Almaniyanın ölkəmizdəki səfiri qərb bölgəsinə səfər edib

Almaniyanın ölkəmizdəki səfiri qərb bölgəsinə səfər edib

Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellenin Azərbaycanın qərb bölgəsinə səfəri başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, diplomat ilk olaraq Gəncə şəhərində olub. Burada o, şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Mətbuat nümayəndələrinin buraxılmadığı görüş təxminən 1 saat çəkib. Alman diplomat mətbuat nümayəndələrinə səfərin məqsədi, həmçinin şəhər meri ilə aparılan danışıqlar haqqında açıqlama verib.

"Səfərimin əsas məqsədi bölgəni yaxından tanımaqdır. Gəncədə şəhər meri ilə görüşümdə bir sıra məsələlər ətrafında, xüsusən almaniyalı iş adamlarının bölgələrə yönəldilməsi ətrafında fikir mübadiləsi apardıq. Mən bilirəm ki, Gəncədə iri müəssisələr var. İqtisadi inkişaf ölkənizdə olduğu kimi burada da sürətlə gedir. Gələcəkdə yeni layihələr üzərində işləmək olar", səfir deyib.

Qeyd edək ki, Gəncədən sonra səfir Herbert Kvelle vaxtı ilə almanların kompakt yaşadığı Göygöl rayonuna gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə