Bolqarıstan mediasından ermənilərə tərs sillə..

Yaxud, bTV-nin Dağlıq Qarabağla bağlı reportajı erməniləri niyə bu qədər narahat edir?
Bolqarıstan mediasından ermənilərə tərs sillə..

Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında geniş materiallar dərc edilib, reportajlar yayımlanıb. Bu media materiallarında Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktına xüsusi diqqət çəkilib və ölkəmizin əhalisinin bir hissəsinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan ədalətsiz müharibənin ağır nəticələri qeyd edilir.

Əlbəttə ki, belə bir həqiqətlərin Bolqarıstan mətbuatında yayılması uzun illərdir ermənilərin apardıqları “məsumluq” təbliğatına çox ciddi zərbə hesab edilməkdədir. Çünki, Bolqarıstan dünənə qədər Avropa İttifaqına sədrlik etmiş qitənin sürətli inkişaf edən ölkələrindən biridir və bu ölkənin ən böyük media qruplarından biri olan bTV-nin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında geniş reportaj yayması həm Bolqarıstan, həm də Avropa ictimaiyyətinin erməni şovinizmi ilə yaxından tanış olmasına şərait yaradır. Bu səbəbdən də, verilişlərə və yayılan materiallara görə Bolqarıstan erməniləri bTV media qrupunun jurnalistinə və televiziyaya qarşı hücuma keçiblər. Onları təhdid edirlər və xislətlərinə uyğun olaraq bütün resurslarını ortaya qoyaraq həqiqətin üzərindən xətt çəkməyə çalışırlar.

Ümumiyyətlə, ermənilərin Bolqarıstanın bTV media qrupunun yaydığı reportaja görə bu qədər böyük təlaş içində olması da səbəbsiz deyildir.

Birinci səbəb bTV-nin özünün nüfuzu və geniş auditoriyası ilə bağlıdır. Yəni, 2000-ci ildə yaradılmış və Bolqarıstanın ilk milli özəl televiziyası olan bTV geniş fəaliyyət diapazonu olan bir media qrupudur. Buraya televiziya, radio, kanallar, dijital platformalar və film çəkilişləri studioları daxildir.

Geniş auditoriyası və Bolqarıstanın media bazarının ən aparıcı üzvü olan, Mərkəzi Avropa Media Qurumlarına daxil olan bTV Çexiyada, Rumıniyada, Slovakiyada, Sloveniyada, Xorvatiyada və başqa ölkələrdə fasiləsiz yayımlanır. Məhz, bu gün də bTV-nin yaydığı bütün informasiyalar, materiallar, reportajlar geniş auditoriya tərəfindən izlənilir, yüksək qiymətləndirilir. Əlbəttə, bütün bunlara görə ermənilər heç bir halda istəmirlər ki, Cənub-Şərqi və Mərkəzi Avropa ictimaiyyəti Ermənistanın Azərbaycana hərbi təcavüzü, onun işğalçılıq və vəhşilik əməlləri haqqında məlumat əldə etsin.

Məhz, ikinci səbəb ondan qaynaqlanır ki, ermənilər uzun illərdir Avropa ictimaiyyətinə sırımağa çalışdığı yalnış, həqiqətdən kənar informasiyaların, məlumatların ifşa olunacağından qorxurlar. Çünki, onlar bu günə qədər özlərini Cənubi Qafqazda “incidilən, məzlum” xalq kimi təqdim etməyə çalışıblar. Amma bTV-nin reportajından sonra bir daha Avropa ictimaiyyəti biləcək ki, bu, həmin ermənilərdir ki Azərbaycanın torpaqlarını işğal ediblər, əhalisini soyqırımına məruz qoyublar.

Bir daha məlum olacaq ki, bugünkü Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri var. Məhz, əsası XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906-cı və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçib. Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması yolu ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılıb və Azərbaycan SSR-in tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunub. 1987-ci ilin axırlarından o vaxt üçün son olaraq Ermənistan SSR-də qalan 250 minə qədər Azərbaycan əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilib. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi "DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında" qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş "Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" qətnaməsi qəbul edilib. DQMV Vilayət Şurasının erməni nümayəndələri və Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun çərçivələrinin birmənalı və kobud şəkildə pozulması deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq normasına uyğun gəlir. Bu qərarlar yalnız və yalnız erməni tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə edərək, 26 noyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" qanun qəbul edib.

1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-Azərbaycan münaqişəsi Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təcavüzü formasını alıb. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olub ki, orada qoca, qadın və uşaq da daxil olmaqla, 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Bunun ardınca 1992-1993-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla bir qismi və keçmiş DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin ərazilərdə yerləşən 890 yaşayış məntəqəsilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin salıb. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, təqribən 20 min nəfər həlak olub, 50 min yaralanıb, yaxud əlil olub, 5 min itkin düşüb, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan tərəfindən tətbiq edilmiş blokadaya məruz qalıb...

Aydındır ki, bütün bu həqiqətlərin Avropa ictimaiyyətinin diqqətinə özlərinin sevdikləri və izlədikləri televiziya vasitəsilə çatdırılması nəticəsində ermənilərin illərlə qurduqları təbliğat ifşa olunacaq və iflasa uğrayacaq. Elə bu səbəbdəndir ki, onlar sistemli və düşünülmüş şəkildə bTV-yə və onun jurnalistinə qarşı çirkin təzyiq kampaniyasına başlayıblar. Amma düşünürük ki, ermənilərin bu cəhdləri nəticəsiz qalacaq və həqiqət bir daha Avropa ictimaiyyəti üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli baxışı təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə