Ərdoğanın Bakı səfəri erməniləri qorxuya salıb ANALİTİK

Ərdoğanın Bakı səfəri erməniləri qorxuya salıb ANALİTİK

Hərbi parad faktoru və Türkiyə-Azərbaycan münasibətləri fonundakı siyasi gedişlər düşmən tərəfi düşünməyə və nəticə çıxarmağa vadar edir

Bakının bolşevik-daşnak işğalından azad olunmasına həsr olunmuş hərbi parad və bu paradda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı o cümlədən, verdiyi bəyanatları erməni tərəfinin bu reallıqdan qorxduğunu açıq-aşkar biruzə edib. Məhz Ermənistan mediası bu məsələ üzərində müxtəlif səpgidə yazı və məqalələrlə çıxış edir, əsasən, mövcud olmayan Ermənistan-Türkiyə münasibətləri üzərində fikirlər yürüdürlər. Misal üçün, 1in.am informasiya portalının analitik bölməsində bu mövzuya həsr edilmiş yazıda qeyd olunur ki, mövcud zamanda erməni-türk dialoqu üçün heç bir şərait yoxdur. Belə ki, erməni analitiklərinə görə, Türkiyənin siyasi rəhbərliyi inteqrasiya resurslarına malik deyil və Qərblə kəskin konfrontasiyaya vəziyyətindədir.

Erməni təlaşı: “Yerevan artıq çoxdandır ki, Ankaradan hər hansı siqnalı gözləmir”

Analitik yazıda o da bildirilir ki, erməni-türk münasibətlərinin müsbət yöndə həll olunması üçün “tarixi mümkünlük” 2009-cü ildə yaranmışdı, hansı ki, həmin vaxt bu prioritet beynəlxalq siyasi oyunçuların əlində idi. “Bu gün vəziyyət köklü olaraq dəyişilib və Yerevan artıq çoxdandır ki, Ankaradan hər hansı siqnalı gözləmir”, qeyd edilən analitik şərhdə baş nazir Nikol Paşinyanın Ermənistanın bu məsələdə heç bir şərt irəli sürmədən mövqe nümayiş etdirdiyini də yazıb. Həmçinin bildirilib ki, guya Paşinyanın həmin mövqeyi Türkiyənin müxalifətçi, eyni zamanda siyasi-ictimai dairələrində “müsbət qarşılanıb”.

Lakin buna baxmayaraq, sözügedən yazıda Yerevan tərəfi üçün də erməni-türk münasibətlərinin həll olunması məsələsinin öz aktuallığını itirildiyi yazılıb. “Əgər bir neçə il öncə bu məsələlərə Ermənistanın Avropaya inteqrasiyası kontekstindən baxılırdısa, hazırda vəziyyət erməni-türk münasibətlərinin böhranı çərçivəsndə kardinal şəkildə dəyişili”, 1in.am-ın analitik bölməsində qeyd olunur.

Etiraf: “Türkiyə-Azərbaycan münasibətləri Qarabağ probleminin həll olunması kontekstində əhəmiyyətlidir”

Məhz bu istiqamətdəki fikirləri Türkiyə-Azərbaycan münasibətləri üzərinə gətirən müəllif qeyd edir: “Türkiyə-Azərbaycan münasibətləri eyni zamanda, Qarabağ probleminin həll olunması kontekstində əhəmiyyətlidir. Qarabağ problemində Ankara birmənalı olaraq, Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib”.

“Lakin belə bir vəziyyət həll olunma prosesinə hər hansı təsirə malik deyil”, iddia edilən yazıda digər siyasi tərəfi-Rusiyanı da buraya əlavə edir. Daha dəqiq desək, analitik yazıda Azərbaycanın Türkiyə və Rusiya ilə üçtərəfli görüşləri “separatçılıq” kimi qiymətləndirilir. Bu amil isə Ermənistanın yeni hakimiyyətinin hazırda da anti-Rusiya mövqeyinə malik olduğunu göstərir.

İddia: “2015-16-cı illərdə Moskva Türkiyə və Azərbaycanın məqsədlərinə dəstək göstərib”

Xüsusilə, 2016-cı ilin Aprel müharibəsi önə çəkilir və Rusiyanın həmin müharibədə Azərbaycan üçün “yaşıl işıq” yandırdığı iddia edilir. Hər halda, sözügedən məqalə Nikol Paşinyanın tərəfindən çıxış edən, onun siyasətini dəstəkləyən informasiya portalında işıq üzü görüb. SİTAT: “Digər məsələ budur ki, Ankara və Bakı Qarabağ probleminin həll olunması istiqamətində formata yenidən baxılması və perspektivi üçün Rusiya, Türkiyə və Azərbaycan arasında üçtərəfli separat razılaşmalara gedir. 2015-16-cı illərdə Moskva aşkar şəkildə Türkiyə və Azərbaycanın məqsədlərinə dəstək göstərib ki, bu da 2016-cı ildə Aprel müharibəsinə səbəb olub”.

Digər maraqlı məqam sözügedən analitik yazıda erməni-rus münasibətlərinin soyuması ilə bağlı edilən dolayısı etirafdır. Belə ki, müəllif burada Türkiyə və Azərbaycan tərəflərinin sözügedən məsələdə Ermənistanla Rusiya arasındakı böhrana ümid etdiklərini yazır, eləcə də Bakının əsas benefisear olduğunu iddia edir.

Təskinlik: “Qərbin sanksiyaları Rusiya ilə Türkiyənin manevr etmək imkanlarını zəiflədib”

Başqa tərəfdən, müəllif Ermənistanın hazırkı gündə də Rusiyadan asılı olduğunu, bu asılılığın gələcək illərdə də davam edəcəyini aşağıdakı ifadələrlə etiraf edb: “Lakin biz hesab etmirik ki, yaranmış geosiyasi situasiyada 2016-cı ilin statusu bərpa olunsun. Birincisi, Moskvada belə olan halda ciddi ehtiyatlılıq var ki, bu baş verərsə, Ermənistana təsir qüvvəsini itirəcək, bundan əlavə, Qərbin sanksiyaları Rusiya ilə Türkiyənin manevr etmək imkanlarını zəiflədib. Bundan başqa, onlar (Türkiyə və Rusiya-R.R.) Suriya məsələsində tam şəkildə konsensusa gələ bilməyiblər”.

Beləliklə, özlərinə yuxarıda qeyd edilən müxtəlif və çoxsaylı təskinliklər verən ermənilər bu vasitə ilə müəyyən mənada ictimai rəydə necə deyərlər, “rahatlıq” yaratmağa çalışırlar. Görünür, buna görə Ərdoğanın Bakıda verdiyi mükəmməl bəyanatını “təbliğat xarakterli” adlandıraraq, əslində qorxduqlarını etiraf edirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə