Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti Konstitusiya Məhkəməsində parlament seçkilərinin nəticələrinin təsdiq edilməsi ilə əlaqədar bəyanat qəbul edib. ADP-dən SİA-ya verilən xəbərə görə, bəyanatda deyilir: "ADP seçkilərlə əlaqədar apelyasiya və kasasiya mərhələlərində məhkəmələrdə olan çox saylı şikayətlərin araşdırılıb başa çatmasını gözləmədən Konstitusiya Məhkəməsinin 7 noyabr 2010-cu il parlament seçkilərinin nəticələrini bütünlüklə təsdiq etməsini qətiyyətlə pisləyir.
ADP hesab edir ki, müxalifət namizədlərinin, bir çox bitərəf namizədlərin və beynəlxalq müşahidəçilərin seçkilərin nəticələrinin saxtalaşdırılması ilə əlaqədar rəylərinə və elan olunmuş çoxsaylı saxtakarlıq faktlarına baxmayaraq heç bir mərhələdə seçkilərlə əlaqədar qanun pozuntularının obyektiv araşdırılmaması və Konstitusiya Məhkəməsində tələsik təsdiq edilməsi, saxtakarlığın məhz mərkəzləşdirilmiş qaydada və total şəkildə həyata keçirilməsinin sübutu kimi qiymətləndirilməlidir.
ADP həmçinin parlament seçkilərində iştirak etdiyinə və saxtakarlığın qarşısını almağa cəhdlər etdiyinə görə hüquq müdafiəçisi Vidadi İsgəndərov, müstəqil namizəd Bəxtiyar Hacıyev və AXCP-Müsavat blokundan namizəd olmuş Fuad Qəhrəmanlıya qarşı iqtidarın həyata keçirdiyi sifarişli repressiv hərəkətləri pisləyir və bu addımların dərhal dayandırılmasını tələb edir."
İdarə Heyətinin iclasında seçkilərdən dərhal sonra çörəyin və bəzi digər zəruri ərzaq məhsullarının qiymətlərinin qaldırılmasına da münasibət bildirilib və bu addım xalqın bütövlükdə repressiyaya məruz qoyulması kimi qiymətləndirilib, habelə əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi istiqamətində ciddi və real addımların atılmasının zəruriliyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB