Konvensiyanın imzalanmasında Azərbaycan diplomatiyasının rolu ŞƏRH-ÖZƏL

Konvensiyanın imzalanmasında Azərbaycan diplomatiyasının rolu ŞƏRH-ÖZƏL

“Ötən gün Qazaxıstanda Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanması Xəzəryanı ölkələrin birgə əməkdaşlığı üçün yeni imkanlar açacaq, eyni zamanda, milli sektorlarda standartların müəyyən olunmasına, Xəzərin ekologiyasının qorunması barədə standartların mövcudluğuna gətirib çıxaracaq”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev açıqlamasında deyib.

Bu nəticənin əldə olunmasında Azərbaycan diplomatiyasının rolunun danılmaz olduğunu deyən siyasi şərhçi söyləyib ki, yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin , xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib: “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Konvesniyanın imzalanması ilə Xəzərin həm dibi, həm təbii ehtiyatları və digər layihələr bir başa ölkəmizin iştirakı ilə həyata keçiriləcək”.

Əvvəllər Xəzər dənizinin SSRİ və İran arasında bölündüyün deyən A. Nağıyev söyləyib ki, artıq mövcud olan problemləri Xəzərin sahilində yerləşən 5 dövlət özü həll edəcək.

Ekspert söyləyib ki, Konvensiyanın imzalanması Azərbaycan üçün də böyük perspektivlər açır: “Gələcəkdə həm türkmən qazı həm də digər məsələlər ölkəmizin iştirakı ilə həyata keçiriləcək. Bildiyiniz kimi indiyədək türkmən qazının Xəzərin dibi ilə keçməsi ilə əlaqədar problem var idi. Rusiya buna icazə vermirdi. Artıq Konvensiyanın imzalanması ilə alternativ variant yarandı. Belə ki, türkmən qazı gələcəkdə TANAP xəttinə qoşularaq Avropaya çıxarıla biləcək. Bununla da Türkmənistanla bəzi qaz yataqları ilə bağlı problem öz həllini tapmış olur”.

A. Nağıyev qeyd edib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə su hövzəsində üzən gəmilər, su qurğularının hamısı məhz Azərbaycan və digər Xəzəryani ölkələrin bayrağı altında üzəcək: “Bir sözlə desək Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.

Xəzərin statusu ilə bağlı danışıqların 1996-cı ildən davam etdiyini xatırladan ekspert əlavə edib ki, ümumi maraqlar olmadığı təqdirdə ümumi danışıqların heç bir nəticəsi olmur: “Lakin Azərbaycan diplomatiyasının Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilməsi üçün yüksək fəaliyyəti belə bir tarixi sənədin imzalanmasına səbəb oldu”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə