Vova Vartanov: “Azərbaycan Ordusu erməni qoşunlarının hərəkət etdiyi, silah sursat daşındığı yolu nəzarətə götürüb”
Azərbaycan Ordusunun işğalçı Ermənistanla cəbhə xəttində, xüsusilə, Naxçıvanda ard-arda əldə etdiyi hərbi zəfərləri erməni siyasi ekspertləri və hərbi mütəxəssisləri tərəfindən də etiraf olunmaqdadır. SİA xəbər verir ki, bununla bağlı Ermənistanın “İrvanuk” nəşrinə müsahibə verən birinci Qarabağ savaşının iştirakçısı, işğalçı ölkənin xüsusi təyinatlı kəşfiyyat-təxribat qrupunun yaradıcısı, eləcə də azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə yadda qalan Vova Vartanov deyib. Erməni diversantının sözlərinə görə, Azərbaycanın Silahlı Qüvvələri demək olar ki, cəbhənin bir çox istiqamətlərində vəziyyətə nəzarət etməklə yanaşı, həm də mühəndis-istehkam işlərini uğurla həyata keçirir və irəliləyir.
“Əslində vəziyyət çox həyəcanlıdır, 100 faiz narahatlıq var”
Naxçıvan cəbhəsi barədə də fikirlərini bildirən Vartanov Ermənistan hakimiyyətinin bu bölgədə vəziyyətin dəyişməməsi barədə irəli sürdüyü iddialarını cəfəngiyat adlandıraraq deyib ki, əslində, Azərbaycan Ordusu orada kifayət qədər irəliləyib, hətta hərbi məqsədlərlə istifadə edilən yollara nəzarəti öz üzərinə götürüb: “Naxçıvan cəbhəsinə nümayəndə heyəti aparanda məni dəvət etmədilər. Onlar yaxşı bilirlər ki, mən onlardan fərqli olaraq, reallığı danışacağam. Bəli, əslində çox vəziyyət həyəcanlıdır, 100 faiz narahatlıq var. Azərbaycan Silahlı Qüvvələri öz mövqelərini irəli çəkdi, lakin bununla yanaşı, Yerevan-Meğri yolunu da nəzarətə götürdü. Halbuki, bu yolu havaya pilotsuz təyyarələr qaldırmadan da artilleriya ilə vurmaq mümkündür”.
“Yəni Azərbaycan Ordusu erməni qoşunlarının hərəkət etdiyi, silah-sursat daşındığı yolu nəzarətə götürüb”, deyə qeyd edən erməni kəşfiyyatçısı bütün bunların ciddi narahatlıq yaratdığını vurğulayıb.
“Azərbaycan Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb”
Vova Vartanov Azərbaycan Ordusunun gələcəkdə böyük masştablı hərbi əməliyyatlara başlaması ehtimalı barədə də danışaraq, Areni kəndinin işğaldan azad edilməsi məsələsinə də toxunub. O, jurnalistin Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda hansı əraziləri azad etməsi sualını cavablandırıb: “Areni kəndini... Lakin mən bunu açıqlayıb narahatlıq yaratmaq istəmirəm. Əgər vəziyyət sakitdirsə, hələ ki problem yoxdur. Hazırda ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə böyük masştablı hərbi əməliyyatlar başlayacaqsa, bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb”.
Erməni kəşfiyyatçı vaxtında tədbirlərin görülməyəcəyi halda Aprel müharibəsində və Naxçıvan cəbhəsində uğradıqları məğlubiyyətdən də acı məğlubiyyətə düçar ola biləcəklərini istisna etməyib və baş verənlərdə Ermənistan hakimiyyətini, yüksək hərbi strukturlarını günahlandırıb: “Birmənalı olaraq, Müdafiə Nazirliyində. Müdafiə Nazirliyi Azərbaycanın istehkam-mühəndis işlərinə barmaqarası yanaşdı. Nəticəsi də ortadadır”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB