“Azərbaycan sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edir" ÖZƏL-ŞƏRH

“Azərbaycan sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edir" ÖZƏL-ŞƏRH

“Hər bir milli iqtisadiyyatın tənzimlənməsi ölkənin iqtisadi institutlarının başlıca vəzifələrindən biridir. Qloballaşan dünyada iqtisadi münasibətlər bu və ya digər formada qarşılıqlı inteqrasiya etmiş olur və belə olduqda milli iqtisadiyyat kimi səciyyələndirdiyimiz iqtisadiyyat da az və ya çox dərəcədə qlobal iqtisadi proselərdən asılı vəziyyətə düşür. Bu hazırki beynəlxalq iqtisadi münasibətlər sisteminin başlıca xüsusiyyətlərindən birdir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı da hazırki inkişaf mərhələsində qlobal iqtisadiyyatla sıx təmasda olan iqtisadiyyatdır və onun idarə olunması da cevik və effektiv idarəetmə tələb edir: “Tutaq ki, nəqliyyat sektorunda hansısa məsələlərin, yükdaşımaların yaxud sərnişindaşımaların iqtisadi tənzimlənməsi həm də həmin sektorun logistikasının idxalı ilə bağlı xərclərin nəzərə alınmasını da tələb edir. Yəni əgər bu gün sərnişindaşımada metronun mühüm vasitə kimi saxlanmasını yaxud hətta onun daha da inkişaf etməsini, yeni xətlərin tikilməsini istəyiriksə mütləq xaricdən yeni avadanlıqlar və tikinti vasitələri almalıyıq, yeni texnalogiyalar əldə etməliyik ki, bu sahə inkişaf etsin. Belə olduqda qlobal bazarda olan iqtisadi şərtlər mütləq milli sektora da təsir edir. Ona görə də qiymətlərin tənzimlənməsi şərtləri yaranır. Hazırda da belə bir vəziyyətlə üzləşmişik və problemin daha böhranlı vəziyyətə çatmaması üçün müdaxiləyə ehtiyac yaranıb və Tarif Şurası da bunu edib.

Əslində hamıya bəlli faktdır ki, Azərbaycan dövləti daima sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edir. Bunun nəticəsidir ki, hətta son qiymət artımından sonra belə Azərbaycanda sərnişindaşıma qiymətləri bütün postsovet məkanında ən aşağı olanıdır. Əgər biz Şərqi Avropa və digər ölkələrlə müqayisə etsək daha böyük qiymətlərlə üzləşmiş olacağıq. Ona görə də bu cür tənzimləmələri iqtisadi zərurət kimi qəbul etmək lazımdır. Dünyanın heç bir yerində heç nə 10 il əvvəlki qiymətə deyil. Ona görə də çevik iqtisadi tənzimləmələri qlobal iqtisadi sistemin zəruri şərtlərindən biri kimi qəbul etməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə