Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurası bəyanat qəbul edib. SİA-nın xəbərinə görə, Avropa İttifaqı (Aİ)-Azərbaycan Əməkdaşlıq Şurası özünün 11 iclasında Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının reallaşmasının sürətləndirməsi barədə qərar qəbul edib: "Avropa İttifaqı və Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının reallaşmasını sürətləndirmək niyyətindədir", - deyə bəyanatda göstərilib. Görüş iştirakçıları Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasətin Fəaliyyət Planının həyata keçirilməsini və Aİ-Azərbaycan əlaqələrinin genişləndirilməsi, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq imkanlarını müzakirə ediblər.

 

Aİ nümayəndələri Azərbaycanda demokratiya, insan hüquqları sahəsində inkişafın davam edilməsinin, Aİ ilə Azərbaycanın Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın genişlənməsini vacib olduğunu önə çəkiblər. Aİ Azərbaycanda demokratik təsisatların inkişafına kömək etməkdə davam edəcəyini bildirib.

 

Eyni zamanda iclasda enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Həmçinin 2006 ilin noyabr ayında imzalanan enerji sektorunda anlaşma memorandumun həyata keçirilməsinin vacibliyi qeyd olunub.

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki hazırki vəziyyət Əməkdaşlıq Şurasının iclasında əsas müzakirə mövzusu olub. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında dialoqun davam etməsini dəstəkləyib və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri nümayəndə heyəti rəhbərləri və Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Astanadakı sammiti zamanı etdikləri son bəyanatları alqışlayıb.

 

Şura iclasında Azərbaycan nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquluyev, Avropa Birliyinə isə Macarıstan Xarici İşlər üzrə Dövlət naziri Jolt Nemets və Aİ genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle başçılıq edib. Görüşdə həmçinin Cənubi Qafqaz üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi Peter Semnebi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə