“Ümid” yatağı ümidləri doğruldacaqmı? - ARAŞDIRMA

Xəbər verdiymiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda nəhəng qaz yatağının aşkarlandığını bəyan edib. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, "Ümid" adlı bu yataq "Şah Dəniz"dən sonra Azərbaycanın müstəqillik dövründə tapılmış ikinci nəhəng qaz yatağıdır.

SIA-nın verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə Dövlət Neft Şirkətinin rəhbərliyini qəbul edib. ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə görüşdə Xəzərin Azərbaycan sektorundakı bir sıra təbii qaz yataqlarının texniki-iqtisadi göstəriciləri haqqında Prezidentə məlumat verib.

Dövlət başçısı bildirib ki, müəyyən müddətdir ki, Dövlət Neft Şirkəti "Ümid" yatağında kəşfiyyat işləri aparırdı. "Bu da bizim üçün bir yenilikdir. Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Siz bunu yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər. Xəzərdə 1950-ci illərdən başlayaraq bu günə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdirlər. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır. Ancaq bildiyiniz kimi, Sovet İttifaqı dağılandan sonra və ondan əvvəlki illərdə neft-qaz sənayesində tənəzzül başlamışdır. Demək olar ki, biz mövqelərimizi itirməyə başlamışdıq. 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. "Əsrin müqaviləsi"nın, "Şahdəniz" yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək".

Prezidentin sözlərinə görə, "Ümid" yatağının aşkarlanması xüsusi məna daşıyır: "Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Biz 1990-cı illərin əvvəllərində böyük maliyyə imkanlarına malik deyildik. Xarici investisiyalardan asılı idik. Ancaq xarici investisiyaları Azərbaycana gətirməklə milli maraqlarımızı tam şəkildə təmin edə bilmişik. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ölkələrdən biri və bəlkə də birincisi Azərbaycandır. Bu da ümumi neft siyasətimizin əlamətidir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan neftçiləri tərəfindən belə böyük qaz yatağının kəşf olunması nəinki Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb olacaqdır. "Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir. Bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər və icra edilən layihələr artıq dünya qaz bazarına öz təsirini göstərməyə başlamışdır. Bizim şaxələndirilmiş qaz şəbəkəmiz vardır. Dörd qaz kəmərimiz vardır ki, qazımız istənilən istiqamətə nəql edilə bilər və əslində nəql edilir. Əlavə tədbirlər görüldüyü halda bu istiqamətlər üzrə qaz nəqlinin həcmi böyük dərəcədə arta bilər".

İlham Əliyev ölkənin qaz ehtiyatları haqda məlumatlara da aydınlıq gətirib: "Biz bu vaxta qədər tam dəqiqliklə deyirdik ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetr səviyyəsindədir. Əlavə edirdik ki, ancaq ola bilər və çox güman ki, bu ehtiyatlar daha da çox olsun. Bax, "Ümid" yatağının gələcəkdə işlənilməsi bu sözləri bir daha təsdiqləyir. 2 trilyon, sadəcə olaraq, necə deyərlər, çox təvazökar bir rəqəmdir. Biz heç vaxt heç kimə resurslarımız haqqında yanlış məlumat verməmişdik, heç nəyi şişirtməmişdik. Bəlkə, əksinə, biz olan ehtiyatları ehtiyatla qeyd etmişik ki, həmişə dəqiq olaq. Buna görə də sözümüzə beynəlxalq enerji aləmində inam çox yüksək səviyyədədir. Yadımdadır, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatları haqqında birinci xəbərlər göstərirdi ki, 511 milyon ton neft vardır. Hətta mən o vaxt bir az təəccüblənirdim ki, nə üçün 511, belə dəqiqliyi necə bilmək olar?! Ancaq sonra həyat özü onu göstərdi ki, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatları 511 milyon ton deyil, 1 milyard tondan artıqdır. Bir milyarddan artıq 1,5 də, ondan da çox ola bilər. "Ümid" yatağının ehtiyatları haqqında verilən ilkin məlumat əminəm ki, gələcəkdə görülən işlər nəticəsində, düzəlişlərlə tamamlanacaq və dünya miqyaslı yeni qaz yatağının aşkarlanması dünya qaz bazarına müsbət təsir göstərəcəkdir. Azərbaycanın imkanları daha da genişlənəcək, bizim qaz ixracımız daha da artacaqdır. Azərbaycanın qaz ehtiyatları haqqında bəzən dəqiq olmayan, bəzən təhrif edilmiş məlumatlar mətbuatda öz əksini tapır. Əminəm ki, "Ümid" yatağının aşkarlanması bütün bu boş söhbətlərə də nöqtə qoyacaqdır".

ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə: "Ümid" yatağında 200 milyard kubmetr qaz ehtiyatı var"

Hələ sovetlər dövründə Azərbaycan neftçilərinin kəşf etdikləri "Ümid" yatağı barədə danışan Xoşbəxt Yusifzadə deyib ki, bu yataq Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. ARDNŞ öncə üzən qazma qurğularından istifadə etmək niyyətində olub. Lakin sonradan hesablanıb ki, platformadan qazılsa, daha ucuz olar. Lakin təxminən iki dəfə baha alınıb: "Ona görə, bu platforma riskdir. Burada bizim ikinci böyük bir işimiz oldu ki, bu platformanı 6 quyu üçün layihələndirdik. Bunun müsbət cəhəti onda oldu ki, quyunu üzən qazma qurğusundan qazandan sonra çıxıb gedirsən. Amma burada platforma olduğu üçün, indi bir quyudan yaxşı nəticə almaq o deməkdir ki, biz bundan başqa daha 5 quyu qaza bilərik. Qazma prosesi mürəkkəb şəraitdə çətinliklə başa gəldi. Ancaq məqsədə çatdıq, 5-ci horizontu aça bildik. Beşinci horizontun olması o deməkdir ki, burada mütləq 6-cı, 7-ci, 8-ci horizontlar da var. Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən 100 faiz əminliklə deyə bilərik ki, biz burada böyük yataq açmışıq. İndi qətiyyətlə deyə bilərik ki, burada 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı var. Hələlik bu quyudan əldə olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir".

ARDNŞ-nin birinci vitse-prezidenti deyib ki, indi qarşıda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Onun sözlərinə görə, bu quyunun perspektivli olması sübut edir ki, "Babək" yatağı "Ümid"dən iki dəfə böyükdür: ""Ümid"də yaxşı nəticə almağımız o deməkdir ki, "Babək"in perspektivliliyi 2 dəfə artıqdır. Ona görə ki, bu strukturda "Babək" aşağıda yerləşdiyi üçün onun ehtiyatı iki dəfə çoxdur. Yəni, "Ümid"də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, "Babək"də bu, 400 milyard kubmetr olacaq, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi "Ümid" yatağında bizim bir quyumuz var. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılıb. İnşallah həmin quyunu istismara verəndən sonra Sizin köməyinizlə işlərimizi davam etdirərik. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də "Babək"də də işləri özümüz görəcəyik".

Xoşbəxt Yusifzadə bəyan edib ki, əgər Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.

Vüsal Qasımlı: "Ümid" yatağının kəşf olunması Azərbaycanın dünyada təkcə neft yox eyni zamanda təbii qazla zəngin olan dövlət imicini yaratdı"

İqtisadçı ekspert Vüsal Qasımlı "Səs"ə açıqlamasında "Ümid" yatağında qaz ehtiyatının tapılması ilə Azərbaycanın neft və qaz sahəsində ciddiliyini ortaya qoyduğunu bildirərək vurğulayıb ki, bu bir daha sübut etdi ki, rəsmi Bakının verdiyi vədlər ehtimallar üzərində qurulmayıb: "Çünki Azərbaycan tərəfi həmişə qaz yataqları ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirirdi. Məsələn: "Azəri-Çıraq-Günəşli"də 511 mln ton neftin olması bardə fikirlər səslənmişdi. Amma sonradan aparılan kəşfiyyat işləri göstərdi ki, 1 mlrd tondan artıq neft var. Və ya "Şahdəniz" yatağı. Eyniliklə "Ümid" lə bağlı eyni sözləri demək olar. Gələn illərdə növbəti kəşfiyyat quyularının qazılması bu ehtiyatların çoxalmasına gətirib çıxaracaq. Bu ilk növbədə Azərbaycana ciddilik gətirir. Yəni biz boş sözlər və vədlər vermirik".

Ekspert hesab edir ki, "Ümid" qaz yatağındakı uğur Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirməklə əhəmiyyətini artırdı. Avropanın enerji təhlükəsizliyi istiqamətində Rusiyadan enerji asılılğı azaltmaq istəyi, qərbin baxışlarını Xəzər hövzəsinə istiqamətləndirib və məhz bu zəmində Avropanın Azərbaycanla bağlı gözləntilərim də çoxdur. V.Qasımlının fikrincə, Dağlıq Qarabağ münaqişəsinin ətrafında aparılan danışıqların həlledici mərhələyə daxil olması və ATƏT-in Astanada baş tutacaq sammitində bu məsələnin yenidən müzakirəyə çıxarılması ərəfəsində "Ümid" sözün əsl mənasında bizə ümid verdi. Çünki iqtisadi sahədə əldə etdiyimiz dividendlər çox böyük uğurla siyasi müstəviyə daşınır və xüsusən də Dağlıq Qarabağ ətrafında aparılan danışıqlarda bu dividendlərdən mümkün qədər çox istifadə ediləcəyinə ümid verir: "İnanıram ki, iqtisadi müstəvidə əldə etdiyimiz dividendlər ATƏT sammiti ərəfəsində ərazi bütövlüyünün təmin olunmasında öz sözünü deyəcək".

Eyni zamanda "Ümid" yatağının Azərbaycan üçün böyük gəlir mənbəyi olacağını deyən iqtisadçı ekspert vurğulayıb ki, yeni kəşf edilən quyuların hesabına Azərbaycan artıq regionda olan qaz marşrutların dominantlığını təmin edə biləcək: "Çünki "Ümid" yatağında 200 mlrd.kub.m qaz var. Nəzərə alsaq ki, qazdan əlavə 30 mln kondensat var bunun da bazar qiyməti ilə Azərbaycana verəcəyi gəlir 40 mlrd dollar təşkil edəcək. Bu isə hazırki, Azərbaycan dövlət büdcəsindən az qala 3 dəfə çoxdur. Daha bir müsbət nəticə Dövlət Neft Şirkətinin "Ümid" yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmasıdır. Bu zəmində indi daha çox üstünlüyümüz ondan ibarət olacaq ki, biz artıq regionda olan qaz marşrutlarının dominantlığını təmin edə biləcəyik. Buna bir fakt kimi yaxın keçmişdə Xəzəryanı ölkələrin prezidentlərinin Bakıda keçirilən sammitidir. Belə ki, sammit zamanı bu məsələ gündəmə gətirildi və Türkmənistan prezidenti Xəzər dənizini keçməklə Azərbaycan üzərindən Avropaya qaz nəql etmək təşəbbüsü göstərdi. Mən düşünürəm ki Azərbaycan ciddi qaz mənbəyi olacaqsa, onda biz ixrac marşrutları üzrə öz dominantlığımızı saxlayacağıq. Azərbaycan həm "Nabucco"da, "AGRİ" layihəsində həmdə digər ixrac marşurutları, o cümlədən Rusiya və İrana ixrac marşrtlarında sözün əsl mənasında lider mövqesində çıxış edir".

Ekspertin sözlərinə görə, əsas məqsəd coğrafi baxımdan qaz siyasətini diversifikasiya etmək, daha aşağı tariflərlə malik olmaq, qazı mümkün qədər baha satmaq və bu qaz diplomatiyasında əldə etdiyimiz dividentləri siyasi müstəviyə daşımaqdır.

Cümşüd Nuriyev: "Ümid" yatağının kəşf olunmasının indi elan edilməsi həm Avropa dövlətlərinə, həm də ATƏT-in üzvlərinə mesajdır"

"Ümid" qaz yatağı bizi sevməyənlərin, Azərbaycana müsbət yanaşmayanların ümidlərini puç etdi". "Səs"ə açıqlamasında bu sözləri siyasi ekspert Cümşüd Nuriyev "Ümid" yatağının aşkarlanmasının Azərbaycana gətirəcək iqtisadi və siyasi faydalarına münasibət bildirərkən deyib. "Cənab Prezident elan etmişdi ki, Azərbaycanın ehtiyatları böyükdür və bundan gələcəkdə ölkəmizin çiçəklənməsi üçün istifadə edəcəyik", - deyən ekspert bildirib ki, bu sahədə peşəkar hesab olunan dünyanın aparıcı bəzi neft-qaz şirkətləri də buna şübhə ilə yanaşmışdılar: "Ümid" yatağında böyük qaz ehtiyatlarının kəşf olunması Azərbaycana bir sıra dividentlər qazandırır. Təkcə Azərbaycanın imicini yüksəltməklə bitmir, eyni zamanda yeni bir imicin formalaşmasına yardım edir. İndiyə kimi Azərbaycan əgər dünya enerji bazarında nisbətən az rol oynayırdısa, artıq Azərbaycan daha çox enerji resursları olan ölkələrin siyahısına daxil olur və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaq".

Ekspertin fikrincə, müəyyən qüvvələr Azərbaycanın "Nabucco"da iştirakına maneə olurdular: "Artıq Azərbaycan bu layihənin həyata keçirilməsində söz sahibi olacaq. Bu kəmərin tranzit olaraq ərazisindən keçməsinə nail olacaq, Azərbaycanın qaz ehtiyatları kifayət qədər olduğuna görə, bunda Türkmənistan və Qazaxıstan da təbii ki, maraqlı olacaq, həm də öz qazını "Nabocco" ilə ixrac edəcək. Bu Azərbaycanın suverenliyini möhkəmləndirəcək. "Ümid" yatağının kəşf olunması Azərbaycanın dünya enerji bazarında yenidən kəşf olunması kimi qiymətləndirilə bilər".

MDB dövlət başçıları içərisində İlham Əliyevin yeganə peşəkar siyasətçi olduğunu vurğulayan C.Nuriyev bildirib ki, yatağın kəşf olunmasının da vaxtında elanı da peşəkarlıqla bağlıdır: "Bu tarix heç də təsadüfi deyil. Yatağın kəşf olunmasının ilə bağlı elanı 15 gün öncə, ya da bir həftə sonra edilə bilərdi. Bu məsələ məhz Astana sammiti öncəsi gündəmə gətirildi. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan digər bütün addımları atıb. Yatağın kəşf olunmasının indi elan olunması həm Avropa dövlətlərinə mesajdır, həm də ATƏT-in üzvlərinə. Bu eyni zamanda Rusiya üçün də mesajdır".

Qeyd edək ki, uzun müddətdir ki, "Nabucco" layihəsinin reallaşmasına əngəl törədən bəhanələr bununla da puça çıxdı. Qeyd olunurdu ki, Azərbaycanın "Nabukko"-nu doldurmağa yetəcək qədər qazı yoxdur. Lakin təkcə "Ümid yatağında 200 milyard kubm qazın olması bu kəmərin 7 il doldurmağa kifayət edər. Bundan başqa, "Şahdəniz", "Babək" kimi iri qaz yataqlarını də nəzərə alsaq Azərbaycanın Avropaya çox böyük həcmdə qaz ixrac edə biləcəyini görərik.

Beləliklə, Azərbaycan dünyada ən böyük qaz ixracatçılarından birinə çevrilməkdədir. Bu da ölkəmizin beynəlxalq mövqelərini önəmli dərəcədə möhkəmləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə