DİM-nin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə müzakirə aparılıb YENİLƏNİB-VİDEO-FOTOLAR
Bu gün Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə üçgünlük konfrans 150-yə yaxın dövlət rəsmisi, eləcə də BMT, vətəndaş cəmiyyəti, gənclər təşkilatları və kütləvi informasiya vasitələri təmsilçisini bir araya gətirib. SİA-nın verdiyi məlumata görə, BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üçün Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) təşkil etdiyi konfransın məqsədi DİM-lər, hədəflər və göstəricilərin prioritetləşdirilməsi və onların yerli şəraitə uyğunlaşdırılmasında Azərbaycanın səylərini dəstəkləməkdir.
Tədbir həmçinin Azərbaycanın 2019-cu ildə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna könüllü milli hesabatın hazırlanmasına da öz töhfəsini verəcək.
Konfransın işinə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai həmsədrlik ediblər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Proqrama qoşulmaqla dünyada bu istiqamətdə göstərilən səylərə qatılıb: "Azərbaycan bu istiqamət üzrə üzərinə düşən vəzifələri yerinə yetirir. Artıq Azərbaycanda indiyə qədər dayanıqlı inkişaf məqsədlərinin cəmiyyətə çatdırılması ilə əlaqədar xeyli tədbirlər həyata keçirib. İndiki şəraitdə dayanıqlı inkişaf məqsədlərinin inkişaf yollarının müəyyənləşdirilməsi və onun milliləşdirilməsi üçün işlər görülür".
Ə.Əhmədov əlavə edib ki, 2030-cu ildə dünya daha inkişaf etmiş olacaq: "Bu sözləri eynilə Azərbaycan üçün də söyləyirəm. İstəyirəm ki, Azərbaycan üçün daha sosial yönümlü cəmiyyət yaransın. Bunun üçün Azərbaycan hökuməti bütün səylərini yerinə yetirir. BMT bizim səylərimizə lazım olan dəstəyi verir".
Qulam İshaqzai bildirib ki, bu konfrans dayanıqlı inkişaf baxımından Azərbaycanda DİM-lərin təşviqi və icrası istiqamətində əldə olunmuş nailiyyətləri və mövcud problemləri müzakirə etmək üçün ən yaxşı yerli və beynəlxalq mütəxəssisləri, eləcə də hökumət orqanları, özəl sektor və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirmək üçün əla fürsətdir.
Onun fikrincə, “fərdi və ümumi ehtiyaclar və imkanlardan daha yaxşı xəbərdar olan yerli icmalar və iştirakçılar 2030-cu il gündəliyinin icrasında ən vacib tərəfdaşlardır.
Üç gün davam edəcək konfransda iştirakçılar Azərbaycan üçün dayanıqlı inkişaf məqsədlərinin sürətləndirilməsi platformaları, dayanıqlı inkişaf məqsədləri üzrə məlumatların təmin edilməsi üçün milli mexanizmlər, dayanıqlı inkişaf məqsədlərinin gender məsələlərinə diqqət yetirməklə həyata keçirilməsi məsələləri müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB