və demokratikləşmə sahəsində həlledici uğurlara imza atıldı, avrostrukturlara, eləcə də digər mühüm beynəlxalq təşkilatlara inteqrasiya prosesinə inamlı addımlarla qədəmlər qoyuldu. O cümlədən, İlham Əliyev cənabları praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs verdi, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratdı, daxili və xarici siyasətdə çoxsaylı uğurlara imza atıldı”.

“Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də digər sferalarda inkişafı baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir”, deyə vurğulayan siyasi ekspert hazırda Azərbaycanın inkişaf keyfiyyəti istiqamətində daha yüksək mərhələyə daxil olduğunu qeyd edib: “Əlbəttə, bu gerçəklik növbəti dəfə təsdiq edir ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin qətiyyətlə, məharətlə davam etdirdiyi müdrik siyasi xəttə ümumiyyətlə, heç bir alternativ yoxdur. Bu işıqlı, nurlu yol ölkəmizi və xalqımızı daha firavan gələcəyə doğru aparır”.

“Onu da deyərdim ki, geridə qalan tarix və şanlı 15 illik dövr cənab İlham Əliyevin xalqı qarşısında verdiyi vədlərinin məntiqi nəticəsidir”, vurğulayan “SƏS” qəzetinin baş redaktoru həmçinin bildirib ki, məhz 2003-cü ildə qazanılmış möhtəşəm qələbə reallığı və həmin qələbədən sonra aparılan mütərəqqi siyasət faktoru Onun 2008-ci, 2013-cü və nəhayət, 2018-ci ildəki zəfərlərini təmin etmiş oldu: “Diqqət yetirək, bu gün Azərbaycan Avropanın və demək olar ki, beynəlxalq aləmin böyük hissəsinin enerji təminatçısı rolunu oynayır, ölkəmiz həm təşəbbüskar, həm də iştirakçı olaraq, istər regionumuzda, istərsə də sərhədlərindən kənarda ən böyük iqtisadi layihələrə imza atır, Ordumuz dünyanın 50 ən güclü orduları sırasında yer alır, regional və beynəlxalq təhlükəsizlik sistemində Azərbaycanın məxsusi yeri mövcuddur. Bütün bunlar bilavasitə cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, məqsədyönlü və uğurlara söykənən siyasətinin tərkib hissəsidir. Əlbəttə ki, xalqımız bütün bunları görür, alqışlayır və davamlı olmasını arzulayır. Bu baxımdan, hesab edirəm ki, həmin uğurlu proseslərin bu gün də tam sürəti ilə davam etməsi, əslində sabaha olan növbəti qələbələrimizi müjdələyir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə