Suraxanı rayonunda cari ilin I yarısının yekunları müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
İclasda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, ölkə əhalisinin yüksək fəallığı şəraitində, mütəşəkkil, şəffaf şəkildə keçirilən, insanların yüksək əhval-ruhiyyə ilə iştirak etdikləri 11 aprel prezident seçkiləri Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin möhtəşəm və inamlı qələbəsi ilə başa çatdı və bir daha təsdiq etdi ki, Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi on beş il ərzində xalqın böyük hörmət və rəğbətini qazanmışdır. Xalqımız növbəti 7 ildə də Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevlə irəliləyəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən İ.Abbasov bildirib ki, dövlət başçısı tərəfindən ölkədə bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülən təşəbbüslər sabitlik, əmin-amanlıq şəraitində reallaşıb, əldə edilən uğurlar ölkəmizi daha da gücləndirib və Azərbaycanın bütün regionlarının inamlı inkişaf dinamikası saxlanılıb.
İ.Abbasov bildirib ki, mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qaraçuxur qəsəbəsində "ATEF Şirkətlər Qrupu" MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar zavodunun açılışı olmuşdur.
Yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək, yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, "Etibarlı" MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanda yerləşən istismara yararsız ikimərtəbəli 16 mənzilli yaşayış binalarının yerində 12 və 14 mərtəbəli, ikigirişli yaşayış binasının tikintisinə başlanılmış və hal-hazırda binanın 2-ci girişinin 12-ci mərtəbəsində tikinti-quraşdırma işləri aparılır, 1-ci girişinin mərtəbələrində dəmir-beton işləri başa çatdırılıb, hörgü və suvaq işləri aparılır.
Hesabat dövrü ərzində Suraxanı rayonunda RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə bir çox ictimai-siyasi tədbir keçirilmiş, dövlət bayramları və əlamətdar günlər qeyd edilmişdir. Ənənəvi olaraq, rayonda əksər ictimai-siyasi tədbirlər Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin imkanlarından geniş istifadə olunmaqla həyata keçirilir. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 90 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, mərkəzin Elektron Kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə rayon məktəbliləri də davamlı tanış olur, mərkəzin imkanlarından faydalanırlar. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilmişdir. Azərbaycanın görkəmli oftalmoloq-alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi rayonda geniş qeyd olunmuşdur.
İclasda Milli Məclisin deputatı Ağacan Abıyev iştirak edib.
Şuranın geniş iclasında çıxış edənlər uğurlara və problemlərə diqqət yetirmiş, qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləmişlər. Sonda rayonun ictimai həyatında və digər sahələrdə fəal iştirakına görə, bir qrup şəxs rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB