Qubad İbadoğlu və tərəfdarları keçmiş partiyadaşlarına qarşı barışmaz mövqelərini davam etdirmək fikrindədirlər
Müxalifət düşərgəsində cərəyan edən ən çox gərginliklərdən və qarşıdurmalardan biri də Müsavat partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) arasındadır. Belə ki, hələ bir neçə il qabaq Müsavat partiyasının sonuncu qurultayında baş verən saxtakarlıqlardan sonra təşkilat sıralarını tərk edən müsavatçıların sonradan başqanlığa eks-namizəd Qubad İbadoğlunun yaratdığı ADR-ə kütləvi şəkildə üzv yazılması hər iki cinahı bir-birinə qarşı barışmaz düşmənə çevirdi və bu düşmənçilik hazırkı zamanda da davam edir. Digər maraqlı məqamlardan biri də budur ki, Müsavatın başıbəla qurultayının nəticələrinin ləğvi tələbi ilə ADR-in bir qrup üzvü hələ də öz iddialarından geri çəkilməyəcəklərini bəyan edirlər. Baxmayaraq ki, artıq müsavatçıların astanasında növbəti qurultay dayanıb.
Qubad İbadoğlu: “Müsavat partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirib”
Misal üçün, Q.İbadoğlu bu günün özündə də qeyri-legitim hesab etdiyi Müsavat rəhbərliyinin ADR-lə qarşıdurmasını hakimiyyətə xidmət (?) etmək kimi qiymətləndirir, hətta zamanı çatanda tarixin onlara divan tutacağını da iddia edir. “Çox təəssüf ki, hazırkı rəhbərlikdə təmsil olunan Müsavat partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə, bizim mübarizəmizin vizyonundan kənardadır”, deyə qeyd edən ADR sədri vaxtı çatanda Müsavatın yürütdüyü yanlış siyasəti üzündən parçalanaraq məhv olacağını da istisna etmir. Əslində, İbadoğluya da bu sərf edir. Çünki istefa verib Müsavatı tərk edənlərin bir müddət sonra ADR-ə transfer olunacağı daha çox real görünür. Çünki adıçəkilən hərəkatın özəyi də sabiq müsavatçılardan ibarətdir. O da əbəs deyil ki, Q.İbadoğlu hələ bir neçə il öncə, Müsavat partiyasının parçalanması ilə bağlı proqnozlarını irəli sürmüşdü. O, “İnanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq”, deyə öz fikirlərini mediaya açıqlamışdı. Əslində, hazırkı məqamda Arif Hacılının başqanı olduğu Müsavatda həmin proses getməkdədir.
Maraqlı nüanslardan biri də Müsvat baqşanının sabiq müavini, hazırda ADR hərəkatı sədrinin müavini, Vurğun Əyyubin da İbadoğlunun fikirlərinə dəstək verməsidir. Əslində, bu gözlənilən idi. Çünki istər Q.İbadoğlu, istər V.Əyyub, istərsə də digərləri zamanında müsavatçılıq ideologiyası istiqamətində necə deyərlər, canlarını qoyan adamlardırlar. Verdikləri əməklərinin bir günün içində - saxta qurultay qərarları sayəsində heçə endirilməsi isə əlbəttə ki, onları “yandırır”.
Əlövsət Sadıqlı: “İnanmıram ki, bu satqınlarda həya olsun”
Digər ADR üzvü, sabiq müsavatçı Əlövsət Sadıqlı isə daha da irəliyə gedərək, hətta zamanında “liderim” dediyi İsa Qəmbəri də oyunbazlıqda suçlayıb və bildirib ki, həm İsa Qəmbər, həm də Arif Hacılı Müsavatın tarixinə saxtakarlıq damğasını vuran satqınlardır. Onun sözlərinə görə, İ.Qəmbərlə A.Hacılının şəxsi mənafelərini partiya və ümummilli maraqlardan üstün tutması problemin partiya daxilində həll edilməsinə imkan verməyib. Sadıqlı bir neçə il öncəki fikirlərini şərh edərkən deyib: "Düşündüm ki, bəlkə, bu adamlar ictimai qınaqdan çəkinib, etdikləri saxtakarlıqların mənfi nəticələrinin aradan qaldırılması istiqamətində təşəbbüs göstərərlər. Ancaq inanmıram ki, bu satqınlarda həya olsun. Çünki Müsavatın tarixinə saxtakarlıq damğasını vuran şəxslər öz hərəkətləri ilə demokratik prinsiplərdən uzaq olduqlarını dəfələrlə təsdiq ediblər və İsa Qəmbər, Arif Hacılı və onların ətrafında olan bir qrup qaragüruhçu dəstə doğru yolu seçmək, etdiklərindən peşman olmaq, Müsavatın üzərinə yaxdıqları qara ləkəni təmizləmək əvəzinə, partiyada saxtakarlığa qarşı çıxan namuslu adamlara satqın damğası vurmaq və onları partiyadan qovmaq yolunu tutublar".
Səxavət Əlisoy: “Arif Hacılı kimi ləyqaətsizlər belə şeyləri anlamazlar”
Vaxtilə İsa Qəmbərin müşaviri olmuş Səxavət Əlisoy da təbii ki, eyni mövqeləri bölüşür. Belə ki, ADR-də müavin postunu tutan Əlisoya görə, Müsavat partiyası siyasi qurum deyil, sadəcə bir dərnəkdir. O, başqan Hacılının heç bir intellektə sahib olmadığını bildirib: “Onlar heç bir zaman ortaya intellektual söhbət qoymayacaqlar. Çünki intellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir".
S.Əlisoy vurğulayıb ki, hələ partiyanın 8-ci qurultayında A.Hacılı saxta yolla başqan seçilərkən deyib ki, o, başqanlıq üçün yaramaz: "Partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti, əsla mümkün olan iş deyil. Ləyaqətsizlərin isə rəy bildirməsinə ehtiyac yoxdur və A.Hacılı kimilər belə şeyləri anlamazlar".
Keçmiş partiya funksioneri, həmçinin A.Hacılıya məsləhət verməyi də unutmayıb: "Ümumiyyətlə, A.Hacılı Müsavata aftoritar rejim tətbiq etmək istəyib. Müsavatdakı mövcud rejim, onsuz da gizli şəkildə orada var idi və indi daha açıq xarakter alıb. Başqan seçildiyi gündən bu günə kimi, A.Hacılının hər hansı bir fikirlərinin əksini deyənlər Müsavat partiyasından uzaqlaşdırılır. Çünki bu şəxs özünü keçmiş SSRİ dövründəki raykomun birinci katibi kimi aparır. Əgər araşdırma aparılarsa, görərsiniz ki, A.Hacılının ətrafında bir nəfər də olsun azad söz, fikir və plüralizmə üstünlük vermir".
Onun sözlərinə görə, bu şəxs demokratiyadan dəm vurur, amma fikir, söz azadlığına görə, özəl fikrini ortaya qoyanları partiyadan uzaqlaşdırmaq haqqında göstəriş verir: "Biz bunu hesablamışıq və bilirik. Yəqin ki, bu proses bütün müsavatçıları ayıldacaq. Görünür, artıq Müsavatda ayılma və oynama prosesi başlayıb. İnanıram ki, yaxın günlərdə A.Hacılını anti-demokratik mövqeyinə görə Müsavatdan qovacaqlar".
Göründüyü kimi, ADR ilə Müsavatın arasında baş verən gərginliyin daha geniş əhatə dairəsinə doğru inkişaf etdiyini deyə bilərik. Bu gərginliyin yaşanması isə ilk növbədə ADR hərəkatına sərf edir. Hər halda, görünən amil də budur...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB