"Türkdilli dövlətlər meqa layihələrdə mühüm rol oynaya bilər" RƏY-ÖZƏL
“Ümumiyyətlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü mühüm hadisədir. Çünki, dövlətlər müxtəlif siyasi, iqtisadi bloklarda birləşməsinə baxmayaraq, öz dilinə inancına millətinə görə bir araya gəlir, mühüm müzakirələr aparırlar”.Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, türkdilli dövlətlərin sammitində müzakirə edilən əsas məsələlərdən biri məhz bu ölkələrin bir-birinə iqtisadi, siyasi, hətta hərbi cəhətdən hansı yardım edə biləcəyi və gələcəkdə birgə keçiriləcək proqramlardır.
Azərbaycan Prezidentinin sözügedən zirvə toplantısında çıxışına toxunan siyasi şərhçi söyləyib ki, dövlət başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə toxunaraq türkdilli dövlətlərə mesaj vermiş oldu: “Prezident İlham Əliyev söylədi ki, Dağlıq Qarabağ problemi Azərbaycan qarşısında bir nömrəli prioritet kimi durur və münaqişənin həllində ölkəmizin bütövlüyünün dəstəklənməsində türkdilli dövlətlərin rolu mühümdür”.
Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, daim Azərbaycanla eyni müstəvidə çıxış etdiyini deyən A. Nağıyev vurğulayıb ki, bu sıraya Qırğızıstan və digərlərini daxil etmək mümkündür: “Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kim türkdilli dövlətləri birləşdirə biləcək mühüm amillərdən biri idman, müxtəlif forumlar və digər sahələr ola bilər. Türk kökəni ilə bağlı nə varsa, türkdilli dövləti birləşdirə bilər”.
Siyasi şərhçi qeyd edib ki, türkdilli dövlətlər meqa layihələrin həyata keçirilməsində də mühüm rol oynaya bilər: “Məhz logistika, daşınmalar sahəsində mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirmək olar ki, bu işdə ölkəmiz də mühüm rol oynaya bilər. Son vaxtlar Bakı-Tbilisi-Qars dəmir yolu, eyni zamanda Beynəlxalq Ələt Limanının tikintisi, TANAP eləcə də müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda ikili hərbi təlimlərin keçirilməsin də türkdilli dövlətlərin birliyi böyük önəm daşıyır. Bir sözlə ifadə etsək bütün regional təhlükəsizliyə təhdidin qarşısının alınmasında bu birliyin rolu əvəz olunmazdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB