Fransada nəşr edilən “Ermənistan xəbərləri” qəzeti də Ermənistan ordusundakı özbaşınalıq və qətllərdən yazır
Parisdə fransız dilində gündəlik nəşr edilən "Ermənistan xəbərləri" qəzetinin noyabrın 20-də işıq üzü görmüş nömrəsində Ermənistan ordusunda baş vermiş qətllər barədə məqalə dərc olunub.
SİA-nın xəbərinə görə, qəzet yazır ki, noyabrın 19-dan 20-nə keçən gecə ermənilərin silah gücünə işğal etdikləri Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində yerləşmiş erməni ordusunun əsgərləri arasında atışma olub. İlkin məlumatlara görə, hərbi xidmətə yeni başlamış 18 yaşlı 4 əsgər aldıqları güllə yarasından yerindəcə ölmüş, 4-ü isə ağır yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Məqalədə qeyd olunur ki, Ermənistanın müdafiə nazirliyi atışma zamanı ölən və yaralananların sayını gizlədərək qəsdən az göstərib. Bəzi mənbələr gecə radələrində baş vermiş atışmanı əsil qırğın kimi səciyyələndirmiş və əslində 20-dən artıq erməni əsgərinin qətlə yetirildiyini, 30-dan çoxunun isə yaralandığını bildiriblər.
Həmişə Azərbaycana qarşı iftira və böhtan yaxmaqda olan ermənilər nədənsə bu dəfə həqiqəti yazmağa məcbur olmuş, erməni hərbçilərinin "düşmən" qüvvələr tərəfindən deyil, bir hərbi hissədə xidmət etdikləri yoldaşları tərəfindən öldürüldüklərini qeyd ediblər.
Qəzet hadisənin hansı səbəbdən törədilməsi məsələsinin üzərindən sükutla keçmiş və əlavə şərh verməkdən yayınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB