Erməni inqilabının “çırağı” necə sönür? ANALİZ

Erməni inqilabının “çırağı” necə sönür? ANALİZ

Paşinyanın Qarabağ bəyanatları Ermənistanı daha ağır vəziyyətə doğru sürükləyir

Ermənistanda kritik vəziyyətin daha da dərinləşməsi, quldur Sarkisyan rejimini əvəzləyən naşı Paşinyan sindromu ilə müşahidə olunmaqdadır. “Məxməri inqilab” yolu ilə formalaşdırılan, daha dəqiqi, formalaşdırılması ağır şəkildə gedən yeni hökumətin qurulması prosesi digər nüansları da üzə çıxarır. Çünki fakt budur ki, Nikol Paşinyan uzun illərdir yığılıb qalmış həm siyasi, həm iqtisadi, həm də sosial problemləri həll etmək iqtidarında olmadığını hər addımında nümayiş etdirməkdədir. Xüsusilə, Dağlıq Qarabağ məsələsində onun tərəfindən səslənən “ideyalar” beynəlxalq hüquq normalarının heç birinə cavab verməməklə yanaşı, qondarma “DQR”in danışıqlar prosesinə cəlb edilməsi tələbi ümumiyyətlə, heç bir məntiqə sığmır. Görünür, təcrid olunmuş Ermənistanın daha ağır vəziyyətə sürüklənəcəyindən xəbərsiz olan Paşinyan bunun ağır nəticələrini təsəvvüründə canlandıra bilmir.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqelərini möhkəmləndirməsi bu ölkənin ciddi şəkildə təlaş keçirməyindən xəbər verməkdədir

Məsələn, bir neçə gün əvvəl Naxçıvan istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin öz mövqelərini möhkəmləndirməsi buna ilkin sübutdur. Bu proseslər əsnasında Ermənistan KİV-lərinin son günlər tirajladığı yazılarından, politoloq və ekspert rəylərindən də anlaşılan odur ki, Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqelərini möhkəmləndirməsi bu ölkənin ciddi şəkildə təlaş keçirməyindən xəbər verməkdədir.

Digər tərəfdən, Prezident İlham Əliyevin Ramazan ayı ilə bağlı verilən iftar süfrəsindəki çıxışında Onun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərindən də aydın olur ki, işğalçı ölkənin yeni hakimiyyəti reallığı dərk etməlidir. Əks halda, Ermənistanı daha böyük və acınacaqlı vəziyyət gözləyə bilər.

Paşinyan Azərbaycan Prezidentinin çıxışından tezislər çıxarmalı və ağılla hərəkət etməlidir, əks halda...

Lakin hələlik, Nikol Paşinyan siyasi imitasiya və bleflə məşğuldur. Yəni onun özü də yaxşı bilir ki, danışıqlara Qarabağ separatçılarının da cəlb edilməsi mümkün deyil və təklifi keçməyəcək. Hətta Ermənistanın xarici işlər naziri ilə görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyana ümid yeri qoymayıb. "Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq" deyən Rusiyanın XİN rəhbərinin sözlərindən çıxan nəticə budur ki, Azərbaycan etiraz edirsə Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq.

Beləliklə, görünən budur ki, Paşinyanın hakimiyyəti çox zəifdir və demək olar ki, naşılığı ilə bir tükdən asılı qalıb. Bu baxımdan, o Azərbaycan Prezidentinin çıxışından tezislər çıxarmalı və ağılla hərəkət etməlidir. Mövcud vəziyyət də ona bu diktəni etməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə