Məlum olduğu kimi, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və onun nəzdində Liderlik Məktəbi uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, dünyagörüşünün zənginləşməsinə, Azərbaycan haqqında hərtərəfli biliklər əldə etməsinə, öz hüquqlarını öyrənməsinə və öz həmyaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə 1 dekabr – Ümumdünya AİDS-lə mübarizə günü münasibətilə Liderlik məktəbində tədbir keçirilib.
Tədbirin məqsədi bu ağrılı problemin bir daha diqqətə çatdırılması, ölkəmizdə AİDS-ə qarşı mübarizə istiqamətində görülmüş işlər barədə uşaqların məlumatlandırılması olub.
Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) layihə rəhbəri Arzu Quliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, nazirliyin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı Leyla Məmmədova, Ombudsman Aparatının əməkdaşları, valideynlər və şagirdlər iştirak ediblər.
E.Süleymanova fəaliyyətində digər hüquqlarla yanaşı, AİDS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsinin mühüm yer tutduğunu, bu sahədə UNODC və AİDS-lə Mübarizə Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırıb. Ombudsman Azərbaycanda bu xəstəliyə yoluxmuş 2 mindən çox insanın olduğunu, bu amansız xəstəliyin cavanlaşdığını və artıq uşaqlar arasında da yayıldığını təəssüf hissi ilə qeyd edib.
AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova Azərbaycanda AİDS-dən 318 nəfərin dünyasını dəyişdiyini, ölkə vətəndaşlarının 64 faizinin bu xəstəliyə narkotiklərdən istifadə nəticəsində yoluxduğunu söyləmiş, bu xəstəliklə mübarizə istiqamətində görülən işlər və qarşıda duran mühüm vəzifələr barədə danışıb.
Sonda uşaqların AİDS və bu xəstəliyə yoluxmuş insanların hüquqları ilə bağlı sualları ətraflı cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB