Gəncə hadisələri – təfərrüatlar və reallıqlar TƏHLİL

Gəncə hadisələri – təfərrüatlar və reallıqlar TƏHLİL

Güclü və qüdrətli Azərbaycan dövləti, bu dövləti göz bəbəyi kimi sevən, qoruyan xalq faktoru heç vaxt bənzər hadisələrin təkrarlanmasına imkan verməyəcək!

Bəlli olduğu kimi, Gəncə hadisələrinin baş verməsi arxasında üzə çıxan faktlardan biri də həmin hadisələrin daxili və xarici təxribatçı qüvvələrin törətməsidir. Belə ki, ölkənin ikinci ən böyük şəhərinin icra hakimiyyəti başçısına qarşı törədilən sui-qəsd, eləcə də iki polis zabitinin vəhşicəsinə qətli Azərbaycanda sabitliyi pozmağa, vətəndaş itaətsizliyinə və dövlət quruluşuna qarşı terror aksiyası kimi qiymətləndirildi. Söz yox ki, bu hadisələr fonunda xalqın dövlətinin yanında dayanması, dövlətin maraqlarını müdafiə etməsi nəticə etibarilə bəlli qüvvələrin ifşa olunmaları və hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilmələri ilə nəticəsini tapmış oldu. İstər Yunus Səfərovun zamanında həbs edilməsi, istərsə də digər cinayətkarların saxlanılmaları ilk növbədə hüquq-mühafizə orqanlarının operativ fəaliyyətləri nəticəsində baş verdi. O cümlədən, digər qatilin - Rəşad Böyükkişiyevin yeri müəyyənləşdirildikdən sonra saxlanılması istiqamətində aparılmış əməliyyat zamanı silahlı müqavimət göstərməsi və məhv edilməsi də Azərbaycan polisinin qətiyyətli və peşəkar fəaliyyətini növbəti dəfə təsdiqləmiş oldu.

Faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib

Qeyd edək ki, artıq Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatında iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirilldiyi, 11 nəfərin həbs olunduğu da bəllidir. İstintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl R.Böyükkişiyev bütün ailə üzvlərini Gürcüstana çıxarıb. Həmçinin, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Beləliklə, fakt budur ki, ölkədə radikal islamçılara, onların nəzarətində olan və xaricdən gələn təlimatlar əsasında dövlətin hüquqi əsaslarına qarşı sistemli çağırışlar edən, cəmiyyətdə dini, milli ayrıseçkilik toxumu səpməyə çalışan saytlar, eləcə də sosial şəbəkə qrupları bilavasitə Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən tərəflərdən sifarişlər alıb, onları reallaşdırmağa çalışıblar. Lakin onların hər biri qısa zamanda qanun qarşısında cavab verməli olacaqlar.

Heç bir mənfur düşmən ayaq açıb, öz çirkin niyyətini gerçəkləşdirə bilməyəcək.

Artıq ictimai rəy də belə düşünür ki, Gəncə hadisələrinin təkrarlanmaması üçün xalq-dövlət birliyi daha da möhkəmlənməli, vətəndaşlar ayıq-sayıq olmalı, hər hansı bir təhlükə hiss olunarsa, müvafiq güc strukturlarına yardım etməlidir. Məhz belə olan halda, heç bir mənfur düşmən ayaq açıb, öz çirkin niyyətini gerçəkləşdirə bilməyəcək.

Onu da qeyd edək ki, artıq kimin-kim olduğu açıq-aşkar məlum olub. Daha dəqiq desək, Yunus Səfərovu az qala qəhrəman elan edənlər, iğtişaşlar törədib vətəndaş itaətsizliyini təbliğ edənlər, qanuni hakimiyyəti devirərək xaos yaratmağa çalışanlar Avropada qondarma “siyasi dissidentlər” adı altında erməni lobbisinə nökərçilik edənlərdirlər.

Gəncə hadisələri ətrafında bleflər edib, xalqı, ictimai rəyi sərsəm versiyaları ilə çaşdırmağa çalışırlar

Onların qara məqsədləri alınmadıqdan sonra AXCP təmsilçisi, eləcə də “Azadlıq” qəzetinin baş redaktoru, həmçinin “Azərbaycan saatı” adlı separatçı verliş aparıcısı Qənimət Zahid, “qiyamçı səfir” ləqəbi ilə tanınan dövlət düşməni Arif Məmmədov, birbaşa erməni xislətinə məxsus olan Orduxan Bəbirov, o cümlədən, Qurban Məmmədov, Tural Sadıqlı kimi ünsürlər daha da azğınlaşaraq, hətta quduzlaşaraq daxillərindəki vəhşiliklərini daha qabarıq şəkildə sərgiləməyə başladılar. Görünür, bu baxımdan, Gəncə hadisələri ətrafında bleflər edib, xalqı, ictimai rəyi sərsəm versiyaları ilə çaşdırmağa çalışırlar. Ancaq onların bu mənfur niyyətləri də istədikləri nəticələri vermir. Hətta ölkə daxilində onlardan fərqlənməyən bəzi qruplar da var ki, onlar hələ də vəziyyəti mürəkkəbləşdirməyə cəhdlər göstərirlər. Söz yox ki, qısa zamanda belələri də ifşa olunaraq, qanun və xalq qarşısında cavab verməli olacaqlar. Buna isə kimsənin şübhəsi olmamalıdır. Güclü və qüdrətli Azərbaycan dövləti, bu dövləti göz bəbəyi kimi sevən, qoruyan xalq faktoru heç vaxt bənzər hadisələrin təkrarlanmasına imkan verməyəcək. Dövlətimizin düşmənləri bu reallığı qulaqlarından sırğa edib, asmalıdırlar!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə