Ermənistan hakimiyyəti dilemma qarşısında ANALİZ

Ermənistan hakimiyyəti dilemma qarşısında ANALİZ

Vahan Şirxanyan: “Serj Sarkisyan həbs olunarsa, təəccüblənməyəcəyəm”

Ermənistanda köhnə sistem təmsilçilərinin həbsləri davam edir. Belə ki, bugünlərdə Masis rayonunun hərbi komissarı, eləcə də digər bölgələrin Serj Sarkisyan dönəmindən qalan şəxsləri həbs edilərək, təcridxanalara göndərilirlər. Xüsusilə, Robert Köçəryanın həbsindən sonra sürətlənən həbslər dalğası artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, Nikol Paşinyan hökuməti köhnə sistemi tamamilə dağıdaraq, qarşısında olan bütün rəqiblərini siyasi meydandan kənarlaşdırmağa başlayıb. Daha dəqiq desək, köhnə sistemdən qalan ən kiçik dövlət qulluqçularını belə bağışlamayan Paşinyan nəhəngləri də “dənləməyə” hazırlaşdığını gizlətmir. Artıq, onun “məxməri inqilab” vasitəsilə devirdiyi Serj Sarkisyanın da həbs etmək planının olması an məsələsinə çevrilib.

“Serj Sarkisyan Ermənistana Robert Köçəıryandan daha çox ağır zərbələr vurub” iddiası

Yeri gəlmişkən, hələ Serj Sarkisyan dönəmində Nork-Maraş silahlı cinayətkar qrupunun üzvü kimi həbs edilmiş müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan da bu məsələ ilə bağlı Ermənistanın Birinci Kanal portalına müsahibə verərək, deyib ki, əgər Sarkisyan həbs edilərsə, bundan təəccüblənməyəcək. SİA xəbər verir ki, Robert Kçəryanın həbsi ilə bağlı fikirlərini erməni portalı ilə bölüşən Şirxanyanın müsahibəsindən bəzi məqamları çatdırmaq istərdik. Belə ki, o Ermənistanda ədalətli hakimiyyətin qurulması üçün bəzən sərt və ağrılı təmizlənmənin aparılmasının vacib olduğunu deyib. “Köçəryan 5 ümumdövlət seçkilərində konstitusiyanı pozub”-deyə qeyd edən Vahan Şirxanyan onun (Köçəryanın) bütövlükdə Ermənistanı ali qanunvericilikdən və konstitusiyadan on il məhrum etdiyini də vurğulayıb: “Qeyri-legitim prezident olmaqla o, dəfələrlə dinc nümayişçiləri dövlətin güc strukturları vasitəsilə terrorizə edib. Əlbəttə ki, onun həbsi doğru qərardır və mən təəccüb hissi keçirmərəm ki, ondan sonra Serj Sarkisyan həbsə məruz qalsın. Çünki onun cinayətləri daha ağır olub və Ermənistan daha böyük itkilərə məruz qalıb”.

Vahan Şirxanyan köhnə sistem nümayəndələrinin həbslərinin vacibliyi barədə danışaraq bildirib ki, onların hər biri cinayətkar rejimin əmr və tapşırıqlarını müqəddəs vəzifə kimi yerinə yetiriblər.

Anti-Rusiya meylləri artır – ermənilər Lavrovun bəyanatından hiddətlənib?

Jurnalistin Robert Köçəryanın “Artsax” qəhrəmanı” olduğunu xatırlatmasına da münasibətini bildirən Şirxanyan deyib ki, əgər onda “dəmir iradə” olsaydı, kresloya və pula bu qədər həvəslənməzdi. Belə ki, Köçəryanın bu ada sahib olması onun cinayətlərini ört-basdır edə bilməz.

Şirxanyan müsahibəsində Rusiyaya qarşı da ittiham irəli sürməyi unutmayıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Köçəryanın həbsi ilə bağlı deyib: “Ermənistanda baş verən hadisələr (həbslər) ölkənin yeni liderlərinin daha öncəki hakimiyyət nümayəndələrini təqib etməyəcəkləri ilə bağlı verdikləri bəyanatlarına ziddir. Moskvada mövcud böhranın həll olunması kompromislər sayəsində həll olunsa da, son günlər baş verənlər pozitiv köklənməni pozur və yeni hakimiyyətin bəyanatlarına cavab vermir”.

Məhz Ermənistanda anti-Rusiya meyllərinin artması fonundan çıxış edən Vahan Şirxanyan Lavrovun bəyanatına qarşı deyib ki, Ermənistanda 20 il boyunca xalqa qarşı baş verən repressiv hadisələr, rejimin talançılığı arxasında Rusiya dövləti dayanıb: “Məhz bu səbəbdən, Rusiya meyilli çoxluq iki dəfə azalıb...”

“DQR”lə münasibətlə pozulur – Köçəryana və Sarkisyana görə

Bu arada, Robert Köçəryanın həbsindən sonra qondarma “DQR”lə Ermənistanın arasında kəskin münasibətlər yaranıb. Daha dəqiq desək, Ermənistanın prezidenti olmamışdan öncə, Köçəryanın “DQR”in “birinci prezidenti” olması önə çəkilib və qondarma respublikanın bir qrup “parlament deputatı” Ermənistanın baş prokurorluğuna müraciət ünvanlayaraq, onun azadlığa buraxılmasını tələb edib. “DQR”in qondarma “parlament spikerinin” mətbuat katibi Anuş Qavalyan öz feysbuk səhifəsində bu barədə yazaraq, Köçəryanın azad edilməsi istiqamətrində işlər aparıldığını gizlətməyib.

Ermənistan hakimiyyəti isə bununla bağlı yenə də Köçəryanı ittiham edərək, onun guya “DQR”-in nüfuzlu şəxslərinə və qurumlarına təzyiq etdiyini deyir.

Ümumilikdə baş verənlər, eləcə də Vahan Şirxanyanın müsahibəsindən də açıq-aydın görünür ki, Nikol Paşinyan hakimiyyəti ciddi dilemma qarşılığındadır. Bir tərəfdən Rusiyanın artan təzyiqləri, digər tərəfdən isə “DQR” in Ermənistan qarşısında qoyduğu tələbləri siyasi böhranı daha da dərinləşdirib. Görünən isə budur ki, yaxın zamanlarda bu böhran daha da dərinləşəcək. Xüsusilə, Serj Sarkisyanın həbsi məsələsinin gündəmə çıxması vəziyyətin çərçivədən çıxmasına səbəb olacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə