Tarixə qızıl hərflərlə yazılan 15 iyun TARİXİ - ŞƏRH

Tarixə qızıl hərflərlə yazılan 15 iyun TARİXİ - ŞƏRH

“15 iyun - Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.

Deputat bildirib ki, bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir: “Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi”.

E. İbrahimov qeyd edib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı xalqın istəyi, tarixin zərurəti idi: “Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə