Ermənistanın Rusiyanı qıcıqlandırması DQ münaqişəsinə nə vəd edir? ŞƏRH

Ermənistanın Rusiyanı qıcıqlandırması DQ münaqişəsinə nə vəd edir? ŞƏRH

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Ermənistanın Gürcüstanda NATO təlimlərində iştirakı Rusiyanı qıcıqlandıra bilər”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Ötən gün Gürcüstanın ərazilərinin işğal olunmasının ildönümü olduğunu deyən siyasi şərhçi bunun hamı tərəfindən birmənalı şəkildə qarşılanmadığını bildirib: “Hətta Rusiyanın baş naziri Dmitriy Medvedev iki dəfə bəyanatla çıxış edərək bildirdi ki, əgər Gürcüstan NATO-nun üzvü olarsa, bu çox acınacaqlı nəticə verə bilər. Bütün bunlar onu göstərir ki, quru sərhədində NATO dövlətinin olması belə Rusiya üçün təhdid və təhlükədir. Belə olan halda, Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərində iştirakı etməsi ilə gələcək perspektivlər görünməyə başlayır. Rusiya düşünür ki, əgər bu gün Ermənistan NATO təlimlərinə qoşulursa, demək ki, üzvlüyünə də iddialı ola bilər ”.

A.Nağıyev qeyd edib ki, son vaxtlar Ermənistan Rusiyanı qıcıqlandırmaqda davam edir: “İstər KTMT-nin üzvü, istər digər diplomatik gedişlərdə düşmən ölkənin Rusiyaya qarşı addımlar atması, Azərbaycan üçün qlobal şəkildə müsbət nəticə verməsə də, dolayı şəkildə bu münasibət Ermənistanın danışıqlar masasına əyləşdirə bilər. Ermənistan həm Qərbə, həm Rusiyaya tərəf meyllənməklə mərkəz siyasətini yeritməyə çalışsa da, heç bir nəticə əldə edə bilmir. Bütün bu variantlar avqustun 16-da baş tutacaq mitinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın hesabat xarakterli çıxışına hazırlıqdır. Ermənistanın Gürcüstanda NATO-nun təlimlərinə qatılması Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir göstərəcəyini düşünmürəm. Lakin Rusiya tərəfindən hər hansı təzyiqlər edilə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə