Azərbaycan nümayəndə heyəti Yaltada Qara dəniz beynəlxalq iqtisadi forumunda iştirak edir

Yaltada (Krım Muxtar Respublikası, Ukrayna) Qara dəniz beynəlxalq iqtisadi forumu işə başlayıb. SİA-nın məlumatına görə, UKRİNFORM agentliyinin xəbərində bildirilir ki, iki gün davam edəcək forumda Ukrayna, Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Yunanıstan, Moldova və Ermənistanın hökumət, işgüzar və ekspert dairələrinin 250-dən çox nümayəndəsi iştirak edir.

Ukrayna Baş nazirinin müavini Viktor Tixonov forumun açılışında bildirib ki, nadir iqtisadi, geosiyasi və humanitar imkanlara malik olan Qara dəniz regionu gələcəkdə Avropa, Yaxın Şərq və Asiya arasında münasibətlərdə mühüm rol oynaya bilər.

V.Tixonov bütövlükdə Qara dəniz bölgəsinin inkişaf perspektivlərini Ukraynanın və Krımın imkanları ilə müqayisəli şəkildə qiymətləndirərək vurğulamışdır ki, Krım Ukrayna üçün strateji əhəmiyyətli regiondur. Krım Muxtar Respublikasının Nazirlər Sovetinin sədri Vasili Cartı Krımı əhalinin həyat səviyyəsinə və iqtisadiyyatın inkişafına görə Qara dəniz regionunun liderlər üçlüyünə daxil etmək məqsədini qarşıya qoyduğunu bildirib.

Forum iştirakçıları son on ildə Krımda iqtisadi vəziyyətin nə dərəcədə əsaslı dəyişməsini, eləcə də nəqliyyat infrastrukturu, energetika, kənd təsərrüfatı, sanatoriya-kurort müalicəsi məsələlərindən başlamış turizmə və Qara dənizin təbii ehtiyatlarının qorunmasına qədər müxtəlif sahələrdə və layihələrdə əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev forumda çıxış edəcəkdir. Nazir həm də bir sıra mühüm görüşlər keçirəcək, danışıqlar aparacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə