"Qarşılıqlı səfərlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" MÖVQE-ÖZƏL

"Qarşılıqlı səfərlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" MÖVQE-ÖZƏL

“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət təkcə xarici siyasətlə məhdudlaşmır. Bütün sahələrdə əldə edilən nailiyyətlər, beynəlxalq əlaqələr kifayət qədər önəmli hadisələrlə yadda qalır”. Bu fikirləri SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, son dövrlər həm Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri, həm də digər ölkələrin dövlət başçılarının Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir: “Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, onun yüksək beynəlxalq nüfuza malik ölkə olduğunun əyani sübutudur”.

Dövlət başçısının Xorvatiya səfərinə toxunan baş redaktor söyləyib ki, bu səfər ölkəmizin Avropa üçün nə qədər önəm kəsb etdiyini, qarşılıqlı münasibətlərin daha inkişaf etdirilməsinə Azərbaycana verilən əhəmiyyətin şahidi olduq: “Bütün səfərlərdə ölkələrin mənafeləri qorunmaqla ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində sənədlər imzalanır. Bu səfərlər və dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir. Təbii ki, bunlar ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, iqtisadi inkişafının göstəricisidir ”.

V. Rəhimzadə qeyd edib ki, Azərbaycan prezidentinin xaricə və eləcə də digər dövlətlərin başçılarının ölkəmizə səfər etməsi ölkəmizin dünya birliyinə sürətli. uğurlu inteqrasiyasının göstəricisidir: “ Azərbaycan son illər uğurlu layihələrə imza atıb və bu layihələr çərçivəsində ölkəmiz dünya, beynəlxalq aləmə mühüm töhfələr verməkdədir. Hesab edirəm ki, bu işlər bundan sonra da uğurlu şəkildə davam etdiriləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə