Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəklərini söyləyib. SİA-nın məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada davam edən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hökumət və dövlət başçıları zirvə toplantısının ikinci günü çıxış edən işğalçı ölkənin lideri çıxışında Azərbaycanı hədəf alıb. S.Sarkisyanın Azərbaycan Prezidenti İlham Əliyevin dünənki çıxışına cavab xüsusiyyəti daşıyan nitqində Dağlıq Qarabağ probleminə toxunulub. S.Sarkisyan Qarabağ probleminin həlli mövzusunda Azərbaycanın səmimi olmadığını və davamlı olaraq Ermənistanı günahlandırdığını iddia edib. Azərbaycanın mövqeyinin dəyişməməsi təqdirində "Dağlıq Qarabağ Respublikası"nı tanıyacaqlarını söyləyən Sarkisyan bölgədəki problemlərin aradan qaldırılması üçün ciddi iş aparacağına söz verib.
Azərbaycanın hərbi potensialının artmasından uzun müddətdir ki, narahat olan Ermənistan prezidenti Astana sammitində də bu narahatlığı dilə gətirib. Ermənistanın konfliktin hərbi yolla tənzimləməsinə qəti olaraq qarşı çıxdığını deyən Sarkisyan bildirib ki, Azərbaycanın hərbi təcavüzü təqdirində Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan başqa yolun qalmayacağını vurğulayıb. O, ölkəsinin təcavüzkar xislətini bir daha ortaya qoyub: "Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi heç bir gələcəyi yoxdur. Problemlə bağlı qərar Dağlıq Qarabağ insanlarının əleyhinə ola bilməz. Azərbaycanın Dağlıq Qarabağa qarşı hansısa tələblə çıxış etməyə hüququ yoxdur. Azərbaycanın yeganə məqsədi Ermənistana mümkün qədər daha çox ziyan vurmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB