“Jara” festivalı Azərbaycanın təbliği üçün əhəmiyyətli tədbiridir ANALİZ
Bəzi siyasətbazlar bu reallığa qarşı çıxmaqla, ölkəmizin dünyaya haqq səsinin çatdırılmasını istəmədiklərini nümayiş etdirirlər
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Bakıda “Jara” musiqi festivalı keçirilir və bu festivalın mühüm məqamlarından biri də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasıdır. Belə ki, bu festivalda müxtəlif tanınmış yerli və xarici müğənnilər iştirak edərək, necə deyərlər, həm də öz yüksək performanslarını nümayiş etdirirlər. Artıq bəllidir ki, açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk'oza, Qradusı kimi məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.
Lakin ortada digər bir təəssüfedici məqam da var ki, bu da son günlər sosial şəbəkələrdə festivalla bağlı əks kampaniyanın müəyyən dairələr tərəfindən aparılmasıdır. Daha dəqiq desək, “Jara” festivalının mahiyyətindən xəbəri olmayan tərəflərin qaralama kampaniyası aparmaları arxasında söz yox ki, Azərbaycanı istəməyən qüvvələrin də barmağı mövcuddur. Belə qüvvələrə isə “ələkçinin qıl verəni” rolunda Avropadakı milli xainlər, eyni zamanda, radikal müxalifət “liderləri” çıxış edirlər. Buna səbəb olaraq isə erməni əsilli müğənni Zara Mqoyanın da sözügedən festivalda çıxış etməsidir.
Zara bu festivalda məhz Azərbaycan dilində də mahnı ifa edəcək
Ondan başlayaq ki, Zara heç erməni də deyil. O, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürdüdür. Belə olan halda bir müğənnini milli mənsubiyyətinə görə festivalda çıxışının yolverilməz olduğunu iddia olaraq irəli sürənlərin birbaşa ölkəmizin haqq səsinin, tanınmasının qarşısını almaq istəyənlər olduğunu deyə bilərik. Halbuki Azərbaycan bütün dünyada tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə kimi tanınmaqdadır. O cümlədən, Zara bu festivalda məhz Azərbaycan dilində də mahnı ifa edəcək. Təkcə bu amil, ölkəmizin tolerantlığının bariz göstəricisidir.
Monoetnik Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, çoxmilltli ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır
Başqa tərəfdən, monoetnik Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, çoxmilltli ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Bu zaman belə bir sual yaranır: Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır? Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik?
Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar
Əgər Zara Ermənistana səfərlər edib, həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır? Nəyə görə o və digər məşhur sənətçilər Bakıdakı, bölgələrdəki inkişafı görməməlidir?
Bu kimi suallardan nəticə çıxararaq həm də belə qənaətə gələ bilərik ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir və kimsənin şübhəsi olmasın ki, bu gun musiqidə qazanılan uğurlar sabah hərb meydanında davam etdiriləcək. Azərbaycanın son zamanlar əldə etdiyi hərbi uğurları da buna bir sübutdur!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB