Qasırğa cənub bölgəsinə ciddi ziyan vurub

Qasırğa cənub bölgəsinə ciddi ziyan vurub

Dekabrın 12-də axşam saatlarından başlayan güclü külək cənub bölgəsində bir sıra fəsadlara səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Mərkəzindən SİA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran, Astara, Biləsuvar rayonlarında küləyin sürəti saniyədə 17 metr, Lerik və Yardımlıda isə 20 metrdən çox olub. Nəticədə bölgənin əksər rayonlarında bəzi evlərin dam örtüyü uçub, elektrik və rabitə təsərrüfatına xeyli ziyan dəyib. Rayon mərkəzləri istisna olmaqla, əksər kəndlərdə elektrik enerjisi və bəzi yerlərdə telefon rabitəsi kəsilib.

Güclü külək Lənkəran rayonunun Biləsər kəndi ərazisində meşə massivində yanğın törədib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məluma görə, ötən gecə saat 23.40 radələrində başlayan yanğın bu gün saat 10.41 dəqiqədə tam söndürülüb.Yanğın nəticəsində 0,7 hektar sahə zərər çəkib. Elektrik təsərrüfatına da xeyli ziyan dəyib.

Lənkəran Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin müdiri Müqatil Yunusovun SİA-ya verdiyi məlumatda deyilir ki, iri gövdəli ağacların aşması nəticəsində 35 min kilovatlıq Lənkəran-Astara hava xətlərində qəzalar baş verib. Lənkəran rayonunun bütün kəndləri işıqsız qalıb. Bu gün saat 10.00 radələrində şəhər mərkəzinin tam və əksər kəndlərə enerjinin verilişi bərpa olunub. Hazırda dəymiş ziyanın dəqiqləşdirilməsi və xətlərin bərpası istiqamətində tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə