Paşinyanın arvadı riyakarlıq edir RƏY-ÖZƏL

Paşinyanın arvadı riyakarlıq edir RƏY-ÖZƏL

Qabil Hüseynli: “Anna Akobyan əslində, müəyyən vasitələrlə Ermənistanın işğalçılıq siyasətini dünya ictimai rəyindən azdırmağa çalışır”

Bəlli olduğu kimi. Işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, jurnalist Anna Akobyan ötən ay başlatdığı “Qarabağda sülh təşəbbüsü” adı alltında yenə Moskvaya getməyə hazırlaşdığını deyib. Qeyd edək ki, Anna Akobyan bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq səfər hazırlayırıq. Bu təşəbbüs davam edir"- deyə qeyd edən Paşinyanın arvadı hələ ötən ay Moskvaya etdiyi səfər zamanı "Qadınlar sülh naminə" adlı “vətəndaş təşəbbüsü” başlatdığını bəyan etmişdi.

Xatırladaq ki, “təşəbbüsün” məqsədinin münaqişənin dinc yolla nizamlanmasına yardım etmək üçün müxtəlif sferalarda fəaliyyət göstərən qadınların Dağlıq Qarabağa səfərlərinin təşkil edilməsi olduğunu deyən Anna Akobyan Moskvada bir qrup qadın fəalla görüşündə bu sülh təşəbbüsünü Azərbaycana da çatdırmağı xahiş etmişdi. O, bildirmişdi ki, münaqişənin kökünün nədə olmasının əhəmiyyəti yoxdur, əsas məsələ müharibəyə yox deməkdir. Akobyan azərbaycanlı və erməni əsgərlər arasında fərq qoymadığını da desə də onun sözlərinin səmimiliyi inandırıcı görünməyib. Belə ki, bu dırnaqarası təşəbbüsün ardınca, rəsmi Bakı cavab olaraq bildirib ki, Qarabağda sülhə nail olmağın yolu Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsindən keçir.

Sözügedən məsələlə bağlı SİA-ya münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Anna Akobyanın bu cür çıxışları siyasi artistizmdən başqa bir şey deyil. “Bu məsələnin arxasında siyasi riyakarlıq dayanır”- deyə qeyd edən politoloqa görə, Anna Akobyan əslində, bu kimi vasitəylə Ermənistanın işğalçılıq siyasətini dünya ictimai rəyindən azdırmağa çalışır. SİTAT: “Bu, xüsusilə MDB məkanında siyasi-ictimai fikri azdıraraq, çaşdırmaqdır. Onlar bu yollarla guya ermənilərin sülhpərvər olması haqqında yalançı obrazlar formalaşdırmağa çalışırlar”.

“Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə qadirdir”

“İşğalçı ölkə olan Ermənistan çox gözəl bilir ki, Azərbaycan dövlətinin güclü ordusu var”-deyə qeyd edən Qabil Hüseynli eyni zamanda bildirib ki, Azərbaycanın öz torpağını işğaldan azad etməyə kifayət qədər gücü var: “Yəni Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyə qadirdir. Əlbəttə biz istəyirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh danışıqları yolu ilə həll olunsun. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tezliklə tapar və öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər öz ev eşiyinə qayıdarlar”.

“Əgər bu gün beynəlxalq təşkilatlar istəsələr işğalçı ölkə olan Ermənistana qarşı ciddi addımlar ataraq sanksiyalar tətbiq edə bilərlər”

Politoloq onu da qeyd edib ki, bu gün bütün dünya və o cümlədən, beynəlxalq təşkilatlar çox gözəl bilirlər ki, Ermənistan işğalçı bir dövlətdir: “Bu baxımdan, işğalçı ölkə olan Ermənistan törətdiyi bütün əməllərinə görə layiq olduğu cəzasını çəkməlidir. Əgər bu gün beynəlxalq təşkilatlar istəsələr işğalçı ölkə olan Ermənistana qarşı ciddi addımlar ataraq sanksiyalar tətbiq edə bilərlər. Belə olan halda da Ermənistan törətdiyi bütün əməllərinə görə öz cəzasını çəkərək işğal etdiyi torpaqlarımızı geriyə - bizə qaytaracaqdır. Lakin təəssüf ki, hələlik nə beynəlxalq təşkilatlar, nə də ki, dünyanın güc dövlətləri Ermənistana layiq olduğu cəzanı vermirlər. Ona görə də Ermənistan özünü bu cür sərbəst aparır, yalançı, riyakar və siyasi artistizm fonunda, hətta “birinci ldedi” timsalında bənzər “təşəbbüsləri” ictimailəşdirir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə