Rusiyalı ekspertlərin dəstəyi ölkəmizin növbəti qələbəsidir TƏHLİL
Rusiya Qafqaz siyasətində Azərbaycanı daha etibarlı tərəfdaş kimi dəyərləndirir
Rusiyalı politoloqların, ekspertlərin cəbhə xəttinin strateji Lələtəpə yüksəkliyinə, Cocuq Mərcanlıya səfər etmələri təsdiq edir ki, artıq erməni xəyanətləri, yalanları, işğalçılıq siyasəti layiq olduğu qiymətini almaqdadır. Rusiyanın bir sıra ekspertlərinin və azərbaycanlı deputatların iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Azərbaycan - Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi” adlı konfransı isə Ermənistanın geopolitik darmadağın olunması deməkdir. Rusiyada ciddi söz və nüfuz sahibi olan siyasi və ictimai xadimlərin Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşmələri əslində Ermənistanın yeni hakimiyyətinə verilən çox ciddi mesajlarlardır.
Putinə yaxın şəxslərin Cocuq Mərcanlıya səfəri Ermənistanın hakimiyyətinə də, ictimaiyyətinə də ən ağır zərbədir
Bakıdakı möhtəşəm hərbi parad, Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri və bu təlimlərdən bir gün öncə Rusiya ictimai rəyinə təsiri olan nüfuzlu xadimlərin, siyasətçilərin, Putinə yaxın şəxslərin Cocuq Mərcanlıya səfər etmələri və oradan birbaşa «Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları qeyd-şərtsiz azad etməlidir» çağırışları Ermənistanın hakimiyyətinə də, ictimaiyyətinə də ən ağır zərbə hesab edənlər haqlıdır. Çünki, bu səfəri, səfər çərçivəsində keçirilən konfransı özlərinə qarşı Moskva-Bakı birliyi hesab edən ermənilər bunu yeni müharibə hazırlığı kimi dəyərləndirir və haqlı olaraq təşviş içindədirlər. Hətta “Aremnianreport.com” saytı kimi erməni kütləvi informasi vasitələrindəki şərhlər bu təşvişi təsdiq edir. Dumanın deputatı Savelyevin “Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”, “Azərbaycan Rusiyanın strateji müttəfiqidir”, “Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir” və “hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycan ərazisidir” fikirləri erməniləri naraqhat etməyə də bilməzdi.
Konfransın gedişində və sonra rusiyalı ekspertlər kifayət qədər maraqlı açıqlamalarla çıxış ediblər ki, bu da birmənalı qarşılanmayıb. Məsələn, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyevin “Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və Avropa Parlamentinin qərarları, nəhayət, həyata keçirilməlidir” ifadəsinin qarşı tərəfdə rezoans doğurmaması mümkünsüzdür. Yaxud, hakim “Vahid Rusiya” Partiyasından Dövlət Dumasının deputatı Aleksey Yezubovun, “Rusiya və Azərbaycan qardaş və müttəfiq ölkələrdir, biz burada birlikdə, bir yerdə, ittifaqda olmalıyıq” kimi fikirləri, həmçinin deputatın, “Putin, Sərkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş 5 rayonu Azərbaycana qaytarmalıdır və Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir” deməsi əslində ermənilərin yuxusunu ərşə çəkməyə də bilməz.
Rusiyalı ekspert, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin isə təmas xəttinə səfər haqqında danışarkən qeyd edib ki, onların Qarabağa səfəri təsadüfi deyil və Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Duqin həmçinin vurğulayıb ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra “DQR” heç vaxt legitim hesab oluna bilməz və sülhün yeganə rolu Ermənistanın indiki hökumətinin buna real yanaşaraq, razılaşmaya sadiq qalması ola bilər. Məhz bu mövqe Azərbaycan üçün çox dəyərlidir və bu gün Rusiyada bizim mənafelərimizi, haqlı olduğumuzu dilə gətirən ekspertlərin olması çox vacib məsələdir. Həmçinin bu gün Rusiya kimi bölgədə söz sahibi olan bir dövlətdən olan ekspertlərin, siyasi və ictimai xadimlərin Azərbaycanın mənafelərini müdafiə etməsi ölkəmizin uğuru və düşmən üzərində növbəti qələbəsidir. Əlbəttə ki, bu qələbəni doğuran səbəb ölkəmizin siyasi, iqtisadi inkişafı, düzgün strateji inkişaf yoludur. Dolayısı ilə, rusiya artıq qəbul etmək məcburiyyətindədir ki, Azərbaycan daha uğurlu tərəfdaş və müttəfiq olmağa layiq ölkədir. Ermənistanın isə hələ də Rusiyadan, ruslardan istifadə etmək, şəxsi mənafeləri üçün yararlanmaqdan başqa bir niyyəti yoxdur və bu gün Ermənistan Rusiya üçün yalnız əlavə qayğılar yaradan, artıq yükə çevrilmiş bir dövlətdir. Görünür Rusiya çoxdan bezib ermənilərdən və bu erməni hiyləgərliyindən yaxa qurtarmaqda israrlıdır. Həm də Qafqazda inkişaf tendensiyasına sadiq, uğurlu strateji inkişaf yolu seçən, dünya dövlətləri arasında nüfuza, imicə malik Azərbaycan kimi bir dövlətlə müttəfiqliyə Rusiya daha maraqlıdır və Ermənistanın bununla barışmaqdan başqa çarəsi qalmır. Rusiyalı ekspertlərin açıqlamaları əslində bütün bu həqiqətlərin etirafı idi və bu baxımdan onların Lələtəpə yüksəkliyinə, Cocuq Mərcanlıya səfər etmələri, konfrans keçirmələri, konfransda ölkəmizin mənafelərini müdafiə etmələri Azərbaycan üçün çox dəyərlidir.
Rusiyalı politoloqların, ekspertlərin cəbhə xəttinə səfəri Rusiya mətbuatının da diqqət mərkəzindədir
Cocuq Mərcanlıdakı konfransa Rusiya KİV-i də diqqət çəkib və bunu İrəvana xəbərdarlıq mesajı kimi dəyərləndirib. Rosbalt.ru nəşru regionda qüvvələr balansının artıq açıq-aşkar Azərbaycanın xeyrinə dəyişdiyini də gizlətmir. Hətta Ermənistanın Rusiyadan Su-30 SM qırıcıları almağa ümid etdiyini də qeyd edən nəşr ümumi məbləği 300 milyon dollar olan 12 qırıcının ödənişi üçün pulun haradan tapılacağını da istehza ilə vurğulayır. Həm də sual olunur ki, Rusiyadan “gülməli qiymət”ə verilən silahlar hesabına ayaqda duran Ermənistan qərbyönlü hakimiyyətin gəlişindən sonra yenə də ruslara ümud edirmi və Rusiyanın bu yaxşılığı bundan sonra da davam edəcəkmi? Əksinə, indi Rusiya necə deyərlər, “cəza kimi”, yaxud Paşinyanı və komandasını “tərbiyələndirmək” üçün ermənilərə silah verilməsi məsələsində taym-aut götürəcəyi daha inandırıcı görünür. Belə bir şəraitdə Azərbaycan tərəfinin hərbi təlimlərinin hərbi əməliyyatlara çevrilməsi tam reallıqdır və bu da Ermənistanın süqutu deməkdir. Belə görünür ki, ermənilərin özlərinin də söylədiyi kimi Kreml artıq “düyməyə” basıb, yəni qərar verib və Qərbyönlü baş nazir Nikol Paşinyan ayağını “qırmızı xəttdən”dən, yəni cızıqdan kənara qoyan kimi Bakı ilə müştərək plan işə düşüb.
Hərdən elə görünür ki, elə bil Rusiya Nikol Paşinyana təzyiq rıçaqları üzərində işləyir və Rusiya hakimiyyətinə yaxın siyasi ekspertlərin Cocuq Mərcanlıya səfəri sanki, bir növ Yerevana Kreml mesajıdır. Uzun müddət işğalçı Ermənistanda Qarabağ klanının hakimiyyətdə olması, bu klanın ortaya qoyduğu sərt və aqressiv mövqe belə bir fikir formalaşdırmışdı ki, güya İrəvanda hakimiyyətə kənar qüvvələrin gəlməsi Ermənistanın mövqelərində bir qədər yumşalmaya səbəb olacaq. Amma belə olmadı və Ermənistan regionda hələ də əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. Ermənistanın getdikcə artan iqtisadi problemlərində, bu ölkədə sosial-iqtisadi problemlərin daha qabarıq şəkildə özünü büruzə verməsində erməni xalqı baiskar kimi İrəvanda hakimiyyətdə olan Qarabağ klanını görürdü və qurtuluş yolu olaraq heç bir siyasi təcrübəsi, ali təhsili belə olmayan Nikol Paşinyanı hakimiyyətə gətirməyi doğru hesab etdi. Lakin Paşinyanın baş nazir postunu zəbt etdiyi ilk günlərdən sərgilədiyi mövqe, ortaya qoyduğu münasibət erməni xalqına bu dəfə də yanıldığını göstərdi.
Beli çantalı, başı şapkalı nümayişçi baş nazirin davranışları müharibə ehtimallarını artırır və ermənilər yağışdan çıxıb yağmura düşüblər
İndi ermənilər yağışdan çıxıb yağmura düşüblər və Paşinyanın da sərgilədiyi mövqe Qarabağ məsələsinin sülh yolu ilə həllini əngəlləyir və dolayısı ilə bu siyasətin də erməni xalqının başında çatlayacağı şübhə doğura bilməz. Elə siyasi ekspertlər də məhz bu qənaətdədir və onların səsləndirdiyi ifadələr əslində bütün Ermənistana açıq-aşkar bir mesajdır ki, ermənilər özləri də bunun fərqindədirlər. Fərqindədirlər ki, hakimiyyətə gətirdikləri beli çantalı, başı şapkalı nümayişçinin bir baş nazir kimi davranışları Qarabağda müharibə ehtimallarını bir qədər də artırır. Ermənistanın özündə də bunu artıq dərk etməyə başlayıblar ki, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən möhtəşəm parad, eləcə də iyulun 2-dən Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimlərə başlaması Qarabağ cəbhəsində yeni bir müharibəyə zəmin yaradır və artıq İrəvanda belə bir xof yaranıb.
Azərbaycanın artan hərbi təlimləri, buna qarşılıq olaraq isə İrəvanın ortaya qoyduğu şərt, yaxud aqressiv mövqe hərbi əməliyyatların qaçılmaz variant kimi gündəmə gələcəyinə artıq ekspertləri də əmin edib. Qərbyönümlü təcrübəsiz Paşinyan hakimiyyəti öz auditoriyasına hesablanmış mövqeyi və davranışları ilə müharibə ehtimalını hələ də gündəmə daşımaqdadır. Nikol Paşinyanın və onun hakmiyyətinin sərt ritorikasına qarşı Naxçıvan istiqamətində aparılan hərbi əməliyyatlar deyilənləri təsdiq edir və ordumuzun tutarlı cavabı ən layiqli mesajdır. Baş nazir Nikolun hazırkı siyasi kursu regionda ümumi təhlükəsizliyi təhdid edir və onun erməni ordusuna müdafiə və döyüş hazırlığı əmri verməsi daxili siyasi gərginliyi artırmaqla özünün vəd etdiyi islahatlardan yayınması kimi görünür.
Ermənistan ictimaiyyəti əmindir ki, qərbyönümlü baş nazirın səfeh addımları Moskvanın Bakı ilə müştərək planını reallaşdırır
Ermənistanın sosial şəbəkələrində də bu məsələ müzakirə mövzusuna çevrilib və sosial şəbəkə istifadəçiləri düşünürlər ki, Kreml Gürcüstan və Ukrayna kimi Ermənistana qarşı da nəsə hazırlayır. Hətta yazırlar ki, bu, əvvəl də aydın idi, ancaq indi plan heç gizlədilmir də. Ermənistanın sosial şəbəkə istifadəçiləri Cocuq Mərcanlıya Putinin bir dəstə sözçüsünün göndərməsini bunun təsdiqi hesab edirlər.
Həqiqətən də görünür Kreml artıq ermənilərin nazı ilə oynamaq fikrində deyil. Ermənistan ictimaiyyəti qəti olaraq əmindir ki, qərbyönümlü baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı səfeh addımları davam edərsə Moskvanın Bakı ilə müştərək planı reallaşacaq. Bu isə hər zaman Rusiyaya güvənən və arxalanan Ermənistan üçün sonun başlanğıcı deməkdir. Daha doğrusu ruslarla münasibətlərin pozulması və Azərbaycanla Rusiyanın müttəfiqliyi böyük ermənistan xülyasında olanların nəinki xülyasının, hətta bir dövlət olaraq onların özlərinin sonu deməkdir.
Hadisələri təhlil edəndə açıq aydın görünür ki, son illər Rusiyanın Qafqaz siyasətində köklü dəyişikliklər və ciddi irəliləyişlər müşahidə olunur. Həmişə Rusiya-Qafqaz, Rusiya-Türkiyə münasibətlərində diktəedici gücə malik erməni əsilli və yönümlü siyasətçilər tədricən mövqelərini itirirlər. Məhz rusiyalı siyasətçilərin bəyanatlarını Bakıda deyil, birbaşa Cocuq Mərcanlıda vermələri belə göstərir ki, Rusiya Qafqaz siyasətində Ermənistandan hələlik birmənalı şəkildə üz döndərməsə də, onlar hazırda hesaba alınmır və Azərbaycanı daha etibarlı tərəfdaş kimi dəyərləndirilir.
Rusiyalı politoloqların, ekspertlərin Lələtəpə yüksəkliyinə, Cocuq Mərcanlıya səfər etmələri, konfrans keçirmələri və bu konfransda Azərbaycanın xeyrinə səsləndirdikləri fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan və Rusiya mürəkkəb məsələlərin həllində maneəsiz və çətinlik çəkmədən səylərini birləşdirmək iqtidarındadırlar. Nəinki səylərini birləşdirmək iqtidarındadırlar, hətta bu gün proseslər onu göstərir ki, rəsmi Bakı ilə yanaşı Moskva da Qafqazda olan münaqişənin həllində maraqlıdır. Hətta Rusiyanın digərlərindən daha çox bölgədə məhz Azərbaycana marağı da inkar edilə bilməz. Təbii ki, bu, ölkəmizin son illər iqtisadi inkişafı, hər sahədə inkişaf dinamikası, uğurlu strateji siyasəti və mövqeyindən irəli gəlir. Bir sözlə, regionda söz sahibi olan Rusiya kimi bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi ölkəmizin uğurudur. Daha doğrusu bu, yəni, Rusiyalı ekspertlərin Azərbaycanın mövqelərini dəstəkləməsi, ölkəmizin haqlı olduğunu bildirməsi Azərbaycanın işğalçı dövlət üzərində növbəti dəfə qələbəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB